Ləyaqətli dost, bacarıqlı kadr, sədaqətli vətəndaş, işıqlı zəka sahibi          

 

Hər günü, ayı, ili dəyərləndirən, mənalandıran insandır, onun əməlləridir. Yaxşı əməllər, xeyirxah işlər isə  həyatda özündən sonra iz qoymaq deməkdir. Belə əməl sahibləri el-obanın, xalqın yaddaşında əsrlər boyu yaşayır. Bu baxımdan tikilən, qurulan, yaradılan nə varsa, bir nəsildən digərinə yadigardır. Bir xalq bayatısında deyildiyi kimi:

Əzizim bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

Tikmək, qurmaq hər insana nəsib olmur. Bəzən nadir memarlıq nümunələrinə nəzər salarkən nə vaxtsa onları inşa etdirən və bu işdə əməyi olan insanların ruhuna rəhmət, sağdırsa, yaşayırsa var olsun diləyirik.

…Dünyada hər insanın özünün bir tale yazısı var. Aylar, illər ötür və bu aylar, illər insanın ömründə yeni izlər və yeni xətlər qoyur. Heç də hər insanın taleyi və həyat yolu işıqlı olmur. Burada bir bəxt amili də var. Bəzən deyirlər ki, filankəsin yaman yaxşı bəxti var. Həmişə o istədiyinə daha tez nail olur. Bəlkə də bu fikirdə müəyyən qədər həqiqət var. Amma o da həqiqətdir ki, Allah-Təala insana yaxşı bəxt verə bilər. Gərək o adam da əziyyət çəksin, alın təri töksün və istədiyinə zaman-zaman qovuşa bilsin…

Əqidə, əməl adamı, saf ürək, ləyaqətli dost bacarıqlı kadr, sədaqətli vətəndaş, yaxşı qonşu, nümunəvi ailə başçısı olan Hikmət Söhbət oğlu Hümbətov 1959-cu il yanvar ayının birində rayonun Bizlan kəndində dünyaya göz açmışdır. Parlaq xarakterində cəmləşən bütün gözəlliklər, yaxşı dəyərlər, lap uşaq yaşlarında qəlbinə, ruhuna hakim kəsilibdir. O, ləyqətli bir nəslin nümayəndəsidir. Kənd camaatı arasında ad-san qazanan, zaman-zaman gələn nəsillər üçün mənəviyyat, kamillik, müdriklik örnəyi sayıla biləcək, hamının ehtiramla yad etdiyi Söhbət kişinin övladıdır. Söhbət kişi Böyük Vətən Müharibəsi veteranı olub, kəndlərində kolxoz işində çalışıb, əsl xalq adamı kimi yaşadığı el-obada böyük sevgi sahibi olmuşdur.  Atasının təmizliyi – bütövlüyü, ağsaqqallığı, çörəkli olması Hikmət Hümbətovun da mənəvi, daxili aləmində özünə silinməz, əbədi yer etmişdir. Mənə belə gəlir ki, belə daxili uyğunluq övladın ata qarşısında müqəddəs borcudur. Anası Cəmilə xanım da kifayət qədər sayılıb-seçilən xanım olub. Hikmətin gözəl övlad kmi yetişməsində onun da payı çoxdur. (Allah rəhmət etsin).

Hikmət Hümbətov Bizlan kənd natamam – ümümtəhsil məktəbini əla qiymətlərlə bitirib, onun əlaçı olmasında əmisi o vaxtlar məktəbdə dil-ədəbiyyat müəllimi olan Əhmədşah (Allah rəhmət etsin) müəllimin böyük rolu olmuşdur. Bu gün də Hikmət ruhuna dualar oxuyur. Məktəbi bitirdikdən sonra sənədlərini Çingiz İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunun nəzdindəki texnikoma verir, daxil olur. Oranı da fərqlənmə diplomu ilə bitirir.

Hikmətin iki illik hərbi xidməti də Azərbaycana baş ucalığı  gətirir. Müxtəlif millətlər arasında milli dəyərləri özündə yaşadan keyfiyyətləri, vətən naminə həmişə öndə durması ilə seçilir, rəğbət qazanır.

Əsgərlikdən qayıdan kimi ixtisası üzrə 14 nömrəli İsmayıllı Təmir-Tikinti İdarəsində iş icraçısı və mühəndis vəzifələrində çalışır.

Hikmət Hümbətov İsmayıllımızın ictimaiyyətinə yaxşı tanış olan ziyalı insan kimi yetişmişdir. Onun səmimiyyəti, bacarığı və faəliyyəti onu hamıya tez tanıtdırdı. Hikmət bacarıqlı inşaatçı kimi irəli çəkilərək 5 nömrəli Rayonlararası Tikinti idarəsində  iş icraçısı və baş mühəndis vəzifələrində çalışdı.

Ülfət bağladığı peşəsinə sonsuz sədaqət bəsləyən, həyatının mənasını onda görən Hikmət Hümbətov bacarıqlı, tikinti sahəsində yüksək səviyyəyə malik savadlı inşaatçı kimi rayonda hamının diqqət mərkəzinə düşür. Gənc olsa da, iş təcrübəsinə, daxildən gələn yaradıcılıq istedadına maraq göstərənlərin, yaxşı mənada qibtə edənlərin sayı da artır. Kollektiv tərəfindən göstərilən etimad gənc inşaatçıya qol-qanad verir, işinə daha da ürəklə yanaşır, tikintidə yeni metodlara üstünlük verir. Eyni zamanda üzərində çalışmaqla, bir qayda olaraq, həmişə öyrənməyə can atır.

Hikmət Söhbət oğlu Hümbətov  2000-ci ildən İsmayıllı Rayon Mənzil İstismar Sahəsində Baş mühəndis vəzifəsinə təyin edilir. Burada da Hikmət özünü bacarıqlı, tələbkar və öz sahəsini  bilən bir inşaatçı kimi tanıdır. Mənzil İstismarı sahəsində təmir-abadlıq işlərinə rəhbərlik edir. Onun tələbkarlığı  işinə qayğılı, kollektivə bağlı və camaata qarşı həssas olmuşdur.

Hikmət Hümbətov hələ orta məktəbdə oxuduğu zaman ədəbiyyata, söz sənətinə bağlanıb. Dram dərnəklərində iştirak edib. Bir neçə rollarda da hətta böyük səhnədə  milli teatrda, eləcə də başqa səhnələrdə onlarca rollarda çıxışlar etmişdir. O, sənət və səhnə vurğunudur. Böyük qiraətçidir. Mükəmməl şeirlər əzbər bilir. Şən, zarafatcıl adamdır. Yumoru sevir, yumordan yerli-yerində söhbətlər zamanı istifadə edir.

Hazırda Hikmət Hümbətov İsmayıllı rayon Mənzil İstismar sahəsinin rəisi vəzifəsini icra edir. Dövlət və dövlətçiliyə sədaqətlə xidmət edir. Hikmət çox qılıqlı adamdır, adamlarla asanlıqla dil tapa bilir, bu onun savadından, mədəniyyətindən və təmizliyindən irəli gəlir. Geniş informasiyaya malikdir. Çox şeyə maraq göstərir. Tariximizi, şəxsiyyətlərimizi yaxşı bilir, bunları unutmağa qoymur.

Bu günlər onunla həmsöhbət olduq, şirin və səmimi söhbəti hamımızın diqqətini cəlb etdi. Olduqca məlumatlı, zəngin ziyalıdır. Odur ki, çox oxuyur, mütaliə edir, həmişə öz sahəsini öyrənir. Onun haqqında hamı xoş sözlər deyir. Həqiqətən Hikmət ləyaqətli dost, bacarıqlı kadr və sədaqətli  vətəndaşdır. Onunla söhbət etmək, yol yoldaşı olmaq və bir məclisdə əyləşmək çox xoşdur.

Hikmət Hümbətov ləyaqətli ailə başçısıdır, çoxlu mükafatları var. Ən alisi isə camaatın ona sevgisidir, dərin hörmətidir.

Söhbət əsnasında vaxtilə bir yerdə çalışdıqları İsmayıl Tarverdiyev deyir:

– Hikmət Hümbətov qurub yaradandır. Eldə böyük hörməti var. Hikmətə üz tutanlara həmişə əl tutub, köməklik göstərir. Olduqca səmimi adamdır. Hikmət yaxşı dost, bacarıqlı işçidir. Yüksək siyasi düşüncəsi ilə çox işləri yoluna qoymağa qadirdir. Xeyirxah, dosta, tanışa kömək olan, düz insandır. Zarafatcıl, məsələlər çəkən, məsləhət verəndir. Üç övlad, yeddi nəvə sahibidir. Hikmət həmişə hörmətə və ləyaqətə layiqdir.

Uzun illər qonşu olmuş Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Uşaq  və Ailələrə dəstək Mərkəzinin rəhbəri Lətifə xanım Əliyeva:

– Hikmət Hümbətov dövrünün ən əliaçıq və xeyirxah adamıdır. Yaxşı qonşu, gözəl ailə başçısıdır. Qonşular xətrini çox istəyirlər. Çünki, Hikmət bütün xeyir və şər işlərində həmişə başda olur. Xeyirxah olmaqla bərabər dövlətçiliyə sədaqətlidir. Onun xətrini vəzifə adamları da, sadə adamlar da çox istəyir. Vətənə, xalqa bağlı inşaatçıdır. Peşə borcuna daim məsuliyyətlə yanaşır.

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, müğənni Sahibə Abdullayeva:

– Ad günlərimiz eyni tarixdə  olduğu və eyni binada yaşadığımız üçün Hikmət Hümbətovu çox yaxşı tanıyıram. Onun sadəliyi, xeyirxahlığı və nümunəvi qonşu olduğu haqqında saatlarla danışmaq olar. Bütövlükdə səmimi, qayğılı insandır. Şirin və səmimi eloğlumuzdur. Mədəniyyətimizi, dilimizi, sənətimizi çox sevir. Gözəl şeir qiraətçisidir. Bir çox tədbirlərin ssenari müəllifi və aparıcısı kimi də yaddaşlarda qalıb.

Aslan Aslanov iş yoldaşı, təqaüdçü:

– Hikmət Hümbətovu çoxdan tanıyıram. Çoxuşaqlı ailədə dünyaya gəlib. Həyatda çox çətinliklərlə üzləşərək bugünkü günə gəlib çatıb. Onun həyat fəaliyyətinə yaxşı bələdəm. Atası, anası dünyalarını tez dəyişdiyindən böyük qardaşı Fikrətin (Allah rəhmət etsin) himayəsində böyüyüb. Bütün çətinliklərə baxmayaraq insani keyfiyyətlərini öz şəxsiyyətində birləşdirən bu işıqlı zəka sahibi gördükləri işi ilə lazımi mövqe qazanmışdır. O, fəaliyyətini özünə xas tərzdə, ürəklə görür. Hikmətin şən zarafat və yumoru çox güclüdür. O, sazda da gözəl ifalar edir.

Hikmət Hümbətov öz sahəsində nə lazımsa, xalqı üçün edir. O, elinə vəfalı sədaqətli bir ömür yolu keçir. Əsl insan kimi dünyada silinməz iz saxlamaqda bundan gözəl, mənalı həyat yoxdur. Biz də ona yeni-yeni uğurlar arzulayırıq.

Hacıməmməd Məmmədov,

İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri

 

Şərh Yaz