İsmayıllı respublika mətbuatında   Əl halallığı torpağa bərəkət, insana hörmət gətirir:  Fermer Məzahir Salmanov belə deyir       

İnsanın yer üzərində əldə edə biləcəyi və onun adına layiq olan yeganə xoşbəxtliyin əmək olduğunu dərk etdiyi gündən, daha doğrusu, torpaqla, zəhmətlə “dil açıb” danışmağa başlayandan əl halallığının nəyə qadir olduğunu başa düşüb. Bilib ki, torpaqda əmək çəkib, tər töküb, çörək qazanmaqda halallıqla haramlıq qoşa addımlaya bilməz. Torpaq da bunu götürməz, vicdanının səsini dinləməyi bacaran əməkçi insan da bununla razılaşmaz. Həyatı başa düşəndən, bərəkət ocağına, torpağa əyilib tər tökəndən bilib ki, əməkçi insanlar torpağın duzudur, əmək çəkib halallıqla yaşamaq bütün xəstəliklər üçün ən nəcib loğmandır. Fermer Məzahir Salmanov onu da deyir ki, ata-babadan həmişə belə eşidib, belə görüb. Halallıq olmayan yerdə bərəkət olmaz. Əlin hansı işdə olsa da. Sıravi işçi də olsan, hər hansı bir təsərrüfata, kollektivə, müəssisəyə rəhbərlik etsən də gərək vicdanının haqq səsini, halallıq harayını dinləməyi bacarasan. Anadan olub yaşayıb çalışdığı Tağlabiyan kəndində təsərrüfat rəhbəri işlədiyi vaxtlarda atam da, mən də bütün amalımızı, fəaliyyətimizi bu notlar üstündə – halallıq notları üstündə köklənmişik. Buna görə də həmişə xeyir bərəkət bizim ocağımızdan uzaqlaşmayıb.

Zəhmətdən, daim torpaqla ünsiyyət də olub tər tökməkdən yorulmaq nə olduğunu bilməyən 64 yaşlı Məzahirin sözünün, söhbətinin əvvəli də, axırı da bu oldu ki, dövlətimizin güclü iqtisadiyyatlı olması, rayonumuzun adamlarının şən, firavan, bolluq içində yaşaması üçün hamı bir zindana vurmaqla çalışmalıdır. Hərə öz iş sahəsinin bilicisi olmalıdır.

İsmayıllı rayonunun Tağlabiyan kəndində doğulub boya başa çatan Məzahir Salmanovu bu gün hamı əsil zəhmətkeş insan, təsərrüfatda yetişib ərsəyə gələn ali təhsilli fermer kimi yaxşı tanıyır. Məzahir Salmanov öz doğma kəndində kolxoz sədri işləyəndə də, rayondakı şərab zavodunda anbardar, baş mütəxəssis və nəhayət direktor olanda da sadəliyi, təvazökarlığı, ümumi işin xeyrinə lazım gələndə tələbkarlığı və prinsipiallığı ilə tanınıb. Lazım gələndə təsərrüfat adamları ilə birlikdə çalışıb, torpaqda əkib də, becərib də, məhsulunu satıb da. Məqsədi bir olub ki, kəndinin, rayonunun adamları rəhbərlik etdiyi kollektivin üzvləri iqtisadi cəhətdən çətinliklər qarşısında qalmasınlar, hamı yaxşı yaşasın, firavan həyat sürsün. Arzusuna qovuşub, istəyinə nail olub da. Bu gün o illərin şahidi olanların Məzahir Salmanov haqqında söylədikləri də, o illərdən qalan xatirələr də deyilənləri təsdiq edir.

Deyəsən mətləbdən bir qədər uzaqlaşdım. Axı, məqsədim İsmayıllı rayonunda sayılıb seçilən, hamının xüsusi hörmət bəslədiyi, əsil zəhmət adamı kimi tanıdığı, elinin, obasının əyilməyən dəstəyi sayılan, ümid qapısını döyənləri, ümidsiz, inamsız yola salmayan insan kimi hörmət bəslədiyi fermer Məzahir Salmanovun bu günkü təsərrüfat fəaliyyətini qələmə almaqdır. Belə bir adam haqqında, aqrar sahənin yaxşı bilicisinin müstəqillik illərindəki işindən, gücündən söhbət açmaq üçün onun keçmişinə də qiyabi səyahət etmək, başqa sözlə, keçmişin təsərrüfat, iqtisadiyyat qayğıkeşliyini, bu günün gəncliyinə çatdırmaq, sabaha ərmağan ötürmək də lazımdır.

Orta təhsilini başa vurandan sonra texnikumda oxuyub, sonra işə Gəncədəki Texnologiya institutunda şərabçılıq ixtisası üzrə ali təhsil alıb. Doğma İsmayıllıda əmək fəaliyyətinə başlayıb. Rayondakı üzüm emalı zavodunda müxtəlif işlərdə çalışıb, müəssisənin direktoru vəzifəsinə kimi yüksəlib. O vaxtlar belə müəssisələrə Məzahir kimi gənc kadrların rəhbərliyi əlbəttə, dövrün tələbləri baxımından nə qədər məsuliyyətli olsa da o, zavod fəaliyyətini dayandıran günə kimi tam qüsursuz işləmiş, rayonda üzümçülüyün, şərabçılığın inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Kəndlərindəki kolxoz təsərrüfatına rəhbər seçiləndə də, özünüidarə qurumu olan bələdiyyə sədri vəzifəsinə etimad göstəriləndə də bu keyfiyyətləri əsas götürülmüşdür.

Yaxşı deyiblər ot kökü üstə bitər. Atası Xasay kişinin təsərrüfatçılıq, işgüzarlıq, qayğıkeşlik keyfiyyətlərini uğurla davam etdirən Məzahir Salmanov bu gün də İsmayıllıda zəngin və inkişaf etmiş təsərrüfatına görə, eyni zamanda rayonu, dövləti, eli-obası üçün qollarının qüvvəsini, ürəyinin hərarətini əsirgəməyən fermer kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyətinə geniş meydan verməsi, bütün iş adamları kimi fermer Məzahir Salmanova sanki hər gün, hər ay, hər il yeni həvəs gətirir, qol-qanad verir. İsmayıllıda bəziləri Məzahirin təsərrüfatını keçmişin nisbətən kiçik bir kolxozu adlandırır, hətta həmyaşıdları, onu daha çox istəyib hörmət bəsləyənlər sədr Məzahir – deyə müraciət edirlər.

Bəli, bu müraciətin özündə böyük reallıq var. Çünki fermer Məzahir Salmanov 100 hektarda taxıl əkir, 50 arı ailəsinə xidmət edir, 70 baş mal-qarası, 200 başa yaxın qoyun quzusu var. Bundan başqa meyvəçilik, bostan tərəvəzçiliklə də məşğul olur. Bir sözlə, torpağa tər axıda-axıda böyüyən, torpağın, təsərrüfatın bərəkətinə halallıqla yanaşan və bu bərəkətin qədir qiymətini dəyərləndirə-dəyərləndirə müstəqil Azərbaycanın ən dəyərli, tanınan sahibkarlarından biri olub. Bir belə təsərrüfatın idarə olunması, iş-gücünün yoluna qoyulması üçün ətrafına torpaqla işləməyi bacaran, heyvandarlığa yaxşı münasibəti olan adamları, texnikaları bacarıqla idarə edə bilən mexanizatorları toplamışdır. Söhbətimiz zamanı maraqlı bir söz işlətdi. Dedi ki, istər qoyun-quzuya, istər mal-qaraya baxan çobanlarla düz 27 ildir birlikdə işləyirlər. Mexanizatorları, digər işçiləri də elə. Qoyun-quzunun, mal-qaranın indi “Niyal” yaylağında olduğunu dedi. Onu da söylədi ki, ətini, südünü, pendirini, yununu, çobanlar özləri yerbəyer edib göndərirlər. Bilirlər ki, məhsulları nə qədər çox olsa, özlərinin ailə büdcələrinə, gəlirlərinə xeyirdir. Taxılçılar da, bostan tərəvəzdə çalışanlar da elə işləyirlər. Fermer özünün ailəsinin təsərrüfatdan formalaşan büdcəsindən də böyük razılıqla danışdı, dövlətimizin başçısına hədsiz minnətdarlığını söylədi.

Yazımızın önündə də qeyd etdik və yenə də xatırlatmağı lazım bildik ki, fermer Məzahir Salmanov ona inam bəsləyib, yanına gələnlərin, qapısını ümidlə döyənlərin heç vaxt inamını qırmayıb, ümidini sındırmayıb. Qırxdördgünlük Vətən müharibəsində ön cəbhəyə yardım əlini əsirgəməyib, şəhid ailələrini, qaziləri bir gün olsun unutmur. Onların hər bir problemini, qayğısını, özününkü bilir, həllinə nail olur.

Əməksiz saf və şən həyat ola bilməz deyir fermer Məzahir. Onu da deyir ki, bu şən həyata nail olmaq üçün gərək torpağa mehrini salasan, onunla danışmağı, davranmağı bacarasan. Bir şeyi də unutmayasan ki, əl halallığı torpağa, bərəkət insana hörmət gətirir.

RASİM AMANOV,

“RESPUBLİKA”

Şərh Yaz