Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi                           

Oktyabr ayının 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində şəhid Fuad Nəcəfovun doğum günü qeyd olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib. Qeyd edib ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, Beynəlxalq təşkilatların, böyük güc dövlətlərinin qəbul edib, 30 ildə yerinə yetirə bilmədikləri qərarları Azərbaycan xalqı 44 günə yerinə yetirdi. Bu qələbənin qazanılmasında, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimiz var.  Onları dərin hüznlə yad edir, ruhları qarşısında baş əyirik.  Sağlamlığını itirən qazilərimizə şəfa diləyirik.

Şəhidin yaxınları Fuad Nəcəfovla bağlı xatirələrini, göstərdiyi qəhrəmanlıqlardan, vətənpərvərliyindən danışıblar. Qalınçaq kənd tam orta məktəbinin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndirib. Tədbir iştirakçıları Fuadın yaşadığı evində xatirəsinə yaradılmış guşəyə baxış keçirib, məzarı ziyarət ediliblər.

Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Hərbi Dəniz Qüvvələrində keçib. 2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 avqust 2010-cu il tarixli əmri ilə miçman hərbi rütbəsi alıb. Xidmət dövründə “Azərbaycan Ordusunun 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”ları ilə təltif edilib. Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrininin xüsusi təyinatlılarının tərkibində döyüşlərdə fəal iştirak edərək qələbənin qazanılmasında müstəsna xidmətləri olub. 2020-ci ilin oktyabr ayının 7-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Qalınçaq kənd məzarlığında dəfn edilib.

Fuad Nəcəfov göstərdiyi qəhrəmanlıqlara görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  “Qarabağ ordeni”, “Vətən uğrunda”,  və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz