Qlobal vətəndaşlıq: Xüsusiyyətlər və məsuliyyətlər

Dünyada baş verən sürətli inkişaf qloballaşma adlı bir anlayışın meydana gəlməsinə səbəb oldu. Qloballaşma başlanğıcda daha çox iqtisadi əlaqələr və ya ticarətlə əlaqəli bir anlayış olsa da, bu gün sosial sahələrdə də öz geniş əksini tapmışdır. O artıq müəyyən mənada gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu gün texnologiyaların inkişafı bizə milli sərhədlərimizdən kənara çatmağa imkan verir. Bu imkanlar bizdən məsuliyyət sahələrimizi təkcə yerli və ya milli kontekstdə deyil, həm də qlobal kontekstdə müəyyən etməyi tələb edir.

Bütün bu proseslərin nəticəsi olaraq meydana çıxan qlobal vətəndaşlıq fenomeni həm təhsili, həm də maarifləndirməni özündə ehtiva edir. Qlobal vətəndaşlıq qlobal miqyasda fərdlərin və icmaların sosial, siyasi, ekoloji və iqtisadi fəaliyyətləri üçün bir termindir. Qlobal vətəndaş bütün insanların azad, bərabər hüquqlu olduğunu düşünür. O, yerli, milli və qlobal miqyasda fəaliyyət göstərən vətəndaşdır və bəşəriyyət adına ümumi gələcəyin məsuliyyətlərini bölüşməyə hazırdır.  Oxfam tərəfindən edilən tərifə görə, qlobal vətəndaş – geniş dünyadan xəbərdar olan, özünü dünya vətəndaşı kimi hiss etdirən, müxtəlifliyə hörmət edən və dəyər verən, dünyanın necə işlədiyi barədə anlayışı olan, sosial ədalətsizliyə biganə qalmayan, yerlidən beynəlxalq səviyyəyə qədər müxtəlif səviyyələrdə ictimai işlərdə iştirak edən və nəhayət, öz davranış və hərəkətlərinə görə məsuliyyət daşıyan insandır.

Bir ölkənin milli vətəndaşlığından qlobal vətəndaşlığa dəyişən çox şey var. Milli kimlik, milli sədaqət kimi anlayışlar artıq  bərabərlik, ümumbəşəri identiklik və insan hüquqları kimi anlayışlarla əvəzlənib. Bu da keçmişdəki dəyərlərin daha da genişləndiyini deməyə imkan verir.

Müxtəliflik, qarşılıqlı asılılıq, empatiya və perspektiv qlobal vətəndaşlığın əsas dəyərləridir.

Qlobal vətəndaşlar üçün ətraf mühitə hörmət və onu mühafizə əsas xüsusiyyət olaraq qalır, çünki onlar üçün əsas məqsəd dünyanı özləri və ətrafdakılar üçün yaşayışa əlverişli etməkdir.

Beləliklə qlobal vətəndaşların əsas xüsusiyyətləri bunlardır:

– Qlobal vətəndaşlıq insanlıq, vətəndaş cəmiyyəti və dünya vətəndaşlığı haqqında ümumi anlayışdır.

– Qlobal birliyin qurulması fərdlərdən, qruplardan və ictimai hərəkatlardan başlayır.

– Qlobal vətəndaşlar davamlı dünya üçün həm keçmişə, həm də gələcəyə aid olan mənəvi strukturlara görə məsuliyyət daşıyırlar.

– Qlobal vətəndaşlar əməkdaşlıq gücü yaratdıqda dünyanı potensial olaraq dəyişə bilərlər

Qeyd eymək lazımdır ki, fərdlər qlobal vətəndaşlığın yeganə daşıyıcıları deyillər.Ölkələr arasında artan qarşılıqlı əlaqələr onu deməyə imkan verir ki, təşkilatlar, eləcə də hökümətlər də qlobal vətəndaş ola bilərlər.

Qlobal vətəndaşların dünya birliyinə üzvlüyü ilə bağlı bir sıra hüquq və vəzifələri var. Bu hüquqlar 1948-ci ildə bir çox ölkələr tərəfindən imzalanmış Ümumdünya İnsan Hüquqları bəyənnaməsində öz əksini tapıb.

Qlobal vətəndaşların bir sıra öhdəlikləri də mövcuddur. Bu öhdəliklər təhsilin və maarifləndirmənin artırılmasına işarə edən mühüm addımlardır və belə sıralanır:

  1. Qlobal məsələlərə təkcə öz baxışını deyil, həm də başqalarının perspektivini anlamaq
  2. Mədəni müxtəliflik prinsipini qorumaq
  3. Digər ölkələrdən və mədəniyyətlərdən olan insanlarla sosial və mədəni əlaqələr qurmaq
  4. Qlobal problemləri anlamaq və dərk etmək
  5. Digər xalqlarla birləşmək və beynəlxalq əməkdaşlıq qurmaq
  6. Beynəlxalq konvensiyalar çərçivəsində həll edilməli olan qlobal problemlərə dair razılaşmaların müdafiəsi və təbliği
  7. Qlobal bərabərlik və ədaləti bütün cəmiyyətlər üçün qorumaq məsuliyyəti

Müasir dövrdə insanları qlobal vətəndaşlığın müxtəlif dəyərləri və əsas prinsipləri haqqında maarifləndirmək hər şeydən vacib məsələdir. Bu baxımdan qlobal vətəndaşlıq haqqında təhsilin bir sıra üstünlükləri var. Belə təhsil şagird və tələbələrə müxtəlif təhsil müəssisələrində yaxşı dəyərlər və etik davranışların mənimsənilməsinə şərait yaradır ki, nəticədə onlar ətraflarındakı hər bir insana bərabər və son dərəcə hörmətlə yanaşmaq məsuliyyətini dərk edirlər. Beynəlxalq təhsil vasitəsilə gənclər problemə müxtəlif aspektlərdən baxmağı, tənqidi düşünməyi, səmərəli fikir mübadiləsi aparmağı və başqaları ilə yaxşı işləməyi öyrənirlər.

Bu gün ticarət, nəqliyyat və informasiya texnologiyalarının inkişafı sayəsində dünya kiçilir və dünya əhalisi artır. Nəticədə, bütün dünya xalqları ilə qarşılıqlı asılılığımız güclənir. Bazarlar, media, hərbi güc və immiqrasiya məsələləri milli dövlətlər və cəmiyyətlər daxilində daha mürəkkəblik yaradır. Bu proseslərin yaratdığı çətinliklərə cavablardan biri məhz qlobal vətəndaşlıq ideyasıdır. Qlobal olmaq qlobal düşünə bilmək deməkdir. Dünyada iqlim dəyişikliyi təhlükəsi, aclıq və ekoloji fəlakətlər kimi faktlar artıq bizdən təkcə yerli və ya milli problemlərin həlli üçün hərəkət etməyi deyil, eyni zamanda ümumi şüurla bütün bəşəriyyət üçün nəsə etməyi tələb edir. Qlobal vətəndaşlıq məsuliyyət sahələri, dəyərlər və hüquqlar baxımından bir çox problemlərin həllində əməkdaşlıq etmək imkanı verir.

Qlobal vətəndaşlıq yuxarıda qeyd olunan məsələlərdə imkan baxımından dəyərləndirilərkən, qeyri-müəyyənlik yaratdığı və ya reallaşması çətin olan ideyaları ehtiva etdiyi üçün bəzi seqmentlər tərəfindən utopik olaraq qiymətləndirilmişdir. Lakin bu anlayış istər fürsət, istər utopik bir fikir, istərsə də qeyri-müəyyənlik kimi qəbul olunsun, bizim üçün vacib olan, ortaq şüur yarada biləcək, maarifləndirməni artıracaq düşüncə sisteminin bütün cəmiyyətlər tərəfindən qəbul edilərək davamlı bir dünyada yaşamaq üçün ehtiyat tədbirləri tələb edən məsələlərin müzakirə oluna və həll oluna biləcəyi fəaliyyət sahələri yaratmaq və buna xidmət edəcək müzakirə platformalarını müəyyən etməkdir.

Ədəbiyyat:

Aytən Əliyeva,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi

 

 

 

 

 

Şərh Yaz