12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür               

Ümummilli lider Heydər Əliyevin vəfatından 18 il keçir.

Bu münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitab, rəsm sərgisinə Heydər Əliyevin İsmayıllıya səfərlərindən ibarət slayda, həmçinin “Xalqa bağışlanan ömür” adlı filmə baxılıb.

Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi bütün dünya qəbul edir. Heydər Əliyev görkəmli siyasətçi olmaqla yanaşı, əsil azərbaycanlı, böyük vətənpərvər idi.

Onun yeganə amalı Azərbaycanı müstəqil görmək, onun iqtisadiyyatını, sənayesini, mədəniyyətini inkişaf etdirmək və dünyaya tanıtmaqdan ibarət olub. Məhz onun ideyaları Azərbaycanı müxtəlif dövrlərdə bütün bəlalardan xilas etməklə, inkişafını təmin edib. Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkədə böyük iqtisadi-siyasi potensial yaranıb.

Heydər Əliyev həm də Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyasını yaradıb. Milli ideologiyamızın əsas tərkib hissəsini azərbaycançılıq və dövlətçilik təşkil edir. O, özündən sonra xalqımızın taleyini özü qədər inandığı, cənab İlham Əliyevə tapşırdı. Ölkənin bugünkü inkişafı sabitliyi və tərəqqisi məhz Ulu Öndərin dəsti-xəttidir. Prezident İlham Əliyev onun siyasətini uğurla davam etdirir.

Ulu öndərin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarix yazdı. Hər bir azərbaycanlı bu şanlı tarixin sevincini yaşayır. Torpaqlarımız düşmən tapdağından azad edildi və həmin torpaqlarda bayrağımız dalğalandırıldı.

Ali Baş Komandan Şuşa şəhərinin azad olunduğu gün xalqa müraciətində bildirmişdir ki, “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır!

Şərh Yaz