“DAĞ ÇİÇƏKLƏRİ”     

         

İsmayıllı

 

İsmayıllı rayonunun 90 illiyinə

 

Doğma yurdum, canımsan,

Gözümsən, İsmayıllı.

Tarixlərə sığmayan

Sözümsən, İsmayıllı.

 

Allı-güllü çağlarım,

Bağçalarım, bağlarım.

Dərələrim, dağlarım,

Düzümsən, İsmayıllı.

 

Canım Azərbaycanda

Mirvarisən hər yanda.

Çiçəklənən Şirvanda

Yazımsan, İsmayıllı.

 

Dağların ətəyində,

Bal kimi pətəyində.

Vətənin ürəyində

Özümsən, İsmayıllı.

 

Qoynunda səadətim,

Şərəfim, ləyaqətim.

Hər haqqım, həqiqətim,

Düzümsən, İsmayıllı.

 

Ululardan yadigar,

Qalır yurdlar, qalalar…

Şərəfli tarixin var –

İzimsən, İsmayıllı.

 

Başın üstdə al bayraq…

Hər şəhid bir zirvə, dağ.

Qazin, əsgərinlə ağ

Üzümsən, İsmayıllı.

 

Sənsən mənə şərəf-şan,

Verərərəm yolunda can.

Düşmənə şax dayanan

Dizimsən, İsmayıllı.

 

Hər yaşı dada-dada,

Döndün şirin övlada.

Nə yaxşı ki, dünyada

Bizimsən, İsmayıllı!

Nazir Ziya Talıstanlı

 

 

İlhamım mənim

Azərbaycan Respublikasının Prezidentinə

 

Azəri yurdunun doğma oğlusan,

Ey dahi rəhbərim, İlhamım mənim!

Xalqımın gözündə hey ucalırsan,

Ey dahi rəhbərim, İlhamım mənim!

 

Zəfərlər çalınır əməllərinlə,

Güclüdür ordumuz hünərlərinlə.

Vətən gülüstandır pak əllərinlə

Ey dahi rəhbərim, İlhamım mənim!

 

Heydər yadigarı, ey ulu rəhbər,

Səndə var cəsarət, səndə var hünər.

Çağırışınla xalqı etdin səfərbər,

Ey dahi rəhbərim, İlhamım mənim!

 

Günbəgün ucaldın elin gözündə,

Möhkəm oldun əməlində, sözündə.

Qüdrətli rəhbərsən dünya üzündə,

Ey dahi rəhbərim, İlhamım mənim!

 

Günəşlə yanaşı, durursan qoşa,

Xeyirxah əməlin yetişsin başa.

Aşıq Cavid deyir, yaşa, min yaşa,

Ey dahi rəhbərim, İlhamım mənim!

Aşıq Cavid Əmiraslanov

 

Qar yağır

 

Qar yağır dağlara, qar yağır düzə,

Meşəyə, talaya, gecə, gündüzə.

Qar yağır illərdir könlümdə bitən,

İlahi baxışa, bir mələk üzə.

Qar yağır dilimdə ilişib qalan,

Şirin bir nəğməyə, ilıq bir sözə.

Səpilir çaylara, ümman dənizə.

Gözümdən süzülən yaşa qar yağır,

Torpağa qar yağır, daşa qar yağır.

Ömrün payızına, qışa qar yağır!

Yağsın, yağır yenə, yağacaq əlbət,

Dayanıb önümdə ömrümün qışı.

Yüz ildir, min ildir, bilmirəm bəlkə,

Bəlkə milyon ildir könlümün yaşı!

Bir onu bilirəm çiyinlərimdə,

Yenə daşıyıram dəyirman daşı.

Borana baxmıram, qışa baxmıram,

Ötən illərimə, yaşa baxmıram.

Gedirəm işıqlı ümidə sarı,

Köçürüb könlümə qışda baharı.

Bəyaz zirvələri, qarlı dağları.

Yazıram şeirimi, nəğmələrimi.

Göylərdən ələnib, yerdə bitirəm,

Bu günü sabaha bəlkə yetirəm.

Bir mələk donunda enir qəlbimə,

Yağır misra-misra buludlarımdan.

Arzumu, eşqimi qanadlandırır,

Doğulur sevdalı umudlarımdan!

Qar yağır sərçənin qanadı üstə,

Oxuyur nəğməsin qaratoyuqlar.

Eh, dünya belədir, il fəsil-fəsil.

Hər yağan qarın da gözəlliyi var.

Mənim könlüm yanır, qarsıyır ürək,

Od tutur sağ əlim, yanır sol əlim.

Bilmirəm bahara, yoxsa payıza,

Elə bu boranlı qışa güvənim.

Qoy yağsın üstümə bəyaz sevdalar,

Donsun barmaqlarım, buzdan, şaxtadan,

Hələ olmayıbdır məni bu qədər,

Tərtəmiz sevdayla alıb-aldadan!

Murad Məhərrəmov

 

Gedirəm

 

Təbim köklədikcə duyğularımı,

Əriyib gedirəm, axıb gedirəm.

Ağrımı, acımı, yanğılarımı,

Kövrək misralara yaxıb gedirəm.

 

Bu göylər bürünüb süd qoxusuna,

Əllərin, tellərin hanı, ay ana?

Bir az da aşağı enibdir səma,

Üstünə bir ulduz taxıb gedirəm.

 

Uzaq bir ünvana gecikən günəm,

Duyğusu həqiqət, yuxusu çinəm.

Ay mənim bəxtimə ilişən sənəm,

Sənin də qolundan çıxıb, gedirəm!

Cəbrayıl Hüseyn

 

Qoy payızın kölgəsində gizlənim

 

Bu çinarın rəngi niyə saralıb?

Yarpaq olum budağında düzlənim.

Külək minib yenə köhlən atını,

Qoy payızın kölgəsində gizlənim.

 

Niyə gülmür bu payızın gözləri?

Yağış selə bürüyübdü düzləri,

Pərişandı gül-çiçəyin üzləri,

Qoy payızın kölgəsində gizlənim.

 

Belə getsə qış döyəcək qapımı,

Döyə-döyə lap  əyəcək qapımı,

Mən  olmasam izləyəcək qapımı,

Qoy payızın kölgəsində gizlənim.

Nazilə Səfərova

 

Qalıb

 

Hələ tamam sönməmişəm,

Kül altında közüm qalıb.

Hələ əzab-əziyyətə

Ürəyimdə dözüm qalıb.

 

O qartallı zirvələrdə

Bulud örtük, duman pərdə.

Cırmaq izi olan yerdə

Mənim ayaq izim qalıb.

 

Çoxalıbdır acım, ağrım,

Paralanıb qara bağrım.

Bir tərəfdə Qarabağım,

O yanda Təbrizim qalıb.

 

Gərək yüz yol ölçəm, biçəm,

Qalan yolu rahat keçəm.

Bəlkə hələ aylı gecəm,

Günəşli gündüzüm qalıb.

 

Bu dünyadan yox baş açan,

İlki haçan, sonu haçan.

Mən onunla axıracan

Yaşayacam özüm qalıb.

Ayaz Şəfaqətov                     

 

***

Yanma nəfsin oduna, bil hayana getdiyini,

Başa düş, anla özün eldə nələr etdiyini.

 

Dönüb uşaqsayağı qanqalı da sanma çiçək,

Bağban ol, bil bağında sən nələrin bitdiyini.

 

Düşünmə ki, yaş ötüncə bitməz eşqin, həvəsin,

Hər anın qədrini bil, anla günün ötdüyünü.

 

Haramı ruhuna yad eylə, sən halalını sev,

Çünki Tanrı biləcək ona haram qatdığını.

 

Böhtana vermə aman, unutma ağlı, kamalı,

Qaşığında görərsən aşına sən atdığını.

 

Kimsəni aciz sanıb başqa gözlə baxma ona,

Tanrının gözü açıq, burax daha tutduğunu.

 

Gülxaram, söz sinəmdən axdı gecə çeşmə kimi,

Elə bil gül dinlədi bir bülbülün ötdüyünü.

Gülxar Cəbiqızı

 

Gedək

 

Suriyada və Afrikanın müsəlman ölkələrində yaşananlarla bağlı

 

Ağlamağı, gülməyi bilməyənə dedim ki; –

– Ağla ağlayan kimi, gülən kimi gül, gedək.

Qışın üşütdüyünü mərhəmət isindirir,

Soyuqda buz bağlayan ələ verək əl, gedək.

 

Afrikadakı aclıq, susuzluq gəlmir saya,

Deyir “Günün ekranı” nələr çəkir Suriya.

De ki, tələsmiş olaq yetmək üçün haraya,

Demə ki, “xəstə”yəm mən, yaxşılaşsın hal, gedək.

 

Apararam qırmızı, yeri verərəm ala,

Tapşıraram qoymayın gözəlliyiniz sola.

Deyələr ki, indilər, bu saatlar nə ola,

Yığılın məzlum, yetim olan yerə yol gedək.

 

Olur elələrində yaradan betər yara,

Dünya eşitmir bunu, desin, söyləsin hara?

Apar ver acıyana, yesin olsa da para,

Bütöv çörəyim olmur, deyəm ki, kəs, böl, gedək.

 

Qul gör necə çoxalıb, sayı artırıb kəniz,

Ah-nalədən tərpənib, nəhr, çalxanır dəniz.

Həftələr, aylar ötüb, savab iş görmürük biz,

Nə qədər keçməyibdir il üstündən il, gedək.

 

Ayaq yalın, baş açıq uşaqlar, körpələr var,

Kömək üçün yada yox, dostlara yalvarırlar.

Mən kasıb da gedirəm, a pullular, varlılar,

Zəkatı, ianəni edək boldan bol, gedək.

 

Sənin dərd çəkməyənlə yoxdur bəhsəbəsin də,

Məhvi xəyallarının duyulur nəfəsindən.

Adət etmiş olduğun, Tamam, dərd məclisindən,

Çağırmayacam səni, deməyəcəm, gəl, gedək!

Tamam Nur Tağlabiyanlı

 

Oynu var

 

Ömür nədir, yaşıl ağac, bir budaq,

Bir sıxmalıq, bir ovucluq bir torpaq.

Kədər nədir, ömür biçən bir oraq,

Bu taleyin neçə-neçə oynu var.

 

Eşidəcək min bir söz də qulağın,

Sevinc sənin at oynadan oylağın.

Suyun içmə hər görünən bulağın,

Bu taleyin neçə-neçə oynu var.

 

Gündüz olar gecələrin çırağı,

Ağ günlərdir qaranlığın marağı.

Gülən üzdə görünəcək qəm dağı,

Bu taleyin neçə-neçə oynu var.

 

Bu dünyada sevinirsən, gülürsən,

Gözləmədən ağrısını yeyərsən.

Xoşbəxtlikdə bədbəxtliyi görürsən,

Bu taleyin neçə-neçə oynu var.

 

Əl çəkməyir, dözənədək ağladır,

Bilmirsən ki, nə vaxt səni dağladır.

Açılmayan qıfıllarla bağladır,

Bu taleyin neçə-neçə oynu var.

Surə Ziyadqızı 

 

 Sən görmədin   

 

Baxışlardan  sevgi yağdı,

Hamı gördü, sən görmədin.

Güvəndiyim tək o dağdı,

Hamı gördü, sən görmədin.

 

Bağçada gül-çiçək açdı,

Hərə birisini seçdi.

Mən dərdiyim ətir saçdı,

Hamı gördü, sən görmədin.

 

Etibarım   özümdədi,

Kəlmələrdə, sözümdədi.

Ömür keçdi, sözün dedi,

Hamı gördü, sən görmədin.

 

Bəyazlaşdı saçlarda tel,

Ürək asta söylədi gəl.

Gün ay oldu, keçdi bir il,

Hamı gördü, sən görmədin.

 

Ay ömrümün yaraşığı,

Gözlərimin nur işığı.

Küsgün könlün barışığın,

Hamı gördü, sən görmədin.

Mehriban İbrahimova 

 

Ağsaqqal yanında

 

İsinər isti  yuvan, həm ocağın,

Ömrünün bağında şirin dad olar.

Uzaq düşər səndən bil ki, qəm, kədər,

Ağsaqqal yanında ürək şad olar.

 

Çəkilər aradan umu-küsülər,

Ağsaqqala hörmət, ehtiram  gələr.

Qeybət, kin, ədavət ordan kəsilər,

Ağsaqqal yanında ürək şad olar.

 

Artar o ocağa gəlib-gedənlər,

Hər kəsə ağsaqqal halallıq verər.

Hər kəsi ürəkdən, o, candan sevər,

Ağsaqqal yanında ürək şad olar.

 

Ağsaqqal harda var, ordadı hörmət,

Ordadı xoş arzu, şirin məhəbbət.

Ordadı həm ruzi, həm şirin söhbət,

Ağsaqqal yanında ürək şad olar.

 

Dünya işıqlanar, ürəklər gülər,

Hər insan qəlbinə bir fərəh dolar,

Bir böyük nəsilə o həyan olar,

Ağsaqqal yanında ürək şad olar.

 

Qəlbini hər zaman bil duyan olar,

Dərdini, sirrini anlayan olar.

Qəm-qüssə ürəkdən hər an yan olar,

Ağsaqqal yanında ürək şad olar.

Xuraman Baxış        

 

Arzum var

 

Təkcə bir arzum var, son mənzilimə,

Özüm tabutuma girim, aparım.

Qayıdım qapımın önündə durum,

Özümü özümdən alım, qoparım.

 

Özüm öz məzarım üstünə gedim,

Özümü toxdayım, qoluma girim.

Açım varaqlayım ötən hər günü,

Görüm hansı xoşdur: ölüm, ya dirim…

 

Kim durub qapımı mənsiz açacaq,

Kim mənim gözümün yaşın siləcək.

Qırx gün gələnimin, gedənlərimin,

Kim mən tək yaxşısın, pisin biləcək.

 

Son dəfə atamın məzarı üstə,

Gedim xatırlayım, baxım, ağlayım.

Bir ovuc torpaq da götürüm ki, mən,

Məzarda bağrıma sıxım, saxlayım.

 

Sonda da qayıdım öz məzarıma,

Qolumu başımın altına qoyum.

Gözümü bağlayım, qapayım özüm,

Bəlkə bu dünyadan mən onda doyum.

Rüstəm Məbudoğlu

 

Eşqim

Eşqimi əlimdən alıb çaldılar,

Sevməyən ürəyə məni saldılar.

Xoşbəxt həyatımı məndən aldılar,

Qapısı kilidli qalmışam, eşqim.

 

Axıtdı göz yaşı, puç oldu tale,

Yarandı ürəkdə min cürə giley.

Kədərim əlimə  verilən bir mey,

Qəm-kədər içində solmuşam, eşqim.

 

Bu dünya zindandır ağlar gözümdə,

Qalmadı nə taqət, nə bir dözüm də.

Cəsarət tapmadım nədən özümdə?

Məni atəşlərə salmısan, eşqim.

 

Əlimdən oğradıb eşqin gülünü,

Qoydu ocağımda hicran külünü.

Səninlə keçirən o son günümü,

Acınla yararaq qalmışam, eşqim.

 

Zümrüdəm, duymadım sevgi dadını,

Unuda bilmirəm sənin adını.

Sevgisiz ocaqda qalan odunu,

Kül olub həsrətdən  yanmışam, eşqim,

Bir özgə əllərdə qalmışam, eşqim.

Zümrüd Vəliyeva 

 

Gələnlər

 

Məndə iki ünvan var,

Biri özüm, biri mən.

Ruhum mənim özümdə,

Özümü çox sevirəm.

 

Cavabdehəm hələ ki,

Əməlimlə  özümə.

Qolum, əlim, ayağım

Baxır hələ sözümə.

 

Qəlbim hər an çırpınır

Qurub yaratsın deyə.

Gələcək nəsillərə

Yadigar çatsın deyə.

 

Bu dünyada hər insan

Əməlilə ucalar.

Zaman gələr, il keçər

Cavan qalmaz, qocalar.

 

Örnək olublar bizə

Bizdən əvvəl gedənlər.

Biz də qurub yaradaq

Rəhmət desin gələnlər.

 

Hər əzəli olanın

Əlbət ki, olur sonu.

Biçiləcək əyninə

Hər kəsin kəfən donu.

 

“Mənim”, –  dediyin mülkün

Sənsiz yada  qalacaq.

Sənə qalan, ey insan,

Əməllərin olacaq.

Mirəli İsmayıllı  

 

Yeni ildə

Dostlar qəlbinizdə olan arzunun

Heç biri ötməsin boş Yeni ildə.

Bir birindən gözəl keçən günlərə

Həmişə gələsiz tuş Yeni ildə

 

Arzum budur, el obada toy olsun,

Belə toylar sevənlərə pay olsun,

Süfrənizə hər nemətdən qoyulsun,

Ötsün həyatınız xoş Yeni ildə.

 

Talıstanlı Salman ürəkdən deyir,

Gəzib ana yurdu eyləyək seyr.

Böyük məhəbbətlə yazdığım şeir,

Gəzsin dildən-dilə kaş Yeni ildə…

Salman Talıstanlı

 

Olaq

Ataq bir kənara kin-küdurəti,

Biri-birimizə yar, yoldaş olaq.

Gül ola bilməsək zərif əllərdə,

Qala divarında qara daş olaq.

 

Hünər – ər işidir, çəkinək nədən?

Duraq bir sırada, çağırsa Vətən!

Edək on milyonu bir can, bir bədən,

Düşməni məhv edən son savaş olaq!

 

Yaşa, qalib əsgər böyüdən ana!

Sənin şəhid balan qan aldı qana!

Vicdana and içib, Azərbaycana,

Sadiq övlad olaq, vətəndaş olaq!

Şahməmməd  Dağlaroğlu

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir