Tariximiz və torpaqlarımız haqqında bilgilər artırılmalıdır                          

4 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Cəbrayıl rayonunun işğaldan azad olmasının 1-ci ildönümü ilə əlaqədar “Zəfərə gedən səkkizinci gün” adlı tədbir keçiriblər.

Tədbirdə öncə qəhrəmanlıq göstərərək, döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın əməkdaşları Gülşən Bəşirova və Ruhiyyə Nuğayeva çıxışlarında Cəbrayıl rayonunun 1993-cü ilin avqust ayının 23-də erməni işğalçıları tərəfindən ələ keçirildiyini bildiriblər. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.

2020-ci ilin sentyabr ayının 27-də erməni qəsbkarları cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub.

Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini susduraraq, onların döyüş fəaliyyətinin qarşısının alır,  Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsi işğaldan azad edir.

Daha sonra metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova öz çıxışında respublikamızın hər müəssisəsində olduğu kimi, kitabxanalarda da 29 ildir rayonlarımızın işğal günlərinin qeyd edildiyini diqqətə çatdırıb və bildirib ki, bundan sonra biz şanlı Zəfər tariximizi, rayonlarımızın azad olunma günlərini qeyd etməli, oxuculara əsrarəngiz gözəllikləri ilə insanları məftun edən torpaqlarımız haqqında məlumatlar verməli, fondda olan hərbi vətənpərvərlik ədəbiyyatının təbliği məqsədilə müzakirələr, konfrans və xülasələr keçirməliyik. Məqsədimiz gənc nəsli vətənpərvərlik ruhunda tərbiyələndirmək, onların tariximiz və torpaqlarımız haqqında bilgilərini artırmaq olmalıdır.

Şərh Yaz