Qubadlının azad edilməsi Böyük Zəfəri yaxınlaşdırdı                        

23 avqust 1993-cü ildə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bu işğal nəticəsində 29997 nəfər Qubadlı rayonunun sakinləri olan məcburi köçkünlər respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. İşğal nəticəsində bir çox yaşayış məntəqəsi, mədəniyyət obyektləri, məscidlər, körpülər dağıdılmış, yararsız vəziyyətə salınmışdır.

Qubadlı rayonu Azərbaycanın cənub qərbində yerləşir. Əsasən dağlıq ərazidə yerləşir. Bu rayon qərbdən Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Qubadlı rayonu faydalı qazıntıları ilə də dünyada tanınır. Rayonda Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yaşəm yatağı, Qundanlı, Muradxanlı kəndlərində mərmərlənmiş əhəng daşı yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qubadlının işğaldan azad olunması Böyük Zəfərlərimizdən biri idi. Bu əməliyyat bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti əməliyyat Qubadlı oldu. Ermənilər bu şəhərdə güclü istehkamlar qurmuşdular. Qubadlını işğaldan azad etmək üçün ilk öncə yüksəkliklər ələ keçirilməli idi. Çünki düşmən bu yüksəklikdən müntəzəm olaraq ordumuza atəş açırdı. Ona görə də bu yüksəklikləri ələ keçirmək böyük peşəkarlıq tələb edirdi. İlk öncə şəhərə hakim olan yüksəkliklər götürüldü, daha sonra ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad oldu. Ən əsası strateji yüksəkliklər ələ keçirildi. Bütün bunlardan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşmənlərdən təmizlədilər.

2020-ci il 23 dekabr tarixində ölkə Prezidenti İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Həqiqətən də Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Qubadlı şəhərinin azad edilməsi Böyük Zəfərin ilk addımları idi.

Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu Böyük Qələbələri ilə tarix yazdı.

Günel Muradova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ingilis dili müəllimi

 

 

 

 

Şərh Yaz