İsmayıllının Mücühəftəran kəndində ilk aqrar sığorta ödənişi edilib                  

23 sentyabr 2021-ci il tarixdə İsmayıllının Mücühəftəran kəndində ilk sığorta ödənişinə həsr olunmuş tədbir keçirilib. Tədbir pandemiya qaydalarına uyğun təşkil olunub. Görüşdə Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu və yerli DAİM-lərin rəhbərliyi, yerli və ətraf rayonlardan  olan fermerlər iştirak edib.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Mahmud Süleymanov bildirib ki, İsmayıllı rayonu dağlıq ərazidə yerləşdiyinə görə, burada təbiət hadisələrinin baş verməsi və onların təsərrüfatlara zərər vurması riski yüksəkdir. Onun sözlərinə görə, yerli təsərrüfatda baş verən hadisə və dəymiş zərərin Aqrar Sığorta Fondu tərəfindən ödənilməsi fermerlərin bu mexanizmə inamını artırır və təsərrüfatlarını sığortalamağa sövq edir.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərinin sayının  artmaqda olduğunu bildirib.

Qeyd edək ki, sığorta ödənişi İsmayıllı rayonunun Mücühəftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib. Fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb.

Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə Aqrar Sığorta Fondunun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

Fermer Arif Niftəliyev sığorta ödənişinə görə, Aqrar Sığorta Fonduna təşəkkür edib. Fermer bildirib ki, növbəti il üzüm bağını və eləcə də ona məxsus olan digər əkin sahələrini bütünlüklə aqrar sığorta vasitəsilə sığortalayacaq. İş adamı aqrar sığorta mexanizminin işindən razı qaldığını bildirərək digər sahibkarları da bu üsulla təsərrüfatlarını qorumağa çağırıb.

Xatırladaq ki, tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondu və yerli DAİM-in dəstəyi ilə keçirilib.

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz