“Modul tipli məktəb zamanın izi ilə”                            

Azərbaycan xalqı zəngin mədəniyyəti, adət-ənənələri ilə bir çox xalqlar üçün əsl örnəkdir. Dünyanın mədəni irs siyahısına düşən və sözün həqiqi mənasında, öz orijinallığı ilə seçilən Qarabağ regionu  hər cəhətdən inkişaf etməkdədir. Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bütün ölkə ictimaiyyəti bu işlərə səfərbər olmuşdur. Əlbəttə, təhsil sahəsi də kənarda qalmır. İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin pedaqoji kollektivi bu sahədə əlindən gələni etməkdədir. 2020-2021-ci tədris ilində Avropa layihələri çərçivəsində İstanbul şəhərinin Tuzla qəsəbəsində yerləşən Tezer Taşkıran adına məktəblə əlaqə quruldu və beşi Şuşa məktəbi, biri isə Laçın rayonu Çıraqlı kənd tam orta məktəbi olmaqla, Qarabağın altı ümumi təhsil məktəbi layihədəki işlərə cəlb olundu. Qeyd edək ki, Tezer Taşkıran əslən şuşalı olan Əhməd bəy Ağaoğlunun qızıdır.

Beləcə, Gəndov kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ceyhun Əsgərovun qurucusu olduğu “Anadoludan Qafqaza könül körpüsü” adlı layihəyə başlanıldı. Layihədəki işlər olduqca orijinallığı və şagirdyönümlülüyü ilə yadda qaldı. Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qurbanovanın da yer aldığı layihənin İstanbul şəhərində dərgisi nəşr edildi.

Artıq 2021-2022-ci tədris ili başlamışdır. İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin layihə quruculuğundaki işləri uğurla davam etməkdədir. Belə ki, bu tədris ilində Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinə qatılan məktəb həm fərdi, həm də ümumi təhsil kateqoriyasında qalib olmuşdur. Ümumi təhsil müəssisəsi kateqoriyasında “Naxışlar dünyasına səyahət – Qarabağ xalçaçılıq məktəbi” adlı layihə ilə məktəbin direktoru Xuraman Qurbanova, fərdi kateqoriyada “Ümumtəhsil müəssisələrinin “dişli çarxlar” modelində əməkdaşlığı – qardaşlaşmış məktəblər” layihəsi ilə dil-ədəbiyyat müəllimi Ceyhun Əsgərov qaliblərdən biri seçilmişlər.

Hər iki layihə məhz Qarabağımıza həsr olunmuşdur. Əgər birinci layihədə qədim sənət sahəmiz olan xalçaçılığın sirləri şagirdlərə aşılanacaqsa, ikinci layihədə İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi, Şuşa şəhər 1 saylı, Şuşa şəhər 7 saylı və Şuşa şəhər 10 saylı tam orta məktəblərin qarşılıqlı əməkdaşlığı qurulacaqdır. Bir məsələni də vurğulamaq istərdim. Modul tipli məktəblər və ümumilikdə isə, ümumi orta məktəblər içərisində Gəndov kənd ümumi orta məktəbi respublikada yeganə məktəbdir ki, V qrant müsabiqəsində hər iki kateqoriyada qalib olmuşdur.

Ümidvarıq ki, bu tədris ilində də məkəbin müəllim və şagird kollektivi yeni-yeni təhsil nailiyyətlərinə imza atacaqdır.

Ceyhun Əsgərov,

İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz