ŞANLI ORDUMUZUN DƏMİR YUMRUĞU AZƏRBAYCANA QARŞI İSTƏNILƏN ƏRAZİ İDDİALARINA ƏN TUTARLI CAVABDIR

Erməni ideoloqlarının otuz il ərzində böyük səylərlə hazırladıqları və “yenilməz erməni ordusu” mifinə dayanan ideoloji sütunlar bu gün tamamilə çökmüş vəziyyətdədir. Həm də otuz il bəslənmiş bu mifoloji ideyalar cəmi 44 günlük hərbi əməliyyatlar nəticəsində darmadağın edildi. Azərbaycan öz ərazi bütövlüyünü Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəsilə bərpa etdi və Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və davamlı inkişafa nail olmağın yeganə yolunu hər kəsə açıq-aydın göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Azərbaycanın birmənalı mövqeyini açıqlayaraq bəyan edib ki, biz Ermənistanla sülh müqaviləsinin imzalanmasını, ölkələrimizin bir-birilərinin ərazi bütövlüyünü tanımalarını və sərhədlərin delimitasiyası prosesinin başlamasını istəyirik. Çünki biz Cənubi Qafqazda, hətta bütün dünyada sülhün və əmin-amanlığın, inkişafın tərəfdarıyıq. Ancaq əgər Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiaları xülyaları ilə yaşayırsa, bu zaman bizim Şanlı Ordumuzun dəmir yumruğu onu yenidən qəflət yuxusundan oyatmağa hazırdır.
Əldə olunmuş möhtəşəm Qələbə Azərbaycan Prezidentinin güclü iradəsinin, xalqımızın böyük əzminin və ordumuzun qüdrətinin nəticəsidir: Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bununla belə münaqişənin sülh yolu ilə həlli üçün, torpaqlarımızın işğaldan azad edilməsi üçün də heç bir konkret tədbir görülmürdü. Hətta ərazilərdən erməni qoşunlarının çıxarılmasına dair BMT-nin müvafiq qətnamələri də icra olunmurdu. Artıq bu gün məlum olur ki, əslində bu münaqişənin həlli heç nəzərdə də tutulmamışdı. Beynəlxalq təşkilatlar sadəcə, vaxtı uzadaraq Azərbaycanı işğal vəziyyəti ilə barışmağa sövq etməyə çalışırdılar. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu.

2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn bu dəfə də haqlı olduğunu bütün dünyaya göstərdi.
Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Silahlı Qüvvələrdə aparılan islahatlar Azərbaycan Ordusunu bugünkü səviyyəyə qaldırdı. Bu gün Şanlı Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.
Bu tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Azərbaycana öz ərazi bütövlüyünü təmin edə bilmək üçün ilk növbədə əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq lazım idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatlara xeyrimizə olan qərarlar qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu.

Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Digər tərəfdən isə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı.

Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətə düşdü. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı. Qardaş ölkələr – Türkiyə və Pakistan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəklərini göstərdilər.

Nəhayət, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Hafiz Kərimov,

Azərnaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri

 

Şərh Yaz