Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib        

İsmayıllıda bu il ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul işçiləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, eləcə də test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.

Rayonun rəhbəri Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb.

Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da qeyd edilib. Həmçinin vurğulayıb ki, rayonda Fondun təşəbbüsü ilə tikilən şəhər 6 nömrəli tam orta məktəbi yeni dərs ilində şagird və müəllimlərin istifadəsinə veriləcək, eyni zamanda Sumağallı kəndində də dövlət vəsaiti hesabına yeni məktəb binasının tikintisi aparılır.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2020-2021-ci tədris ilində İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş 700 məzundan 21-i 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni Mollaisaqlı kənd tam orta məktəbinin məzunu Mürsəlova İlknur Nofəl qızı  (671 bal)  göstərib.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda RİH başçısı əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə təşəkkür edib və yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb.

Rayon icra hakimiyyəti tərəfindən tələbələrə müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

Şərh Yaz