Ömür yoluna nəzər salanda heyfslənmir                        

Tarixin bəxş etdiyi ömrü mənalı yaşamaq, elin-obanın dilində və qəlbində xeyirxah, əməlisaleh bir insan kimi qalmaq böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik hər kəsə nəsib olmur. Özü də bu yüksək insani keyfiyyətlərin daşıyıcıları o vaxt daha çox hörmət-izzət sahibi olur ki, cəmiyyət onların nəcib əməllərinin təmənnasız olduğuna ürəkdən inanır, bu əməllərin işığını öz həyatında hiss edir.

Haqqında yazmaq istədiyimiz eloğlumuz, bu yaxınlarda yetmiş yaşı tamamlanmış Vəzirxan Əlixan oğlu Fətəliyev məhz belə bir ömür yaşayır.

Heç kəsdən minnət götürmədən, heç kəsə minnət qoymadan yaşamaq! – Vəzirxan müəllimin uzun illər yaxından tanıyan bir şəxs kimi, bu fikirləri əminliklə deyirəm. Onun mənəvi təmizliyinə, ürəyinin genişliyinə, milli təəssübkeşliyinə, kəndi-kəsəyi, camaatı üçün can yandırdığına görə həmişə hörmətli, sayılıb-seçilən bir insan olduğunun şahidiyəm.

Vəzirxan Fətəliyev İsmayıllımızın Xanagah kəndində 1951-ci ilin 12 oktyabrında dünyaya göz açıb. 1957-ci ilin sentyabrında Xanagah kənd ibtidai məktəbinin birinci sinfinə daxil olub, orta təhsil almaq üçün İsmayıllı şəhər 1 nömrəli orta məktəbinə gəlməli olub. 1968-ci ildə müvəffəq qiymətlərlə oranı bitirib. Elə həmin il sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna verib, imtahanlardan uğurla keçərək tələbə adını qazanıb. 1972-ci ildə institutu bitirib coğrafiya müəllimi ixtisasına yiyələnib.

Bir müddət Xanagah kənd səkkizillik məktəbində coğrafiya müəllimi işlədikdən sonra, 1974-1975-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən müəllimliyini davam etdirib. Bacarığı, iş təcrübəsi nəzərə alınaraq 1976-cı ildən 1981-ci ilə kimi çalışdığı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ona etibar olunub.

1981-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının Ekologiya Komitəsinin İsmayıllı Dövlət Qoruğunda elmi işçilər üzrə direktor müavini, 1992-ci ildən 1994-cü ilədək Xanagah kənd orta məktəbinin direktoru, həmçinin İsmayıllı Dövlət Qoruğunda baş elmi işçi və direktor vəzifələrini icra edib. Bütün bu illərdə o, güclü coğrafiya müəllimi, hamının hörmət etdiyi rəhbər və ziyalı olub.

Vəzirxan müəllim dövlətə, dövlətçiliyə sədaqətli insandır. O, 2006-cı ildən YAP-ın üzvüdür. Partiyanın tədbirlərində, icra aparatının, bələdiyyənin işlərində yaxından iştirak edir. 2007-ci ildən Xanagah bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilib. Bu işin də öhdəsindən ləyaqətlə gəlib. Odur ki, onun xətrini vəzifə adamları da, sadə vətəndaşlar da çox istəyir. Vəzirxan müəllim kəndin bütün tədbirlərdə ağsaqqallıq edən, xeyir-dua, məsləhət verən, sinədəftər bir ziyalı kimi də tanınır, camaat içində sevilir, istənilir. Camaatın xeyrinə-şərinə yarayan insandır.

V.Fətəliyev öz ömür yoluna nəzər salanda heyifsilənmir. Çünki 70 illik həyatının çox hissəsini elinə, obasına, torpağına, doğma təbiətə həsr edib. İşindən zövq alaraq ucalıb, yaşının kamillik çağına çatıb. O, müəllimlik, həm də ekologiya sahəsi üzrə işlərində nümunəvi iş qurub. Onun baş şüarıdır ki, “Ekologiya qorunsa, həyat qorunar. Təbiət bizim üçün ən böyük sərvətdir. Təbiətsiz həyat ola bilməz”. Onun üçün illər çox məhsuldar və uğurlu ötüb, harada çalışıbsa, öz sadəliyində, səmimiyyətinə qalıb. Vəzirxan müəllim yeddi onillik yola salsa da xasiyyətcə dəyişməyib. Dostluğuna, səmimiyyətinə, sadəliyə həmişə sadiq olub. Hörmət qazanıb, öz ləyaqətini qoruyub.

Vəzirxan müəllim kənd fəalları ilə birlikdə kəndin quruculuğu işlərində həmişə öndə gedənlərdən olub. Kəndin inkişafı ilə qəlbən sevinib. Qəbristanlığın ətrafının hasara alınması və qorunması da onun təşəbbüsü olub. Kəndin problemlərinin həll olmamasında böyük işlər görüb.

Vəzirxan Fətəliyev 2007-ci ilin iyun ayının 1-dən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd inzibati ərazi dairəsinin üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə irəli çəkilib. Bu işdə də o həmişə öndə olub. İşlədiyi dövrdə -2015-ci ilə kimi dövlət işinə sədaqəti, həm də el-obaya bağlılığı ilə hörmət qazanıb. Bəziləri kimi, işindən, həyatından giley-güzar edən olmayıb. Təbii olaraq, çalışdığı müddətdə müxtəlif xasiyyət və  səviyyə adamları ona müraciət edib. O hamını razı salmaq, hamıya kömək etmək üçün əlindən gələni əsirgəməyib. Əməyinə müxtəlif vaxtlarda Fəxri fərman, Diplom və qiymətli hədiyyələrlə dəyər verilib.

Ömür yolunun böyük bir hissəsini onunla birgə addımlayan Məsmə xanımla ailə həyatı qurmasından da razıdır Vəzirxan müəllim. Onlar Xanagah kənd tam orta məktəbində müəllim kimi də çiyin-çiyinə çalışıblar. Hazırda hər ikisi təqaüdçüdür.

Yaradan Vəzirxan müəllimə böyük və açıq ürək, tükənməz mehribanlıq, xoş sima bəxş edib. Elə övladları da ona çəkib, səmimilikdə, sadəlikdə. Üç oğul, bir qız atası, doqquz nəvə babasıdır.

Ömrünün 70-ci ilini tamamlayan Vəzirxan müəllim həyatının mənalı dövrünü yaşayır. Ötən illərin yuxarı pilləsindən geriyə boylandıqda sevilməli, fəxr ediləsi çox şey görür.

Bu ovqatla gözəl insanı rayon Ağsaqqallar Şurasının idarə heyəti adından ürəkdən təbrik edir, ona can sağlığı, uzun və fərəhli ömür arzulayıram!

Hacıməmməd Məmmədov,

 İsmayıllı Rayon Ağsaqqallar Şurasını üzvü

Şərh Yaz