Qubaxəlilli kəndində xatirə kompleksinin açılışı olub        

          İsmayıllı rayonunun Qubaxəlilli kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.

Açılış mərasimində RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, müəssisə, təşkilat nümayəndələri, şəhidlərin yaxınları iştirak ediblər.

Pandemiya qaydalarına uyğun təşkil olunan tədbir Dövlət himni səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə əklil və gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıb. Şəhidlərimizinin qanının yerdə qoymadığını vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində Qubaxəlillidən olan döyüşçülərin də rolunun olduğunu bildirib. Abidənin inşasında əməyi olanlara təşəkkür edib.

Çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən söz açıb, qazanılan Qələbə, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün Prezident cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbir Qubaxəlilli kənd tam orta məktəbi şagirdlərinin ifasında Vətənə, orduya, şəhidlərə həsr olunan şeirlər səsləndirilməsi ilə yekunlaşıb.

Şərh Yaz