BİR GİLƏ GÖZ YAŞIYLA BİTƏN ÖMÜR “İsmayıllı lövhələri” silsiləsindən. Beşinci yazı

Kəndimi, obamı çox sevirəm. Hər dəfə bura gələndə, gündüz və axşamların alatoranlığında onun daşlı-kəsəkli küçələrini gəzib dolanmaqdan böyük həzz alıram. Ruhən cavanlaşıram. Bu gəzintidən aldığım təəssüratlar, tamaşaçısı olduğum bəzi dünya muzeylərindən aldığım təəssüratlardan daha zəngini görünür mənə. Səhər-axşamın bu çağlarında küçələrdə adamların az olduğundan faydalanıb, hər bir uçub-dağılmış, yeri itmiş, yaxud da yeni tikilmiş yurdlar qarşısında ayaq saxlayıb xeyli xəyala dalır, 50-60 il əvvəl bu yurdlarda yaşayan, şəxsən tanıdığım adamları xəyalən adbaad xatırlayır, canlandırır, ünsiyyət qurur və barələrində bildiklərimi, eşitdiklərimi sanki özlərindən dinləyirmiş kimi, nostalji duyğularıma qapanıram. Elə bu yaxınlarda, payızın uzun gecələrindən, qışın darıxdırıcı günlərindən, yaşın səksəkəli kövrək anlarından sıxılıb, el-camaatımla görüşmək üçün Bakıdan çıxıb, havasını dərdimə dərman bildiyim doğma kəndim Tircana gəlmişdim. Elə oldu ki, həmin gecə gəlişimi gözləyirmiş kimi, qəhətə çəkilib uzun müddətdir yağmayan qar da, mənimlə birgə gəldi kəndə. Uşaq kimi sevinirdim. Çoxdan idi ki, bu cür havalarda kənddə olmamışdım. Yayda “daçniklərin” (kənddə şəhərdə yaşayanları belə alandırırlar) əlindən yer olmayan kənd, indi suyu kəsilmiş dəyirmana bənzəyirdi. Tam sakitlik idi. Ənənəyə sadiq qalıb, kəndimin, qarda üstünə iz düşməyən küçələrini bir daha dolaşmalı oldum. Bəyaz, təmiz, sakit havada hər şey öz aydınlığı ilə görünürdü. Yağmış qarın ağırlığından budaqları yerə dəyən meşələşmiş bir yurd yeri diqqətimi daha çox cəlb etdi. Bura, küçəmizdən bir tin yuxarı olan “Heydərli” yurdu idi. Uşaqlıq, məktəbli illərimin bir çox xatirələri bu yurdla bağlıdır. Məktəbə yaxın olduğundan, “böyük tənəffüs” zamanı həmyaşıdlarım Eldara, Mailəyə qoşulub tez-tez onlara gələrdim. Gəlişimizin məqsədini bilən Manisə nənə, Bəsirə xala tələm-tələsik hərəmizə üstünə şor, bəkməz, yağ çəkilmiş bir parça çörək verib, tez yola salardılar. Bu geniş həyətdə gizlənpaç oynadığımız vaxtlar da, yelləncək asıb şənləndiyimiz çağlar da, hərəkətlərimizdən incik düşüb bir-birimizlə küsü saxladığımız anlar da az olmayıbdır. Kəndin, uşaq səs-küyündən qaynayıb-qarışan ən abad məhlələrindən biri idi Heydərli məhləsi. İndi isə, kəndin bir çox həyət-bacalarında olduğu kimi, bu həyət-baca da qış olduğundan sükuta qərq olmuşdu… İnşallah çox keçməz ki, yenə yaz gələr, keçmiş qələbəliklər təzədən bərpa olunar. Mən bu xəyallarda ikən, keçən əsrin 60-cı illərində dünyasını dəyişən Manisə nənəni bu yurddan son mənzilə yola salarkən, yadıma onun taleyi ilə bağlı eşitdiyim ibrətamiz bir xatırlama düşdü.
Göz açıb bağlı-bağatlı, iki mərtəbəli, uzun eyvanlı yurdda yaşayan böyük bir ailə başçısı Manisə nənəni tanıyanda, o, əlinə çəlik alıb güclə yeriyən, əldən-ayaqdan düşmüş bir el ağbirçəyi idi. Bu həyətdə hamı – böyükdən kiçiyə qədər ona “Ana” deyərdi, xüsusi nəvaziş göstərilərdi. Bir sözü iki olmazdı. Qonşuluqda, kənd-kəsəkdə təşkil olunan məclislərin başında oturdurulardı. İlk sözü də, son sözü də, o deyərdi. Hər sözü bişirib-düşünən, yersiz danışmayan, çox şeyə baş qoşmayan, heç kəsə qovuşmayan, nadir hallarda gülümsəyən, tənhalığa can atan sakit, həmişə duyğulu görünən, mülayim, xanım-xatın bir arvad idi Manisə nənə. Harada otursaydı, nimdər-yastığı da ora aparılardı.
İllər ötdü. Manisə nənəyə İlahidən ayrılan ömür payı sona yetdi. Bu xəbəri eşidib bildikdə, vida mərasiminə qatılan adamlardan biri də mən oldum. Xalçaya bükülmüş cənazəni çiynimizə qaldırıb qəbristanlığa yola düşmək istəyəndə, mafadan bərk-bərk yapışıb onu buraxmaq istəməyən, son dərəcə yanıqlı, uca səslə ağlayan bir qadın səsi eşitdim. O: ”Doqquz oğullu ana idin, indi özgələr çiynində gedirsən…” deyib, hönkürtü ilə elə ağlayırdı ki, başqaları da eşitdikləri bu yanğıdan sarsılıb kövrəlirdilər. El adətinə uyğun olaraq Manisə nənənin 3-ü də, 7-si də verildi. Adamlar seyrəkləşəndə, imkan tapıb Yaltadan gəlmiş, uzun müddət əlaqəmiz olmayan, həmyaşıdım, dostum və sinif yoldaşım Eldara yaxınlaşdım. Ona nənəsinin ölümü münasibətilə başsağlığı verdim. Hal-əhval tutduq. Birdən, mafanı qucaqlayıb acı göz yaşları ilə ağlayan o qadın yadıma düşdü, onun kimliyini soruşdum. Eldar qolumdan tutub məni nəhəng, qollu-budaqlı tut ağacının kölgəsindəki oturacağa tərəf çəkdi. O, dərin sarsıntı içərisində idi. “Nənəmin neçə gündür can verdiyi xəbərini eşidib gəlmişəm. Çatan kimi onun buzlaşmış soyuq əllərini ovuclarım içərisinə aldım, bir çəngə yumağa dönmüş bədənini qucaqladım, büzüşmüş üz-gözündən, qırışlı alnından öpdüm. “Ana”-deyib özümü tanıtmaq istədim ona. Onun günlərdan bəri bir nöqtəyə zillənən açıq gözlərinin çuxurlu oymalarına bir gilə yaş süzüldü. Kilidlənən, yapışıq dodaqları arasından güclə eşidiləsi bir səslə “Ba…ba… ” deyib, elə o andaca boynunu yana əydi, oymalarda mirvari tək parıldayan göz yaşları iz buraxaraq, qulağının dibindən süzülüb yastığına hopdu. Manisə ana məni müharibədən qayıtmayan, son hecasını dilinə gətirə bilmədiyi oğlu Babakişiyə bənzətmişdi, elə buna bənd imiş ki…”-deyib, Eldar hönkürdü.
Eldar, Manisə nənənin mənə məlum olmayan, keşməkeşli həyatını təfərrüatı ilə danışdı. Öyrəndim ki, demə, mənim böyük bir ailə başçısı kimi tanıdığım Manisə nənə, heç bir yazıçının, heç bir jurnalistin qələmə alıb təsvir edə bilməyəcəyi, dərdli-ələmli bir ömür yaşayıbdır. Onu son mənzilə yola salanlar arasında nə övladları, nə də nəvələri yox imiş. Orada mərhuma ən yaxın adam elə Eldarın özü imiş. O da, Eldarın atası Seyidbaba tərəfindən. Manisə nənə Seyidbabanın əmisi Həsənin arvadı olubmuş.
Çox dərinliklərə getmirəm. Manisə nənənin talei barədə mərhum dostum Eldardan və görüb-bilən yaşlı insanlardan eşitdiklərimi, bildiklərimi ümumiləşdirərək, çox-çox illərdən sonra, soyuq bir qış gecəsinin soyuq bir otağında oturub, bir qəzet səhifəsinə sığmayan hekayəti qısaca olaraq qələmə almalı oluram. Manisə nənə ata-anasının sevimli, yeganə, bircəcə qızı olubmuş. 14-15 yaşlarına çatanda, yeniyetmə Manisə, qənirsiz gözəlliyi, ağılı və kamalı ilə başqalarından seçilərmiş. Onu çox igidlər, çox ailələr özlərinə gəlin etmək istəsələr də, atası qızını yaxşı tanıdığı, el içində böyük hörmət və izzət sahibi olan 3 oğullu Heydər kişinin Həsən adlı oğluna ərə verir. Toylarını da o vaxtın məşhur aşıqlarından olan, böyük rus şairi Lermontova “Aşıq Qərib” dastanını nəql edən, adlı-sanlı qocaman el sənətkarı Aşıq Oruc edibmiş… Gəlninin ard-arda dünyaya gətirdiyi neçə-neçə oğlan uşaqlarından fərəhlənən Heydər baba, 1907-ci ildə torpaq sürüşməsindən batan Köhnə Tircan, indiki əraziyə köçürüləndə, o da başqaları kimi yurd tutub oğlanları Həsəni, Mirzəni, Hüseyni, böyüməkdə olan nəvələrini nəzərə alaraq, uzun, ikimərtəbəli bir ev tikir. Bir şəhər kimi qaynayan həyətdə xoşbəxt günlər başlanılır. Uşaqların sayı artdıqca nənələrin də, babaların da, ata-ananın da sevincləri yerə-göyə sığmazmış. Lakin, ömrü az olur bu xoşbəxt günlərin. Ermənilər 1915 və 1918-ci illərdə kəndə iki dəfə hücum çəkirlər. Hər iki halda kənd başdanbaşa yandırılır, kəndə qaça-qaç düşür. Birinci qaçaqaçda (1915) Manisə nənənin 2 yeniyetmə oğlu öldürülür. İkinci qaçaqaçda isə (1918) kənddən qətlə yetirilmiş 360 nəfər adam (onlardan 300-ü kişi, 40-ı qadın, 20-si uşaq olubdur) arasında Manisə nənənin müxtəlif yaşlarda olan daha 3 oğlu olubmuş. Qaynatası Heydər babanın gözləri çıxarılır, qaynı Hüseyn (Eldarın babası) diri-diri doğranılır. Ümumiyyətlə, dünyaya 9 oğul bəxş edən Manisə nənənin digər övladlarının talelərindən müfəssəl məlumatım olmasa da, bir onu deyə bilərəm ki, sağ qalmış yeganə oğlu Babakişi də İkinci Dünya müharibəsinə getmiş və o da geri dönməmişdir. Elə bil Ulu Yaradan Manisə nənəyə göz, qulaq, dil bəxş edəndə, sanki bu bədən orqanları Manisə nənəyə yalnız öz faciələrini görmək, eşitmək və onları öz dili ilə nalə çəkib için-için ağlamaq üçün veribmiş. Manisə nənə yaralı marala dönür. Yarasından axan qanı kimsə görməsin deyə, içərisinə sovurur. Talei ilə barışmasa da, bir dəfə də olsun dərdlərini dilə gətirib onu ağlayan görməmişdilər. Bütün baş verənlərə sinə gərib dözümlülüyü, cəsarəti, mətinliyi, mərdliyi ilə tab gətirdi Manisə nənə. 2-ci Dünya müharibəsi və sonrakı aclıq-səfalət illərində bütün qaynı uşaqlarını, qaynı arvadlarını, qocalıb əldən düşmüş qaynanasını bir dam altında toplayır, mehrini onlara salır, onlarla nəfəs alır, onlara himayədarlıq edir. Yaşı yüzdən ötmüş qaynanası Anaxanımı, doğmaları Mirzəni, Naziləni, Mələki, Seyidbabanı, Dursunu, Bəsirəni, Şimranı, İmranı, Nailəni, Kamiləni, Xalidəni, Mailəni, Eldarı, Ənvəri, Hüseyni, Yanvarı və başqalarını qanadları altına alıb, bir yumruq kimi bu gün “Heydərli məhləsi” kimi tanınan bir məhlənin ocağının sönməsinə imkan vermir. Özünü hamıya 9 oğul dağı görmüş ana kimi yox, 9 oğullu ana kimi tanıtdırır. Əksər insanlar son günlərinə kimi Manisə nənənin yaşadığı bu faciələrdən xəbərsiz olublar, hamı onu bu ailənin əsl nənəsi kimi tanıyıblar, mənim kimi. Bu gün, Heydərli nəslinin davamçılarından olan Emnə xanımın, Heydər və Talıb qardaşlarının, dünyalarını dəyişmiş Eldarın, Ənvərin, Hüseynin, Yanvarın, Hafizin çoxsaylı övladları, habelə Manisə nənə ocağının hərarətini, sevgisini yaşadan, təbliğ edən Mələk, Tamilla, Təranə xanımlar, onların törəmələri, Manisə nənənin əziz xatirəsini böyük ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.
Tircanda Manisə nənənin ömür səlnaməsinə bənzər həyat sürmüş insanlar, həyat norması kimi qəbul edilən gözəl adət və ənənələr ta bineyi-qədimdən mövcuddur və bu gün də yaşayır. Belə adamların sayı kifayət qədərdir. Onlardan Məhmədallı nəslindən olan Qəməri, Kimyəni, acar qızı Annanı, Sürmə bibini, Malikə qarını, Kövsər qarını, Əhməd bəyin qızı Qüreyşi, kişilərdən Müzəffəri, İsaqulunu, Molla nəvəsi Mustafanı, Ədil babanı, Xələf oğlu Salmanı, Salamı, Zəkəriyyə oğlu Abdulu, tağılı Əmrulla kişinı və bir çoxlarını misal çəkmək olar. Bu insanlardan bir çoxu böyük ehtiyac içərisində yaşasalar da, tapdıqları son tikələrini belə, yetim-yesirlə bölüşərdilər, sağlıqlarında öz ehsanlarını özləri vermişdilər. Bu sıraya “Bəhərin Güldəstəsi” kimi tanınan xanımın adını bilərəkdən əlavə etmədim. Ədalət naminə, insanlıq xatirinə ayrıca danışmaq istəyirəm Güldəstə xala barəsində.
Fəhlə-kəndli inqilabı ilə hakimiyyətə gəlmiş sovet rejiminin ən qanlı səhifəsi 1930-cu illərdə olubdur. Bu illərdə millətmizin 30 min say-seçmə ziyalıları, mütərəqqi fikirli oğul və qızları qətlə yetirilmiş, Sibirin, Orta Asiyanın adam yaşamayan çöllərinə gedər-gəlməzə göndərilmişlər. Bu siyahıda onlarla tircanlı da olmuşdur. Onlardan biri də Bəhər kişidir. O, əkinçiliklə, maldarlıqla məşğul olan, siyasətdən başı çıxmayan, savadsız, halal zəhməti ilə ailəsini güclə dolandıran rəncbərin (əkinçi) birisi olubdur. Kolxoz (kollektivnoye xozyaystvo – kollektiv təsərrüfat) yaradılanda, öz şəxsi təsərrüfatından könüllü olaraq ora neçə-neçə heyvan verənlərin birincisi Bəhər kişi olubdur. 5 nəfəri az yaşlı uşaq olmaqla 8 nəfərlik böyük bir ailənin gündəlik təlabatını ödəmək üçün saxladığı 2 baş inəyini də aparmağa gələn yerli hökumət nümayəndəsinə öz etirazını bildirəndə, səhərisi gün o, rayon milis idarəsinə çağırılmış və oradaca onu “xalq düşməni” elan edərək, “kolxoz quruluşuna mane olan” adam kimi Nargin adasına sürgünə göndərirlər. Bu, Bəhər kişinin həyatının elə kritik anları idi ki, bir il öncə ömür-gün yoldaşı Gülxanım 5-ci övladını dünyaya gətirərkən, əvvəlcə özü, 2 ay sonra isə körpəsi ölmüşdü. Ən kiçiyinin 2 yaşı olan 4 uşaqlı bir ailənin ağırlığı ana nənələri qoca, xəstə Çərkəz qarının üstünə düşür. Çıxılmaz vəziyyətdə qalan Bəhər kişi, sorağını eşidib uşaqlarına analıq etməyə razılıq verən Mücü kəndindən olan Güldəstə adlı qadınla yenicə ailə həyatı qurmuşdu. Evlənmələrindən heç bir il ötmür ki, Bəhər kişi tutulur. Ərinin harada saxlandığından xəbərdar olan Güldəstə xala, qaynı Səmədi yanına alıb, dəfələrlə Bakıya getsə də, onun aqibətindən bir daha məlumat ala bilmir. Qohum-əqrabadan uzaq, özgə, qərib, yad bir kənddə, ağır ailə şəraitində yaşayan, dünyaya uşaq gətirməyən Güldəstə xalanın gələcək taleyi onun qohum-qardaşını narahat etməyə başlayır. Bunu qeyrət-namuslarına kəsirlik bilirlər. Günlərin birində qohum-qardaş cəm olub Güldəstə xalanı Mücüyə aparırlar. O, cəmi iki gün tab gətirib qala bilir Mücüdə. Üçüncü gün qohum-əqrabasına ağlayıb yalvarır ki, onu bir müddətə, iki günlük azuqə ehtiyatı ilə qoyub gəldiyi ailəyə qaytarsınlar. Elə də edirlər, özü də necə, iki at yükü taxıl və digər ərzaqla birlikdə! Güldəstə xalanın qayıdışından bir qədər sonra qaynanası Çərkəz qarı vəfat edir. Daha sonra isə 2-ci Cahan müharibəsi başlayır. Güldəstə xalanın son ümidi olan qardaşları da müharibəyə aparılır. Odur-budur Bəhər xala taleyi ilə barışıb, artıq isnişdiyi, onu “Ana” – deyib çağıran Sumanı, Yusifi, Fatmanı, Həsəni bətnində bəslədiyi doğma balası kimi heç vaxt tərk etməyəcəyinə qərar verir. Hər birini həyatda evli-eşikli, xoşbəxt mövqe sahibi edir. Bütün şüurlu həyatını, sağlamlığını nəinki onlara, habelə onlardan əmələ gələn bütün nəvə-nəticələrinə qurban verməli olur. Yüksək insani keyfiyyətə, həssas qəlbə, incə duyğuya, gözəl qonşuluq münasibətinə, mərdi-mərdanəliyə, doğruluğa, düzgünlüyə malik olan Güldəstə xala ümumkənd məhəbbəti qazanır. O, özünü Tircanda heç vaxt yad, kimsəsiz sanmadı. Kəndin ən mötəbər nüfuz sahibi olan ağsaqqalları, ağbirçəkləri onu özlərinə “bacı” bilib hörmət etdilər.
Dünyanı nizamlayan, düzənləyən gözəgörünməz sahibi var. Övladlarından üçünün ailə qurmasında bilavasitə Güldəstə xalanın əli olsa da, kiçik oğlu Həsən ipə-sapa yatmayan tərsin birsi olub. Anasının özünə gəlin seçdiyi qızları bəyənməzdi, hərəsində bir eyib tapardı. Həsən özünə qız seçimində anasından sərbəstlik istəyir. Həyatın pis üzünü görmüş Güldəstə xala, oğlunun kefinə dəyməyib onunla razılaşır. Günlərin birində, hər gün iş üçün Xankəndinə gedib-gələn qaraqabaq Həsənin çöhrəsində anası bir sevinc, bir məmnunluq, bir ayazıma hiss edir. Özünü görməməzliyə vurur Güldəstə xala. Axırda Həsənin özü məsələni açıb tökməli olur. Xankəndində bir qızın ürəyinə yatdığını söyləyir. Qızın uzaq kənddən olduğunu öyrənəndə, qəribliyin nə olduğunu bilən Güldəstə xala oğlu ilə razılaşmaq istəməyir. Həsən isə “didəm nə didəm” deyib israr edir ki, alsanız odur, almasanız heç kəs! Neçə gün küsü saxlayır anasından. Nəhayət Güldəstə xala əlacsız qalıb, qonşusu Mülük, Cəbrayıl, qayınları Həbib, Səməd kişilərlə məsləhətləşir, şofer Bərxudanın QAZ-53-ü ilə elçiliyə gedirlər. Əyri-üyrü kənd yolları ilə şütüyən maşın irəlilədikcə, Güldəstə nənənin urəyi qəşş eləyib yerindən çıxmaq istəyir. Birdən, mindikləri yük maşını ləngər vurub bir darvaza ağzında dayanır. Güldəstə xala gözlərinə inanmır. Bura onun İllərlə olmadığı Mücü kəndində yaşayan bacısının evinin darvazası idi. Həsənin bir könüldən min könülə vurulduğu Almaz xanım, bu evdə yaşayırdı…
Güldəstə xalanın fədakarlıqla böyüdüb ərsəyə çatdırdığı hər bir övladı, hər bir nəvəsi, onun qürur mənbəi, həyatdakı sevincli günlərinin sayı idi. Hər biri haqda bir kitab bağlamaq olar. Bu sevinclər içərisində ikisi daha çox müstəsnalıq təşkil edir. Bunlardan birincisi, oğlu Həsənin xoş bir təsadüflə bacısı qızı Almaz xanımla, ikincisi isə nəvəsi Mərdan bəyin oxşar taleli qonşu Manisə nənənin nəticəsi Təranə xanımla ailə qurması idi. Elmdə amil, əxlaqda kamil, ədəb və nəzakət timsalı olan bu ailə hər iki ailənin ən gözəl xüsusiyyətlərini mənimsəyib bu günümüzdə yaşadırlar. Bu xoşbəxt ailənin Ruslan və Lalə adında iki övladları var. Ruslan bəy Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını və İtaliyanın Milan Memarlıq Akademiyasını bitiribdir. Gözəl ailə başçısıdır, Zeyn adlı oğlu var. Lalə xanım isə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirməklə Cahid, Ömər, Almina və Rəfael adında dörd gözəl-göyçək balaların anası olmaqla fərəhlənir. Hər iki övladın qohum olduqları ailələr alicənab, yüksək intelektə mənsub olan ailələrdir. Bu gün Almaz xanım, Emnə xanım, Mərdan bəy, Təranə xanım balalarının, nəvələrinin, nəticələrinin fərəhindən qürur hissi keçirirlər. Biz də onlara qoşulub mayası nəcib duyğularla, halal zəhmətlə yoğrulmuş bu ailəyə daha böyük uğurlar diləyirik. Vaqif Məmmədov, AJB üzvü, Tircan kəndi