Şanlı Qələbəmiz dövlət-xalq birliyindən doğuldu

30 ildir həsrət və əzab çəkən Vətən torpağına parlaq günəş doğdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı zəfər yürüşü sayəsində tarixi ədalət bərpa olundu. Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi. 44 günlük Vətən müharibəsinin qəhrəmanları – şəhidlərimiz və qazilərimiz ölümün gözünə dik baxdılar, sinələrini düşmən gülləsinə sipər etdilər. Təki Vətən yaşasın, – dedilər. Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə olunan şanlı Qələbə hamımızı sevindirdi. Azərbaycan xalqı Vətənin bütövlüyü naminə sağlamlıqlarından və canlarından keçən övladlarını heç zaman unutmayacaq.
Unutmayaq ki, bu, Qələbəni bizə dövlətlə xalqın birliyi bəxş etdi. Bundan sonra, əbədi olaraq bu birliyi qorumaq və möhkəmləndirmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcu olmalıdır. Qələbə sevincini xalqımıza yaşadan qəhrəman Vətən övladlarını, onların şücaətlərini unutmamalı, unutdurmamalıyaq! Müharibənin bitməsinə baxmayaraq, yenidən və həmişəlik  həmrəy olmalıyıq.

2020-ci ili böyük tarixi Zəfərlə başa vuran Azərbaycan 2021-ci ili “Böyük qayıdış” planlarının reallaşdırılması, erməni vandallarının viran qoyduğu şəhər və kəndlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işləri ilə başa çatdırmaq əzmindədir. Söz yox ki, bu işlərə tələb olunduğu qədər diqqət, zaman və maliyyə qarşıdakı illərdə də sərf olunacaqdır.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri artıq ənənə halını alıb. Ölkə Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur.

Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, tarixi qələbədən sonra erməni təcavüzkarları tərəfindən xarabalıqlara çevrilən şəhər, rayon, qəsəbə və kəndlərimiz qısa zaman ərzində sürətlə inkişaf edəcək, dünyanın inkişaf etmiş məkanlarının sırasına qoşulacaq.

44 günlük Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün Azərbaycanın “Böyük Qayıdış”ını reaalığa çevirib. Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlara səfərləri erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış şəhər, rayon və kəndlərin bərpası,  yenidən qurulması layihələri üçün elə yerindəcə qərar qəbul etmək məqsədi daşıyır. Eyni zamanda, həmin ərazilərdə yol-nəqliyyat infrastrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, mavi yanacaq, bir sözlə, yaşayış üçün zəruri olan digər tələbatların ödənilməsi istiqamətində ciddi əsaslar yaradır.

Böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirənlər sırasında ədliyyə işçilərinin də qətiyyət nümayiş etdirməsi qürurvericidir. Səfərbərlik dövründə ədliyyə və məhkəmə orqanlarının yüzlərlə əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanıb, yüksək vətənpərvərlik nümunəsi göstərib. Döyüşlərdə iştirak edən ədliyə əməkdaşları arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da olub. Onların hər birinin və ailə üzvlərinin qayğıları gündəlik diqqətdədir.

Vətən müharibəsində ordumuzun uğurları, torpaqlarımızın işğaldan azad olunması xəbərləri ədliyyə orqanlarında da sevinc hissi ilə qarşılanıb. Torpaqlarımızın azad edilməsi xəbərləri böyük coşqu ilə qeyd olunub, ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.

Hər bir tədbirdə xalqımıza hədsiz fəxarət hissləri yaşatdığı üçün ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunmaqdadır. Xalq əldə olunan uğurlara görə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya hər an minnətdarlıq edir və işğaldan azad olunmuş torpaqlarımızın tezliklə dirçələcəyinə, əminlik ifadə edir.

Qeyd olunanlarla yanaşı ədliyyə orqanları və məhkəmələr Azərbaycan ədliyyəsinin tarixi inkişaf yolu, xalqımızın Vətən müharibəsində Zəfər yürüşünə aid yazılarla mətbuatda çıxışlar edib, hərbçilərimizə sovqatlar göndərib, yaralılara baş çəkib, könüllü qanvermə aksiyaları keçiriblər .

Bir sıra Dövlət bayramlarını qeyd etdiyimiz noyabr ayında Şuşanın işğaldan azad olunması günü, tarixi Qələbəmiz, reşə bayramımız münasibətilə həmkarlarımı –  bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində, eləcə də xalq və dövlət birliyi kimi mühüm əhəmiyyət kəsb edən məsələdə yeni-yeni nailiyyətlər, uğurlar arzulayıram!

Peşə bayramımızı Qələbə sevinci ilə qeyd etməyimizdən bir vətəndaş kimi qürur duyuram. Bu tarixi günləri bizlərə yaşatdığına görə ölkə Prezidentinə dərin minnətdarlıq edir, Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşməyin bir həyat həqiqəti olmasını hamıya çatdırmaq istəyirəm. Bayramınız mübarək, əziz həmvətənlər!

Azad və gözəl Azərbaycanımızın sülh, firavanlıq və təhlükəsizlik qarantı olan Ali Baş Komandanına eşq olsun!  Qarabağ Azərbaycandır!

Namil Cəbiyev,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı Rayon Qeydiyyat Şöbəsinin rəisi

Şərh Yaz