Şəhid Novruz Həmzəyevin medalı ailəsinə təqdim edilib             

Bu gün İsmayıllıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Novruz Həmzəyevin anım günü qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər. Şəhidlər xiyabanında öncə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs ediblər.

Anım mərasimində N.Behdiyev adına 6 saylı məktəbin şagirdlərinin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını ifadə ediblər.

Sonra Novruz Həmzəyevin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub, şəhidin “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ailəsinə təqdim edilib.

Şərh Yaz