Azərbaycan tarixi və hapıtlar                         

 

2 milyon ilə yaxın tarixi bir  dövrü keçərək  insan kimi formalaşmaq haqqında həmişə ziddiyətli fikirlər mövcud olmuşdur. Bəzi alimlər  insanın  təkamül nəticəsində, bəziləri isə başqa ehtimallar yürüdərək müasir insanın yaranma tarixini yazır. Təbii ki, hər şey sadədən mürəkkəb, ibtidaidən aliyə doğru hərəkətdədir. Buna da biz inkişaf deyirik. Yaşadığımız planetdə 6 minə yaxın qəbilə, tayfa, xalq və  millət yaşayır. Bunların yaşadıqları təbii və coğrafi şəraiti, iqlimi, təbii sərvətləri həmin insanların yaşamaq uğrunda mübarizəsində mühüm rol oynayır. Bu baxımdan Qafqaz, onun relyefi, şirin su qaynaqları, təbii mağaraları, qida ehtiyatları böyük əhəmiyyət kəsb edir. Ilkin insan məskənlərindən birinin  də Cənubi Qafqazda aşkar olunması bu səbəblərdən irəli gəlir. Həm daş dövrünün bütün mərhələlərinə  və həm də sonrakı dövrlərə  aid Cənubi və şimali Qafqazda kifayət qədər abidə aşkar olunmuşdur. Aşkar olunmuş hər bir abidə əl əməyinin və təfəkkürün məhsuludur. Insan əməklə məşğul olduqca onun təcrübə və vərdişləri artır. Təfəkkür inkişaf edir. Əvvəlkinə nisbətən yenisi daha səliqəli və gözəl olur. Əmək prosesində məqsədyönlü  fəaliyyət yaranır. Yeni əmək cisimləri və əmək vasitələri yaranır. Artıq insan həyatda yaşamaq üçün  özünə yol tapır. Yəni həm vəhşi heyvanlardan və həm də təbiət hadisələrindən qorunmaq üçün  vasitələr tapır.

Birgə yaşayışda insanlar kinetik ünsiyyət vasitələrindən  imtina edərək yavaş-yavaş tək-tək sözlər işlətmişdir. Müəyyən insan birlikləri əşyalara və  davranışlara müxtəlif adlar qoymuşdur. Nəsillər dəyişərək bu sözlər birləşib hər bir qəbilənin ünsiyyət vasitəsi olan dil yaranmışdır. Sonra qəbilədən tayfaya, xalqa, millətə çevrilən insan birlikləri 6 min dili yaratmışdır.

Qafqazın millət kolluğu adlandırılması məhz burda yaşayan çoxlu tayfa, etnik qrup və xalqların mövcudluğundan irəli gəlir.

 

Hapıtların coğrafiyası

 

Albaniya məlum olduğu kimi İskəndərin Şərqə yürüşü nəticəsində yarandı. E.ə. VII əsrin əvvəllərindən Kimmer, İskit, Sak tayfaları (bunlar türklərin I axını idi) Kür-Araz arasında Manna ərazisində məskunlaşdılar. Onlar Qarabağ da daxil olmaqla Sak dövlətini yaratdılar. Şişpapaq Saklar massagetlər də adlanırdı. İgidliklərinə, döyüşkənliklərinə görə onlara ər – yəni igid saklar da deyilirdi.  Ərsak məhfumu da bundan yarandı.

Yaxın şərqdə Assuriya, Manna, Urartu, Midiya müharibələri, işğalları bir sıra tayfaları yerdəyişməyə məruz qoymuşdur.

IV əsrin sonlarında Makedoniyalı İsgəndərin Şərqə yürüşü Arazdan şimalda, şimaldan Dərbəndə, şərqdən Xəzərə (Alban dənizi), qərbdən isə İberiyaya (Alazan çayına qədər) ərazidə Alban dövlətinin yaranmasına səbəb oldu.

Hələ Əhəmənilər dövründə Alban tayfaları vahid bir ad altında birləşmişdilər. Mənbələrin  verdiyi məlumata görə vahid ad altında birləşmiş tayfalar 26 dildə danışırdılar. I əsrdə yaşamış Romalı alim Böyük Pliri Qəbələ şəhərinin Albaniyanın paytaxtı olduğunu göstərir. Coğrafiyaçı Klavdi Ptolomey də hələ o vaxtı Albaniyada 29 şəhərin mövcud  olduğunu göstərir. O, Alban çayı hövzəsində Alban şəhəri, Şamaxı və Qəbələ şəhərlərinin adlarını çəkir.

Adları çəkilənlərin arasında hapıtlar göstərilmir. Yəni cəmi 3-4 tayfanın adını çəkir.

Albanlar, yəni 26 dildə danışanların hamısı Qafqazdilli və türkdilli  tayfalardır.

Bu tayfaların abaraqon olmaları hələ qəbilə  forması dövründə  özlərinə məxsus dilə malik olduğunu göstərir. Və onlar Şahdağ dil qrupunun şaxələrini yaradırlar. Nəzər yetirdikdə isə dillərdə müəyyən yaxınlıqlar hiss olunur. Xınalıq ayrı, Buduq ayrı, Udinlər ayrı, Leglər ayrı, Kadusilər ayrı, Amardla ayrı, Qarqarlar ayrı dildə danışırlar.

Mənbələrin verdiyi məlumatlara görə Albanlar ucaboy, ağbəniz və yaraşıqlı olmuşlar.

Qədim Yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisindən axaraq Kaspiana vilayətinin ərazisindən dənizə töküldüyünü göstərir.

Albaniyada yaşayış məntəqələri də Atropatena və İberiyadakından çox idi. İndiki Ermənistan ərazisi də Albaniyaya aid idi.

Yuxarıda göstərilən və anlayış verilən məlumatlar eyni zamanda Şimali Azərbaycanın yəni Albaniyanın Hapıt etnik qrupuna da aid edilir. Hapıtlar hal-hazırda Quba, Xaçmaz, Rutul, İsmayıllı, Qəbələ, Ağsu, Ağdaş ərazilərində (Zrdabda, Məlikli, Sileyli kəndləri) kompakt yaşayırlar.

Ümumi sayları 50 mindən çoxdur. Ağdaş Ləki stansiyası, Zərdab Məlikli, Sileyli, Qəbələ, Ovuclu, Məlikli, Sileyli hapıtlar artıq öz dillərini itirmişlər, Ağsunun Ovculuları da həmçinin.

Bir məsələ maraqlıdır ki, Hapıtlar Qəbələ ətrafında indiə qədər yaşayırlar.İsmayıllının Hacıhətəmli və Mollaisaqlı sakinləri hapıt dilini unutmurlar. XIX əsrin əvvəllərində Həftəran-Alazan vadisinin qərbində, Göyçay çayının qərb sahilində Məlikli və Sileyli kəndləri, sağ sahilində İmamlı və Gideyli kəndləri onlardan bir qədər cənubda Mollaisaqlı və Hacıhətəmli kəndləri yerləşirdi. VI əsrdə paytaxt Qəbələdən  Bərdəyə köçəndən sonra ola bilsin dildə dəyişiklik olmuşdur. Roma arxivlərində Alban hökmdarları ilə yazışmaların öyrənilməsi Albaniyada  dövlət dilinin dəqiqləşdirilməsinə ehtiyac  yaradır. Tam ehtimal etmək olar ki, bu etnik qrupun Azərbaycanın şimal-şərq ərazisində bu günə  qədər mövcud olması, geniş yayılması və boğaz səslərinə malik olması onun dövlət dili olmasını sübut edər.

1918-ci il mənfur erməni təcavüzü zamanı Gideyli və İmamlı kəndlərinin sakinləri Hacıhətəmli kəndinə köçürlər.

Mollaisaqlı ərazisində 1934-cü ildə Parxomov tərəfindən və 1962-ci ildən Fazil Osmanov tərəfindən aparılmış aqrotexniki qazıntılar həmin ərazinin ta qədim dövrdən yaşayış yeri olduğunu göstərir. 1962-ci ildə kəndin Qoşatəpə adlı yerindən saxsı borular vasitəsilə çəkilmiş bulaq aşkar olundu.

1956-cı ildə hələ birinci bulaq kəndin qərb hissəsindən aşkar olunmuşdur.

Mollaisaqlı kəndinin ətrafında hazıra qədər qorunan 3 qəbristanlıq mövcuddur ki, bunlar orta əsrləri əhatə edir.

Kəndin istənilən yerindən qazıntı aparılarkən  mütləq qəbir və ya saxsı qab aşkar olunur. Bu da uzunmüddətli yaşayış olduğunu göstərir. Həmin abidələrin əksəriyyəti eramızdan əvvəlki və eramızın ilk əsrlərini əhatə etdiyini göstərir.

Mövlud Ağayev,

İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tarix müəllimi

Şərh Yaz