Yaralı əsgəri xilas edərkən özü şəhid oldu                

Yağışlı bir payız günündə İsmayıllı rayonunun Qubaxəlilli kəndindən olan şəhid gizir, feldşer Kənan Səlimzadənin ad günü məzarı yanında qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanının rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidin K.Səlimzadənin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və xatirəsi hər zaman əziz tutulacaq şəhidlərimizin şərəfli döyüş yolundan danışıb.

Vətənpərvərlik ruhunun nümunəsi olaraq, S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinin şagirdlərinin ifasında Vətənə, bayrağa, orduya, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Məlumat üçün bildiririk ki, Kənan Səlimzadə 25 noyabr 1997-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 2014-cü ildə məktəbi bitirdikdən sonra Hərbi Tibb Məktəbinə daxil olub. 2016-cı ildə məktəbi bitirdikdən sonra Müdafiə Nazirinin əmri ilə ona “gizir” hərbi rütbəsi verilib.

Vətən müharibəsi başlayanda Kənan bir çox yaralı əsgərlərə ilk tibbi yardım göstərərək təxliyə edilmələrinə, həyata qayıtmalarında köməkçi edib. Oktyabrın 4-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı yaralı əsgəri xilas edərkən şəhidlik zirvəsinə ucalmışdır.

Kənan Səlimzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz