Müstəqillik Azərbaycanın siyasətinin başlıca prinsipidir                           

Məlumdur ki, hər bir ölkə üçün prioritet məsələ müstəqilliyin qorunması fonunda dayanıqlı inkişafın təmin olunmasıdır. Buna müvəffəq olmaq üçün isə hakimiyyət tərəfindən xalqın maraqlarını, dövlətin mənafeyini əks etdirən daxili və xarici siyasət həyata keçirilməlidir. Bu mənada, Azərbaycan nümunəvi reallıqlar formalaşdırmağı bacaran qabaqcıl ölkələr sırasında yer alır.

Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsi zamanı vurğulayıb ki, heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra Ermənistanla öz sərhədimizə çıxdıq. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi – bunu dayandırın. Azərbaycan mesajını dostcasına bildirib. Əfsuslar olsun ki, Azərbaycanın xəbərdarlığına adekvat cavab verilmədi. Bundan sonra ölkəmiz diplomatik nota hazırladı, səfir dəvət olundu və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik.

O da qeyd olunub ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Ölkənin xarici siyasəti tamamilə hər hansı xarici hökmranlıqdan azaddır və praqmatik xarakter daşıyır. Ölkənin mövqeyi məhz bu prinsiplər əsasında formalaşdırılır.

İkinci Qarabağ müharibəsində Qələbə bir çox ölkələr üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.

Bundan əvvəl uğurlu sahibkar olan Prezident İlham Əliyev fəaliyyəti ilə əlaqədar biznesdə öz birbaşa iştirakını dayandırmış və biznesini öz ailəsinə ötürmüşdür. Ailəyə məxsus olan bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Fond Qarabağda aparılan bir çox işlərdə iştirak edir. Məsələn, Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Beş mindən çox qaçqın ailəsi üçün evlər tikilib. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq və iradələrinə tabe etsinlər.

Ölkə başçısı İlham Əliyev: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm” fikirlərini səsləndirməklə xalqına, dövlətinə necə sadiq bir Prezident olmasını bütün dünyaya bir daha bəyan etdi.

Ülviyyə Zeynalova,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz