Şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub                       

 

4 oktyabr 2021-ci il tarixində İsmayıllı rayonunun Qalınçaq kəndindən olan şəhid Tural Rəcəbalıyevin ad günü məzarı yanında qeyd olunub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib, sonra çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini vurğulayıb. Çıxış edən şəhidin yaxınları Tural Rəcəbalıyevla bağlı xatirələrdən, onun göstərdiyi qəhrəmanlıqlardan və vətənpərvərliyindən danışıblar. Tədbirdə Qalınçaq kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunan şeirlər səsləndirib. Sonra tədbir iştirakçıları Turalın yaşadığı evində onun xatirəsinə yaradılmış guşəyə baxış keçirib.

Məlumat üçün bildiririk ki, Tural Rəcəbalıyev 1990-cı il oktyabrın 4-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanı və 2010-cu ildə hərbi xidməti başa vurub. Lakin hərbiyə olan sevgisi Turalı yenidən hərbi xidmətə qaytarıb. Zirehli texnikalara olan marağı onu tank sürücüsü ixtisasını öyrənməyə vadar edib. Müqavilə müddəti bitdikdən sonra Qalınçaq kəndinə qayıdıb. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinə könüllü olaraq yollanmışdır. Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. 23 noyabr 2020-ci ildə xidməti tapşırığı yerinə yetirərkən şəhid olmuş və Qalınçaq kənd qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, Tural Rəcəbalıyev göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Şərh Yaz