Yaddas kitabcasi

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərini təbrik edib 

                                        Əziz müəllimlər!

 

Ümummilli liderimiz Heydər Əliyev demişdir: Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. O, həmçinin müəllimlik sənətinin şərəfli bir sənət olduğunu bildirmişdir. Ona görədə ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin həmişə üstün gözləntisi olub.

Qeyd edim ki, tarix sübut edib ki, təhsildə inkişaf olmadan millətin və dövlətin tərəqqisi mümkün deyil. Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda xəyali danışdığımız gələcək gözlədiyimizdən daha çox tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır, ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir.

Ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində İsmayıllı rayonunda xeyli işlər görülüb. Rayonda yeni məktəblər tikilir, əsaslı təmir edilir, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilir.

Təhsilin cəmiyyətin inkişafında önəmini bilən və ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısını nəzərə alan müəllimlərimiz pandemiya dövüründə də əllərindəki bütün imkanlardan istifadə edərək gələcəyimiz olan övladlarımızın, şagirdlərimizin təhsilsiz qalmamaları üçün çalışdınız. Məhz sizin bu fədakar əməyinizin nəticəsində daim öndə olan İsmayıllı təhsili “Təhsil İsmayıllının brendidir” deyimini qoruyub saxladı. Məktəblilərimiz və məzunlarımız uğurlu nəticələri ilə bizləri sevindirdilər.

Təhsildə qazanılan uğurlarla yanaşı ölkəmizin tarixində qızıl hərflərlə həkk olmuş 44 günlük Vətən müharibəsində təhsil işçilərimiz həm arxa cəbhədə, həm də ön cəbhədə öz fədakarlıqlarını bir daha nümayiş etdirdilər. Könüllü olaraq ön cəbhədə düşmənlə qəhrəmancasına vuruşan müəllimlərimiz öz qanları ilə tarix yazdılar. Bu tarix yetişən gənc nəslin, o cümlədən şagirdlərimizin yaddaşında əbədi olaraq qalacaqdır.

Əziz müəllimlər!

Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!

Şərh Yaz