Tarixdən gələn igidlik                             

Tarixən Azərbaycan xalqı müxtəlif dövrlərdə yağı düşmənlərə qarşı igidliklə mübarizə aparmışdır. “Kitabi-Dədə Qorqud” dastanında Qazan xan, Bamsı Beyrək, Ərəb Xilafətinə qarşı vuruşmuş Cavanşir, Babək, dövlət başçısı-sərkərdə Şah İsmayıl Xətai, ədalətsizliyə qarşı döyüşən Koroğlu, Çar Rusiyasına qarşı mübarizə aparmış Qaçaq Nəbi, milli mübarizə döyüşçüsü Səttarxan və digərləri daim igidlik simvolu kimi tanınmış və hər bir azərbaycanlı üçün qürur mənbəyi olmuşdur. İkinci dünya müharibəsində də Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə əzm və fədakarlıq göstərmişdir.  

 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı da vətəni qoruyan igidlərimiz, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü naminə tərəddüd etmədən öz canlarını qurban vermişlər,  sağlamlığını itirmişlər. İgidlərimizin  yenilməz iradəsi, tükənməz gücü və  cəsarəti  bütün dünyaya nümunə olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlaması, Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi dövlətimizin hərbi və siyasi gücünü bütün dünyaya göstərdi.  Dünya hərb tarixində yeniliyə imza atan, düşmənə dərs verən qəhrəmanlarımız Azərbaycan tarixində şanlı Zəfər səhifəsi yazdı, 30 illik düşmən əsarətinə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. “Dəmir yumruq” adı verilən əməliyyat düşmənin başını əzdi, Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi, xalqın öz gücünə inamını bir daha özünə qaytardı.

Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, ən əsas da sarsılmaz xalq-prezident birliyi qələbəmizin əsasını qoydu. Bu birliyin nümunəsidir ki, Azərbaycan ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı rəşadətli əks-hücum əməliyyatları gənclərimizdə, eləcə də orta yaşlı nəsil arasında vətən sevgisindən doğan döyüş ruhunu göstərdi. O məqamda hamımız möhtərəm cənab Prezidentimizin ətrafında bir yumruq kimi birləşdik. Körpə uşaqdan tutmuş, ahıl yaşlılara qədər hər bir vətəndaşın göstərdiyi əzm, şücayət  yenilməz ordumuzun gücünə güc qatdı.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək, yağı düşmən üzərində tarixi qələbəni qazandı.

Azərbaycan xalqının yenilməz milli birlik göstərdiyi 27 sentyabr günü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.

Torpaq – uğrunda ölən varsa, Vətəndir! – deyiblər. Azərbaycanımızın tarixi qələbəsi də Vətən oğullarının müqəddəs qanları bahasına qazanılmışdır. Torpağı vətənə çevirən, torpaqlarımızın azadlığı uğrunda həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz şücaət, qəhrəmanlıq göstərərək Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və hərbi texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər və zabitləri  dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən müvafiq orden və medallarla təltif edilmişdir.

Bizə qələbə sevincini yaşadan, tariximizə Zəfər səhifəsini qızıl hərflərlə həkk edən qəhrəman şəhidlərimiz haqqında nə qədər yazılsa da, danışılsa da yenə azdır. Şəhidlərimizin göstərdikləri şücaət, keçdikləri döyüş yolu, onların yüksək iradə, mənəvi keyfiyyətləri  hər birimiz üçün nümunə, gələcək nəsillər üçün mirasdır. Şəhadəti ilə tarix yazan, Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə  ehtiva edən igidlərin xatirəsini ehtiramla yad edir, müqəddəs ruhu qarşısında baş əyirik. Qəhrəman Azərbaycan oğullarının yenilməzliyi sayəsində üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarda dalğalandı, torpaqlarımız düşməndən azad edildi. Qanları ilə tarix yazan qəhrəmanlarımızı heç zaman unutmayacağıq. Təcavüzkar Ermənistanın vətənimizə qarşı növbəti təxribatına tutarlı cavab verən, düşməni darmadağın edən ordumuza, torpaqlarımızın azadlığı uğrunda döyüşən igid əsgərlərimizə dərin minnətdarlığımızı bildiririk.

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Vüqar Əhmədov,

İsmayıllı Rayon Məhkəməsinin böyük məsləhətçisi

Şərh Yaz