HAYIF, A DÜNYA SƏNDƏN
Bu başlıq istedadlı, ağsaqqal şairimiz Pir Ağasən Bədəlzadənin çoxsaylı kitablarından birinin adıdır. Şairin bu kitabını əldə etmək üçün, adı kitab mağazası, əslində isə uşaq oyuncaqarı, sənaye və ərzaq malları satışı ilə məşğul olan bir neçə obyektə baş çəkdim. Tapa bilmədim. Maşın tutub şairin ziyarətinə – Pirəbilqasım kəndinə getdim. Özündən xahiş etdim o kitabı. “Vallah, məndə də qalmayıb, inşallah, təkrar çapında verərəm”, – dedi. Məqsədim şairin kitabından söz açıb onu təhlil və ya müzakirə etmək olmaylb, sadəcə, Ağasən müəllimin nədən öz kitabına belə bir ad qoymasından duyğulandım və bu yazımın başlığına da həmin adı verdim.
Mətləbə keçməzdən əvvəl, “dünya” termininin əsl lüğəti mənasını öyrənmək istədim. Ensiklopediyaları, izahlı lüğğət və sorğu kitablarını vərəqlədim. Əlahiddə olaraq bu sözün izahına rast gəlmədim. Hər yerdə “dünya” adının “kainat” və “aləmlər” adları ilə qoşa çəkildiyini gördüm. Deməli, “dünya” eyni zamanda həm də “kainat” və “aləmlər” deməkdir. Mən isə, dünyanın yaşadığımız Yer planetindən, kainatın, aləmlərin isə, Günəş sistemindən uzaqlarda olan ulduzlardan, qalaktika və metaqalaktikalardan ibarət olduğunu bilirdim. O qalaktikalar ki, Kopernik və Nyüton kimi elm nəhənglərinin dediklərinə və elmin son nailiyyətləri olan “Venera”, ”Mars”, ”Pioner”, ”Mariner”, ”Boyacer” və s. planetlərarası avtomat stansiyalarının tədqiqinə görə, saniyədə qarşılıqlı surətdə bir-birindən 500 km. uzaqlaşırlar. Əslində isə, bu xəbər bəşəriyyətə ilk olaraq, tarixi 1500 ilə yaxınlaşan Quran- i Kərimdə bildirilir. Müqəddəs kitabımızda göstərilir ki, kainat – dünya, məkan və zamanca sonsuz olan aləmlərdən ibarətdir. O insan şüurundan asılı olmayan obyektiv varlıqdır, durmadan genişlənir. “Yer üzündə nə varsa sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!”, əl-Bəqərə surəsi, 29-cu ayə. “Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, hər işi yoluna qoyan Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır…”, Yunus surəsi, 3-cü ayə.
Canlıların əşrəfi sayılan biz insanlar da, bu dünya aləmlərindən, dünya varlıqlarından biriyik. Bizim də hər birimizin planetlərdə olduğu kimi öz orbitimiz, öz hərəkət trayektoriyamız, öz yaşama müddətimiz var. Dünyanın axınına qoşulub biz də yenilənirik, aşılanırıq, dəyişirik. Çox uzağa getməyib, elə xeyli ömür sürdüyüm bu illərdə gördüklərimlə bu günkü reallıqlar arasında müqayisə edilməz dərəcədə fərq var. Bəli, bugünkü dünya, heç də mənim göz açıb gördüyüm o dünya deyil…
O vaxt yaz elə yaz kimi, qış da qış kimi keçərdi. Payızın son ayında yağan qar, martın axırlarına kimi qalardı. Bütün ağaçlardan ən tez gül açanı sarı çiçəkli zoğal ağacının çiçəklənməsi və kollar dibində bitən əyriboyun bənövşələr, artıq yazın gəldiyini bildirərdi.Səhərlərin şirin yuxusundan, əkin əkməyə gedən cütcülərin bir-birini səsləyən hay-harayına oyanardıq. Xışla, kotanla torpağın yumşaq sinəsinə şırım çəkib toxum səpərdilər. İlk yağışdan sonra cücərən tişələrə baxıb: “Maşallah, bu il taxılımız bol olacaq” – deyə düşünüb sevinərdik, qəlbimiz inamla dolardı. Heç vaxt inamsızlığa qapılmazdıq. İnsanların imkanlılıq dərəcəsi evindəki taxılın miqdarı ilə ölçülərdi. İlk məhsuldan ilk çörək bişirmə günü kənddə toy-büsata çevrilərdi. Ətirli, bərəkətli çörək qoxusundan elə bil dünya da sevinərdi, bərəkətlənərdi, yenilənərdi, genişlənərdi, aydınlaşardı o gün. Hamı bir-birinə öz bişirdiyi çörəkdən pay verərdi, tanıyıb-tanımadıqları yoldan keçən atlı yolcuların arxasınca qaçıb “çörəyin iyi vurmasın“ – deyə, heybələrinin gözünə təzə ruzidən pay qoyulardı.
Evimizdə, qonşuluqda, kənddə-kəsəkdə yaşayan yaşlı insanlar, xoruzun ilk banını diqqətdən qaçırmamaq üçün səksəkə içərisində yatardılar. Bu, səhər namazına hazırlaşmağa bir çağırış idı. Əvvəllər bu xəbərdarlıq, kənd cümə məscidinin minbərindən verilən azan səsi ilə bildirilərdi.1937-ci ildə məscidin günbəzi yeni gələn Şura hökuməti tərəfdarları olan komsomolçular tərəfindən söküldüyündən, özü isə taxıl anbarına çevrildiyindən, insanlar ümidlərini xoruz banına bağlamışdılar. Onlar namazlarının vaxtını ötürməkdən çox qorxardılar. Üzlərindən nur tökülən bu insanlar, səhərin alatoranlığında tapıb yeyə bildikləri bir-iki tikə şor-çörək, yaxud da bir soyutma yumurta üstündə 12-17saatlıq, bəzən də daha çox vaxtı ac-susuz arxada buraxıb, axşamın düşməsini gözləyərdilər. Ramazan, Qurban, Novruz bayramlarını xüsusi coşqu və şadyanalıq ilə keçirərdilər. İbadətləri, mərhəmətləri, hidayətləri, məhəbbətləri və sevgiləri ilə Uca Allaha yaxınlaşardılar.
Adamlar palçıqla, xırda aradaşı və çay daşları ilə hörülmüş kətilli, torpaq damlı kiçik daxmalarını özlərinə ən möhkəm qala, ən rahat, ən mükəmməl yuva, ən isti sığınacaq, ən uca, ən möhtəşəm saray bilərdilər. Hüzur dolu belə damlar altında dünyaya neçə-neçə uşaq gətirən neçə-neçə gəlinlər, qayınata-qayınana qulluğunda durub, uzun illər mehribancasına birlikdə yaşayardılar. Arada inciklik, soz-sohbət olmazdı. Ancaq yaşadıqları gün barədə düşünərdilər. Kimsə qınağa çəkilməz, kimsə müzakirə olunmaz, kimsəyə qibtə edilməzdı. “Qonşusu ac yatan, ozü isə tox olan bizdən deyil”, düşüncəsi ilə yaşayardılar. Axşamlar isə, gündüzdən yaşadıqlarını hesaba çəkib, sonra yatağa uzanardılar. Yuxunu ölüm, yatağı gor bilərdilər. Başqa istəkləri olmazdı Tanrıdan.
Qohum-əqrəbamızı görməyəndə burnumuzun ucu göynəyərdi. Qışın oğlan çağında, qarın dizə çıxdığı vaxtlarda bu kənddən o biri kəndə pay-piyada gedərdik. Qohumluq əlaqəsini kəsməzdik, böyüyü böyük, kiçiyi kiçik, qonşunu özümüzə ən yaxın adam bilərdik. Qonağı “Allah qonağı” kimi qəbul edib, əldən-ayaqdan gedərdik. Xörəyimizin ən ləzizini onlar üçün bişirər, yorğan-döşəyimizin ən yumşağını onlar üçün salar, otağımızın ən yaxşısını onlar üçün ayırardıq.
Məktəbimizi məbəd, müəllimlərimizi yeyib-içməyən müqəddəs varlıq bilərdik. Yaxşı oxuyan şagird, müəlliminin görən gözü, danışan dili, eşidən qulağı, düşünən beyni idi. 30-32 nəfərlik sinifdə hər fənn üzrə vur-tut 3-4 kitab olardı. Buna baxmayaraq bütün günü məhlə-məhlə, ev-ev gəzib dərsə hazırlıqlı gedərdik. 3-cü,4-cü sinifdə oxuyanda onluq, yüzlük dairəsində bütün hesablamaları şifahi olaraq əzbərdən bilərdik. Kitab oxumaqda yarışardıq. Məktəb, kənd kitabxanası bizə darlıq edərdi. Sonrakı illərdə qəzet-jurnallara abunə olardıq, qəzetlərin mətbəədən gətirilməsini saatlarla növbədə durub gözləyərdik. Çox ailə – istər savadlı olsun, istərsə də yazı-pozunu bacarmayanlar belə, evlərinin görkəmli yerlərində kitab dolabı quraşdırar və ya kitab rəfi düzəldərdilər. Bu, bir dəb halını almışdı, həm də ailələrin intelektual səviyyəsinin göstəricisi idi.
Böyük Vətən müharibəsinin aclıq və səfalət illərində əynimiz isti paltara, qarnımız doyunca çörəyə möhtac olsa da, xəstələnməzdik, tumov (zökəm, qrip) olmazdıq. Məktəbdə, uşaqlara çiçəyə, qızılcaya və vərəmə qarşı edilən peyvəndlər eyni “neştərlə” edilsə də, fəsadı olmazdı. Yanaqlarımızdan qan damardı. Bütün xəstəliklərə qarşı eyni “kinə” adlı sarı, zəhər kimi acı dərmanın həbi, yaxud da tozu verilərdi. Bu, ən təsiredici, şəfaverici yeganə dərman növü idi. Hamı şəfa tapardı.
Ailə, arvad-uşaq müqəddəs ocaq sayılardı. Gəlin gedən qızlar qapıdan iki dəfə çıxardılar: birinci dəfə, ata evindən ər evinə, ikinci dəfə, ər evindən gor evinə. Qızlarımız, gəlinlərimiz ən uğursuz nigahlarında belə arlarına, abırlarına sığınıb boşanmazdılar, ailə dağıtmazdılar. “Mən papaq deyiləm, başdan-başa qoyulam” anlamı ilə ailə birliyini qoruyub saxlayardılar. Tək-tük boşanmalar olsaydı da, onlara rəğbət bəslənməzdi, el tərəfindən qınağa çəkilərdilər…
Günümüzdə isə, biz tamam təhrif olunmuş bir dövrdə yaşayırıq. Maddi nemətlər bolluğuna, bərli-bəzəkli, zər-zibalı libaslara, dəbdəbəli rahat villalara, bahalı avtomobillərə sahib olsaq da, son dərəcə hüzursuz, buz kimi soyuq bir aləmin girdabında itib batırıq. Əsrlərlə mənimsədiyimiz milli-mənəvi dəyərlərimiz hər an müasir quruluş tərəfindən tamamilə rədd edilmə ərəfəsindədir. Əxlaq dəyişir, ehtiyaclar dəyişir, məqsədlər dəyişir, qidalarımızın tərkibi dəyişir. Onlarla ayaqlaşmaq üçün istər-istəməz davranış tərzləri də dəyişir. Son zamanlar baş verən elmi-texnoloji nailiyyətlər, dünyanın balaca telefonlara sığdırılması, internet əlçatarlılığı, telekanallarımızın təlqin etdikləri açıq-saçıqlıq, verilişlərin məna kasadlığı, beynəlxalq ticari musiqi, moda və fikir axınları, bankçılıq, müxtəlif dona girmiş təbliğatlar, xaricdən edilən siyasi təzyiqlər, kitab, mətbuat mütaliə etməmək bugünkü cəmiyyətin həyat tərzinin, davranış və dəyərlərinin dəyişdirilməsinə təkan verən amillərdəndir. Adət-ənənəmizdən, dinimizdən, dilimizdən uzaqlaşmağımızı, internetə bağlılığımızı, lüt-üryan gəzməyimizi müasirlik, azadlıq adlandıranlar da var. Bir də görürsən ki, bir neçə dəfə ailə qurub boşanmışlar, ekspert kimi efirə çıxıb başlayırlar cəmiyyətə mənəviyyatdan dərs deməyə. Məhz, müasir gəncliyin əxlaqını pozan, ata-ana itaətsizliyini, qohum-ərabaya və eləcə də ətrafdakı cəmiyyətə qarşı səmimiyyətsizliyi yaradan belələridir. Onların anlamına görə “dərddən-sərdən uzaq ol, xoşbəxt yaşa” elə budur. Səlahiyyətlərini aşan, özlərini həyatda daimi yaşayacaqları kimi hesab edən, məhdudiyyətsiz sərmayə toplayan məmurlar da, doyumsuz, açgözlüklə, hərisliklə dənizləri, gölləri, dağları, düzləri, meşələri, bulaqları çəpərləyib Allah mülkünə “bura mənimdir” deyənlər də, qızını ərə vermək üçün əlindən tutub efirə gətirən atalar da, qonşu binada diri-diri yanan körpə balalarımızın fəryadları eşidilməsin deyə efirdə şpaqat atıb şaqraq səslə gülən aparıcılar da, limitsiz istehlakçılar da, cismani həzz alanlar da, salamsız-kəlamsız qarşılaşdığın robota bənzər təkəbbürlü, lovğa canlı cəsədlər də və i.a. yuxarıda söylədiyimiz tiplərin yeni təzahür formalarıdır. Köhnəliyin, qədimliyin, abır-həyanın arxasınca həsrətlə baxa-baxa qalmışıq. Bu axına, bu dövrana uyub xəyala dalanda, özümdən asılı olmayaraq qəlbimdən giziltili bir ağrı keçir: “Hayıf, a dünya səndən” – deyirəm, şair Ağasən Bədəlzadə demişkən.
Yazımın girişində qeyd etdiyim kimi, dünya hər saniyədə 500 km. sürətlə genişləndiyi halda, nədənsə son illər bu hüdudsuz gen dünyada istədiyimiz kimi yaşaya bilmirik. Hərəkət dairəmiz kiçilir, məhdudlaşdırılır. Getmək arzusunda olduğumuz yerlərə gedə bilmirik, istədiyimiz qohum-əqrabaya vaxtında baş çəkə bilmirik, toy şənliklərində, hətta doğmalarımızın dəfnində belə iştirak edə bilmirik. İllər öncə fəlakət saydığımız “quş qripi”, “donuz qripi”ndən sonra, süni surətdə yaradılan “Taclı virüs” (Karonovirus) adlı epidemiyanın əsiri olmuşuq. Teleekranlarda elan edilən məlumatlarla idarə olunuruq. İnanmaq olmayır, bu həqiqətənmi bir bəşəri bəladır, yoxsa, insanlara, insanlığa qarşı yönəldilmiş növbəti fitnə-fəsaddır? Heç şübhə yoxdur ki, bu fitnənin arxasında insan əməli durur. Uca Allah bəndələrinə belə zülm etməz. O, buyurub: ”Biz ona (bəndələrimə) şah damarından da yaxınıq!” (Qaf surəsi, 16). Bu, Allahla allahlıq etmək iddiasında olan, insana səcdə etmək istəməyən İblis xilqətli insanların işidir. Gəlimli-gedimli dünyamızda belə hallar az olmayıbdır. Bir zamanlar Nəmrud da, Büxtünnəsr də, Firon da Allahla allahlıq etmək iddiasına düşmüşdülər. Onlar Peyğəmbərləri odda yandırır, suda boğur, oğlan uşaqlarını məhv edirdilər. Onların nifrətedici talelərinin acı sonluğu hamıya məlumdur.
Atom bir enerji mənbəi kimi kəşf olunanda, bütün dünya sevindi. Lakin insanlar bu enerji mənbəindən lazımınca faydalana, həyatda, məişətdə rahat, firavan ömr sürəcəkləri barədə düşünməyə macal tapmamış, atom birdən-birə kütləvi qırğın silahlarına çevrildi. Xirosimada, Naqasakidə, poliqonlarda sınaqdan çıxarıldı. Bir an içərisində yüz minlərlə insan məhv edildi, şəhərlər quru səhraya çevrildi. Bu silahın yaradıcısı Eynşteyn əlləri ilə başını tutub: “Kaş ki, su satan olaydım” – deyib, peşmançılıq hissi keçirmişdi. Müasir avtomat silahların atası sayılan Kalaşnikov da, oğulları cəbhələrdə həlak olmuş anaların fəryadını öz gözləri ilə görüb, kəşfindən xəcalət çəkmişdi, ona təsis edilən yüksək dövlət mükafatlarından, titullardan imtina etmişdi. Dünyanın tarazlığını pozmaq istəyən, insan əleyhinə yönəldilmiş daha bir eybəcərliyi xatırlatmaq istəyirəm. Keçən əsrin sonlarına yaxın insanlarda daxili orqanların əməliyyat vasitəsilə bir bədəndən digərinə köçürülməsi barədə xoş xəbərlər yayılanda, belə bir xəbər də yayıldı ki, hələ bu harasıdır, yaxın gələcəkdə başlar da beləcə bədəndən bədənə köçürüləcəkdir, hətta labaratoriyalarda süni surətdə insanlar da yetişdiriləcəkdir. Bu sensassion xəbərə ilk narazılığını bildirən Xalq şairi Bəxtiyar Vahabzadə olmuşdu. O, həm televizor, həm də mətbuat vasitəsilə car çəkib bu iş üzərində çalışan alimlərə, tədqiqatçılara bu cəhdi, insanlara, bəşəriyyətə qarşı edilən böyük cinayət adlandırmışdı. Şairin səsinə səs verən milyonlarla insanların tələbi ilə bu “tədqiqat” dayandırılmışdı. Yoxsa, məşhur bir şairin, alimin, mühəndisin, filosofun və yaxud da hər hansı bir idrak sahibinin başı axmaq, narkoman, gicəsula, bir əyyaş, bir başı pozuq adamın çiyinləri üzərində tanınmalı idi. Süni insan yaratmaq istəyənlər isə, Allahın qəzəbinə tuş gəlib, iz də buraxmadan yerlə-yeksan oldular.
Torpağı, kimyəvi kübrələrin zəhəri ilə, havası, hərb meydanlarında atılan bombaların, silahların, sınaqların partlayışı ilə, suyu, nüvə tullantıları ilə zəhərlənən Dünyamız, yarım əsrdən çoxdur ki, övladı ölüm döşəyinə mübtəla olmuş biçarə Anaya bənzəyir. Haray çəkib imdad istəyir, dünyanı, onun Liderlərini sülhə, barışığa çağırır. 70-ci illərdən çörəyimizin qoxusu ilə birlikdə itirdiyimiz dünya şirinliyini, sonrakı illərdə quraqlıq, iqlim dəyişikliyi, leysan yağışları, qasırğalar, doluvurmalar, sunamilər, zəlzələlər, vulkan püskürmələri, meşə yanğınları, kütləvi qida zəhərlənmələri və bunlara bənzər digər fəlakətlərlə bu gün də itirməkdə davam edirik. Xeyli vaxtdır təhdidlər, hədə-qorxular, müharibələr qorxusu altında yaşayırıq.
Dünyanın gərdişindən xəbərdar olan qədim əcdadlarımızın söylədiklərini irsi olaraq zəmanəmizə qədər yaşadan abid qocalar söyləyərdilər ki, dünya səltənətinə sahib olmuş Süleymandan, İsgəndərdən tutmuş, taa… indiki dövrədək, hər bir bəşər övladı zəifləyib düşgün, aciz, köməksiz, hərəkətsiz hala gəlib, nəfəsi köprücük sümüyündə, gözləri isə bir nöqtəyə dirənəndə, hamı nə isə ürəyindən keçən bir son söz demək istəyir, amma bacarmayır. Möhtərəm şairimiz Ramiz Rövşən bu son vida anını nəzmə çəkib, belə ifadə edır:
Nə var Allahdan yuxarı?
Nə var, qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı,
Bildiyim sirdən aşağı?
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.
Quran-i-Kərimdə isə bu belə göstərilir: ”Harada olursunuzsa olun, hətta uca və möhkəm qayalıqlar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır” (ən-Nisa surəsi, 78-ci ayə).
Vaqif Məmmədov, publisist
