Bizim idmançı Hüsniyyə                   

Oxucularımız Hüsniyyə Sadıqzadəni yaxşı tanıyır. Onun qazandığı qələbələr vaxtaşırı olaraq qəzetimizin səhifələrində  yer alır.

Hüsniyyə A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdidir. İdmanın karate növü ilə aşağı siniflərdə oxuduğu vaxtdan məşğuldur. İdmanın bu növü üzrə hər yarışda qələbə qazanıb. İdmana qəlbən bağlanan bu çalışqan məktəbli bugünə qədər yarışlardan 30 diplom, 22 medal, 4 sertifikat və 3 kubokla qayıdıb. Bəzi yarışlarda oğlan rəqiblərini belə məğlub edib.

Hüsniyyənin bu nailiyyətlərinə ilk növbədə sevinən məşqçi-müəllimi Bayram Qəhrəmanovdur. Müəllimi inanır ki, yetirməsi yaxın illərdə nəinki ölkədə, onun hüdudlarından kənarda keçirilən beynəlxalq əhəmiyyətli yarışlarda da uğurlar əldə edə biləcəkdir. H.Sadıqzadə özü də bu məqsədə çatmaq üçün yorulmadan məşq edir, güc, qüvvə toplamağa çalışır.

Hüsniyyənin ən böyük arzularından biri  beynəlxalq yarışların qalibi olaraq, Polis Akademiyasına daxil olmaq, cinayətkarlığa qarşı barışmazlığıni nümayiş etdirməkdir.

İdmanda uğurlar qazanmaqla yanaşı H.Sadıqzadə dərslərini də yaxşı oxuyur. Müəllimləri ondan həmişə razılıq edir. O da hər yerdə ona dəstək olanlardan, xüsusilə babası Cavanşir kişidən razılıqla söz açır. Babasınının ona dəstək olmasından ağızdolusu danışır.

Hüsniyyə dahi Nizaminin:

– “Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz”. –

hikmətini demək olar ki, birdəfəlik əzbərləyib. O, gələcək uğurlarını qolunun gücü ilə əqli qüvvəsini birləşdirməkdə görür.

Bu yolda, başladığı hər işdə idmançı Hüsniyyəyə uğur, qələbə arzulayırıq.

İsmayıllı xəbərləri”

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz