Heç bir papaq yiyəsiz qalmır – SƏNƏTKAR                       

Müsahibə

 Papaqçı Abdulla Dadaşov: “Könüllü şəkildə aldanmaq istəyənlər Çin papaqlarına üstünlük verirlər”

İsmayıllıya gedəndə yolumu tarixi Lahıc qəsəbəsindən saldım. Düzü, Lahıca gedən sıldırımlı yolları sevmədiyimə görə, Şamaxının Dəmirçi kəndindən uzanan yeni yolla getdim. Güzarını oralardan salmaq istəyənlərə deyim ki, həmin yol çox rahat, hamıya bəlli digər yola nisbətən daha təhlükəsizdir. Lahıc hər zamankı kimi izdihamlı idi, həm yerli, həm də əcnəbi turistlərə qucaq açan bu tarixi məkana hər dəfə gələndə əvvəlki səfərlərdəki sayaq könlümü oxşayır. Öz tarixini, kimliyini qoruyan hər kəs və hər yer kimi Lahıc da daim insanlar üçün maraqlı yer olaraq qalır. Lahıcda şıdırğı alverin getdiyi məşhur küçədəki həyətlərin birində yerləşən çayxanada “Min bir şəfa” çayı içəndən sonra yol yorğunluğu bir andaca əriyib yox oldu. Onu da deyim ki, “Min bir şəfa” çayı xüsusi qaydada və bir neçə otun, çiçəyin qarışığından hazırlanır. Müştərilərə, adətən, iki çaynik çay verilir, çaydanların birindəki çay qırmızı, o biri isə sarı rəngdə olur. Lahıca yolu düşənlərə deyim ki, səfər ərzində “Min bir şəfa” çayı içməyə mütləq vaxt tapsınlar, peşman olmazlar… Qərəz, Lahıcda küçədə gəzərkən oğluma papaq almaq eşqinə düşdüm və bu məqsədlə papaqçı dükanına girdim. Lahıcla bağlı ümumi təəssüratlarım burda qalsın, sizə kimdən deyim, bu qəsəbədəki sonuncu papaqçı Abdulla Dadaşovdan:

– Müasir dövrdə gündəlik həyatda ötən əsrdəki qədər papaq qoyulmur. Ancaq siz bütün bunlara baxmayaraq, peşənizi sevərək yaşadır və papaqçılığa davam edirsiniz. İndiki reallıqda bu işlə məşğul olmaq sizin üçün peşə təəssübüdür, yoxsa ruzi vasitəsi?

– Daha çox sənəti qorumaq üçün bu peşə ilə məşğul oluram. Bu kənddə yeganə dərzi və papaqçı mənəm. Bir vaxtlar bizim kənddə 10-15 dərzi, papaqçı vardı. Mən 15 yaşımdan bu sənəti öyrənmişəm, 50 ildən çoxdur ki, bu sahədə işləyirəm. Nəvəmə öz sənətimi öyrədirəm ki, heç olmasa bu dünyada adım, izim qalsın. Cavanlardan kimsə yanıma gəlib bu sənəti öyrənmək istəsə, məmnun olar və təmənnasız şəkildə bildiyimi əsirgəmərəm. Onu da deyim ki, papağa meyildən, ümumən insanların alıcılıq qabiliyyətindən narazı deyiləm. Həm yerli, həm də xarici turistlər müxtəlif quruluşlu papaqları alıb aparırlar. Lahıca gələn heç kəs buradan yadigarsız getmir, mütləq nə isə alır.

– Qış aylarında Lahıca turistlər az gəlir. Bəs onda papaqların qazancı ilə keçinə, yaşayışınızı təmin edə bilirsinizmi?

–  Mən papağın qazancı ilə yaşamıram ki, təqaüdçüyəm, qəsəbə yeridir deyə, əkin-biçinimiz olur. Üstəlik, bir az da papaqdan qazanıram, Allah bərəkət versin, heç nədən narazılığım yoxdur.

– Satmadığınız, qədim əşya kimi qoruyub saxladığınız papaq varmı?

– Yox, elə papaqlarım yoxdur. Sadəcə mağazamda bahalı papaqlar var ki, onları, adətən, kənara qoyuram, çünki onların öz alıcısı olur. Bu mağazada papaq qalmır, hansı papağı tikirəmsə mütləq alıcısı gəlib alır. Heç bir papaq yiyəsiz qalmır.

– 2018-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edərkən yerli camaat ilə də görüşüb səmimi ünsiyyət qurmuşdular. Baxıram ki, cənab Prezident İlham Əliyevlə şəklinizi divardan asıbsınız. Həmin şəkildə cənab prezident milli papaq qoyub. O günü necə xatırlayırsınız?

– Çox gözəl xatırlayıram. Həmin günü heç zaman unuda bilmərəm. Cənab Prezident həmin gün bir papaq götürüb başına qoydu və xoş duyğularla dedi ki, bu papaq mənə yaraşdı. Mən də dedim ki, papaq sizə qurbandır, cənab Prezident. Mənim üçün çox böyük şərəfdir ki, cənab Prezidentə papaq bağışlamışam və onun kimi hörmətli, dəyərli bir insan həmin papağı özü ilə Bakıya aparıb.

– Bir az da yaradıcı prosesdən danışaq. Hansı papaq qəlibləri ilə işləyirsiniz?

– Əsasən bir qəliblə işləyirəm. Qəlib yalnız ölçü üçün deyil, papağın içərisinin səliqəli alınması üçün də çox vacibdir. O qədər papaq tikmişəm ki, artıq gözlərim, əllərim də qəlibə çevrilib. Papağa, müştərinin başının quruluşuna baxanda dəqiq ölçünü tuta bilirəm, amma yenə də qəlib gərəklidir. Sənətkarın gücü onun öz sənətini dəqiq bilməsindədir. Nizami Gəncəvi necə deyirdi:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

– Hazırda Çin malları dünyanı başına götürüb. Çində tikilib Sədərək bazarında satılan papaqların sizin papaq alış-verişinizə təsiri  varmı?

– Əslində, yox. Çünki əl işi axtaran alıcı heç zaman Çin malı almır, yaxud sex malı istəmir. O, mütləq dəri mal üçün sənətkara, papaqçıya üz tutur. Könüllü şəkildə aldanmaq istəyənlər Çin papaqlarına üstünlük verirlər. Bir də görürsən, biri papağın qiymətini soruşur, deyirəm ki, 150 manat, gedib bir az qabaqdan alverçidən parça papağı 15 manata alır. Gəlib deyir ki, siz papağı niyə belə baha verirsiniz? Onda izah edirəm ki, dəri papaq başqadır, parça papaq başqa. Ucuz mala meyl edənlər çoxaldıqca, əl işlərinin qiyməti ölür. Hələ papaqçılığa başladığım ilk gündən bu vaxta qədər heç kəsə ucuz papağı baha qiymətə satmamışam. Bəzən müştəri bilərəkdən eyni papağın qiymətini bir neçə dəfə soruşur ki, görsün fərqli rəqəmlər deyəcəyəm, ya yox. Görür ki, qiyməti dəyişmirəm, pərt olur. Çünki sənətə haram qatdınsa, mütləq ziyan görürsən, nədəsə itki verirsən. Bəzi sənətkarlar öz işlərinə həddən artıq dəyər verirlər və buna görə malın qiymətini iki-üç mislinə qədər qaldırırlar. Amma mən ən bahalı papaqdan belə 20-30 manatdan artıq pul qazanmıram.

– Papaqların qiyməti təxminən neçə manat arasında dəyişir?

– Qiymətlər dərinin növlərindən asılıdır, 100 manatdan 500 manat arası dəyişir. Parçadan tikilən papaqların ömrü bir neçə aydır, amma dəri əsrdən əsrə adlayır. Usta papaqçıların dediyi kimi:

Kim ki büründü palaz, –

Axşamdan oldu xilas.

Kim ki geyindi keçə

Keçindi yarı gecə.

Kim ki geyindi dəri, –

Kəndə apardı xəbəri.

– Bu kəndin əsas papaqçısı kim olub, usta kimi xatırladığınız biri varmı?

– Usta Əbdülün adını çəkə bilərəm. Onun əl işləri başqa papaqçılardan seçilirdi. Məsələn, onun tikdiyi papaq kənardan tanınırdı. Novruz bayramında babam bizi həmin ustanın yanına aparıb həm paltar, həm də papaq alırdı.

– Çoban papaqları da tikirsiniz…

– Rəqs üçün daha çox bu papaqlardan alırlar. Yaxud da, kimlərsə şəkil çəkdirmək üçün maraq göstərir. Mən jilet, çuxa və sair də tikirəm. Qızım isə xalça, palaz toxuyur.

 Söhbətləşdi: Fərid Hüseyn

Şərh Yaz