Qayğımızı çəkənlərə minnətdarıq                      

Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin doqquzuncu sinfini bitirmişəm. Hazırda Asəf Zeynallı adına Musiqi Kollecinin tar şöbəsinin tələbəsiyəm.

Etiraf etməliyəm ki, əlaçı olmamışam. Amma məktəbin ictimai işlərində, rayon tədbirlərində öncüllərdən olmuşam. Bu fəallığım Fazil Əzimov adına İsmayıllı Rayon İncəsənət Məktəbinin də şagirdi olduğumdan irəli gəlib.

Babam Cavanşir Sadıqovu rayonda zəhmətkeş bir insan kimi çoxu tanıyır. Onun gündəlik diqqət və qayğısı mənim musiqiyə, bacım Hüsniyyənin isə idmana olan həvəsini adi maraq və məşğuliyyətdən diqqət çəkən bacarığa çevirib. Hüsniyyə təkçə məktəbin deyil, rayonun da idman şərəfini gündən-günə yüksəltməkdədir. Onun bir idmançı kimi beynəlxalq yarışlarda uğurlu iştirakına da ümidvarıq.

İstər mənim, istərsə də bacımın qazandığı uğurlarda təhsil aldığımız məktəbin, orada çalışan müəllimlərin böyük zəhmət payı var. Onların başımıza müntəzəm çəkdiyi sığal bizi işdə, həyatda daha yüksək nəticələr əldə etməyə sövq edib. İnanıram ki, bizdə bu hal  ömür boyu davam edəcəkdir.

Bu məqamda müəllimlərin adını çəkməsəm də yəqin ki məni bağışlayarlar. Amma məktəbin direktoru Ramil Dadaşova ailəmiz adından minnətdarlıq etməyi özümə borc bilirəm. İstənilən kollektivdə rəhbərin tələbkar və qayğıkeş olması təqdirə və tərifə layiqdir.

Mən də, bacım Hüsniyyə də həyatda kövrək addımlarımızı atmaqdayıq. Lakin üzərimizdə duyduğumuz məsuliyyət hissi günbəgün artmaqdadır. Çalışacağıq ki, bizə ailədə, məktəbdə göstərilən diqqət və qayğıya cavab olaraq başladığımız işi yeni nailiyyətlər qazanmaqla davam etdirək.

Hüseyn Sadıqov,

tələbə

 

 

Şərh Yaz