MÜƏLLİM – GÖZƏLDƏN GÖZƏLDİR BU SÖZ

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ölkə üzrə fərqlənən gənc müəllimlər haqqında ictimaiyyətə  maraqlı məlumatları müntəzəm çatdırmaq marağındadır. Həmyerlimiz Qönçə Ağazadə Assosiasiyanın “Gənc müəllim danışır” rubrikasının növbəti qonağı olub. Oxucularımız üçün rubrikanın tribunasından:

Mən – Ağazadə Qönçə Rafiq qızı 22 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşam.1998-ci ildə İsmayıllı şəhər E.Məmmədov adına şəhər 3 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 2009-cu ildə İsmayıllı şəhər  5 nömrəli tam orta məktəbini bitirib, elə həmin il ADPU-nun pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunmuşam. 2014-cü ildə universiteti bitirib İsmayıllı rayonundakı  Heydər Əliyev Mərkəzində əmək fəaliyyətinə başlamışam.

Həmçinin rayonda fəaliyyət göstərən hazırlıq kursunda ibtidai sinif müəllimi kimi çalışmışam. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək  İsmayıllı rayonunda M.Piriyev adına Tircan kənd tam orta məktəbinə ixtisasım üzrə işə qəbul olunmuşam.

İxtisasım üzrə bir sıra təlimlərdə iştirak etmişəm (“İKT bacarıqları” üzrə, “Məktəbəqədər hazırlıq”, “Yeni dərsliklərlə iş”, “Qrand layihələri”  və s.).

Müəllim hər zaman öz üzərində işləməli, özünü inkişaf etdirməlidir. Zamanın tələbinə uyğun olaraq, şagirdləri təəccübləndirmək çətindir, təbii ki, müasir standartlara uyğun, kurikulum metodlarından istifadə edərək dərsləri daha maraqlı keçməyə çalışıram. Mütəmadi olaraq, şagirdlər arasında yarışlar keçirir, həvəsləndirmək üçün qalib gələn şagirdləri təltif edir, zəif çalışan şagirdlərlə fərdi söhbətlər aparır, interaktiv metodlardan istifadə edirəm.

Çalışıram ki, keçdiyim hər bir dərs maraqlı və inkişafetdirici olsun, şagirdlərimin yaddaşında qalsın. İlklər hər zaman yaddaqalan olur. İlk dərs və müəllimlik fəaliyyətinin ilk günü, təbii ki, heç zaman unudulmur.

İstedadlı şagirdləri üzə çıxarmaq, onları tanıtmaq müəllimlərin ən ümdə vəzifəsi olmalıdır. Çünki müəllim əziyyətinin bəhrəsini gördükdə sevinir, ruhən cavanlaşır, öyrənmək eşqi ilə alışıb yanır. Hal-hazırda 6-cı sinifdə oxuyan şagirdim Fikrət 3 il bundan qabaq texnologiya dərsində tullantı məhsullarından təyyarə düzəltmişdi. Təyyarə pultla idarə olunur, müəyyən hündürlüyə qalxa bilirdi.

Şagirdlərimin istedadlarını üzə çıxarmaq üçün rəsm, şeir, bədii qiraət üzrə müsabiqələr keçirir, daha bacarıqlı şagirdlərin rayonda keçirilən müsabiqələrə iştirakını təmin etməyə çalışıram.

Dərs dediyim kənd məktəbi rayon mərkəzindən 20 kilometr uzaqda yerləşir. Hər gün səhər tezdən rayon mərkəzindən bu kəndə müəllim yoldaşlarımla  birgə yola düşürəm.

Desəm ki, hər şey qaydasındadır, inanılası olmaz. İş varsa, orada problem də, çatışmazlıqlar da olacaq. Kənddə azyaşlılar üçün  uşaq bağçasının, məktəbdə idman zalının olmaması bizim üçün, təbii ki, çətinliklər törədir. Müəllim olaraq çalışıram ki, bu boşluğu aradan qaldırım.  Şagirdləri rayon mərkəzində yerləşən muzeylərə aparıram. Uşaqlarla film günləri təyin edib filmə baxırıq. Bacardığım qədər uşaqlarla daha çox vaxt keçirməyə çalışıram.

Bakıda təhsil alan şagirdlərlə kənddə təhsil alan şagirdlər arasında müəyyən oxşarlıqlar olsa da, fərqliliklər daha çoxdur. Çünki şəhərdə təhsil alan şagirdlər dərsə daha hazırlıqlı gəlir, istər yazıb-oxumaq, istərsə də dünyagörüş tərəfindən.

Şəhərdə şagirdlər kiçik yaşlarından kurslara, dərnəklərə gedir, əlavə məşğuliyyətlərə vaxt sərf edirlər. Kənd uşaqları isə məktəbə bəzən ən sadə, elementar  şeyləri belə bilmədən gəlirlər. Kənddə işləyən müəllim daha səylə çalışmalı, daha çox bilgiyə sahib olmalıdır. İş yerinin kənd və ya şəhər olmasından asılı olmayaraq o zamanın tələbinə uyğun şagirdlər hazırlamalıdır.

Niyə bu işi məhz müəllim görməlidir? Sual o qədər gözəldir ki… Öyrədən olmaq, kiminsə həyatına təsir etmək, hər kəsin həyatında müəyyən iz buraxmaq, ən əsası həm öyrənən, həm də öyrədən olmaq…

MÜƏLLİM – GÖZƏLDƏN GÖZƏLDİR BU SÖZ,

KÖRPƏ KÖNÜLLƏRDƏ MƏŞƏL YANDIRAN…

 

Şərh Yaz