Sosial həyat   Ürəklərdə yeri olan can həkimi                             

Bir İsmayıllı el ağsaqqalının söhbətindən eşitmişdim ki, can həkimi İlqarın özü də canlara dəyən oğlandır. Sağlamlığı üçün ona üz tutan, ümid, inam qapısını açan hər kəsdən nəinki bilik və təcrübəsini, canını belə əsirgəmir İlqar həkim.

Bu fikirləri onun haqqında rayonda çoxlarından da eşitmişdim. Tibb işçiləri günündə görüşüb yazı hazırlamağım baş tutmasa da, fikrimdə qəti idim. Çünki bu cür el məhəbbəti, sevgisi, inamı qazanan insanın həkimlik fəaliyyətini işıqlandırmaq ancaq elin, obanın alqışını qazanmaqdan başqa bir şey deyil. Ünvanına eşitdiyim tərif dolu sözlərdən azcasını xatırladanda nə qədər təvazökar olduğunu hiss etdimsə işinə ondanda bəlkə on qat da artıq məsuliyyətlə, peşəkarlıqla yanaşdığını da gördüm. Söhbətinə xalq şairi Zəlimxan Yaqubun aşağıdakı misralarını xatırlatmaqla başladı:

Qarşıdadır nə qədər

İmtahanlar, sınaqlar.

Çıxmasan o sınaqdan

Səni unudacaqlar.

– Bax o imtahanlardan, sınaqlardan alnıaçıq, üzü ağ çıxmaq, düzlərdən zirvələrə qalxmaq, həkim kimi insanların ürəyində özünə inamdan bünövrə qoymaq üçün gərək ömrü ömür kimi yaşayasan, Hippokrat andı içmişəm, Tibb Universitetini qurtarmışam deyə əlini başına yastıq edib yuxuya getməyəsən –  dedi can həkim İlqar Osmanov.

Orta məktəbi qurtarıb Azərbaycan Dövlət Tibb Universitetinə daxil olandan üzü bu yana kimi keçdiyi həyat yolu barədə qısa danışıqlarını eşidib qənaətə gəldim ki, bu gün can həkimi kimi bütün ismayıllıların inamını qazanan İlqar həkim həmişə enişləri də, yoxuşları da cəsarətlə, peşəsinə olan məhəbbətlə uğurla keçib, yaşamağın nə qədər şirin olduğu kimi başqalarının da sağlam yaşaması üçün vicdanının səsini, ürəyinin hərarətini unutmayıb, vətəndaşlıq qeyrətini əsirgəməyib. Tibb Universitetinin müalicə profilaktika fakültəsində tələbəlik həyatını başa vurandan sonra elə Bakı şəhərinin özündə müxtəlif səhiyyə ocaqlarında çalışdığı, topladığı təcrübənin bəhrələrini bu gün görəndə hədsiz sevinir, tibb qardaşı kimi çalışanda da, təcili yardımda həkim olanda da həmişə peşəsinə məhəbbəti, işinə yüksək məsuliyyəti unutmayıb. Unutmayıb ki, əgər xəstə son ümid yeri kimi İlqar həkimin qapısını döyüb, sonrakı taleyinin uğurunu onda axtarırsa, deməli, o da bunun müqabilində əlindən gələni əsirgəməməlidir. Belə də edir. Belələrinin adlarını çəksə böyük siyahı alınar. Otuzbeşillik əmək fəaliyyətində onların hər biri unudulmaz tarix kimi yaddaşa həkk olunub. Maraqlı bir əhvalat da danışdı.

– Əynimə ağ xalat geyinib əmək fəaliyyətinə başladığım ilk günün həyəcanını indi də yaxşı xatırlayıram. Rayonun ucqar bir kəndindən gətirilən xəstənin sahibləri çox ünvanlarda olduqlarını, amma imdad tapmadıqlarını, son ümidlərini məndə axtardıqlarını dedilər. İlk addım, ilk sınaq, ilk etibar və inam, əlbəttə, yüksək məsuliyyət idi. Ətraflı müayinədən sonra ali məktəb müəllimlərindən bir neçəsinə, təcrübəli iş həmkarlarıma müraciət edib məsləhətlər aldım. Günlər ötdü, xəstənin halında yaxşılığa doğru dönüşü görəndə sevindim, ilk həyəcanım bir qədər azaldı. Xəstə sağaldı, ikinci həyatını yaşamağa başladı. İlk həyəcanım yoluma yaşıl işıq yandırdı.

Hamının inamını qazanıb, insanlara ömür paylayan, çağıranda hay-canla cavab verib yüksək nəzakət və səmimiyyətlə danışan can həkimi sözün həqiqi mənasında canlara dəyən oğlandır. İş otağının yerləşdiyi Ailə Sağlamlıq Mərkəzində, hətta rayon mərkəzi xəstəxanasında kiminlə həmsöhbət olduqsa bu sözləri eşitdik.

Maya Məmmədova – Ailə Sağlamlıq Mərkəzinin direktoru:

– İlqar həkim mərkəzimizin, rayonumuzun, bütün səhiyyə işçilərinin hörmətlisi, məsləhətçisi, insanların yaxın dostu və sirdaşıdır. İnsanlıq simfoniyasının ən gözəl notları bu həkimdə var. Xəstəylə şirin dilli danışığı, ən əsası da yüksək peşəkarlığı onu bu gün hamının qəlbində nur paylayan, ömürə ömür calayan insan kimi yaşadır. Bu əbədi yaşar, hörmət və inamdır.

Vidadi Məmmədov – təqaüdçü:

– İlqar həkimin yanında olanda hələ təyinatı üzrə yazdığı dərmanları qəbul etmədən, şirin dililə, adama verdiyi ümidlə və inamla sanki xəstəliyini unutdurur, müəyyən qədər sağaldır. O, mənim ən çox inam bəslədiyim həkimimdir. Bu günkü sağlamlığımda onun da böyük əməyi var.

Vidadi Rəhimov – Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru:

– Rayonumuzun səhiyyə işçilərinin böyük əksəriyyəti işgüzar, qayğıkeş və peşəkardır. Mən deyərdim ki, İlqar həkim də onların ən öndə gedənlərindəndir. Yaxşı həkim olduğu kimi, yaxşı yoldaş, fəal ictimaiyyətçidir. Keçirilən bütün tədbirlərin önündə durur İlqar həkim.

Bəli, İsmayıllının canlara dəyən həkimlərindən biri olan can həkimi İlqar Osmanov rayonda səhiyyə maarifinin genişlənməsində də fəal rol oynayır. Artıq ikinci ildir dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə öz bilik və bacarığını əsirgəmir. İnsanlarla görüşlərində koronovirusdan qorunmağın profilaktikası barədə dəyərli məsləhətlər verir, lazımi köməkliklər göstərir. İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərinin, əzmkarlıqla döyüşən qazilərin valideynlərinə, balalarına qayğı da İlqar həkimin gündəlik fəaliyyətinin baş xəttidir. Yaxşı həkimliyinə, fəal təbliğatçı və təşviqatçılığına görə çoxlu mükafatlara, qiymətli hədiyyələrə layiq görülüb.

Unutmayaq ki, yüz yaşlı adam da həyatla vidalaşmamaq arzusunda olur. Bu arzulu, bu istəkli insanları yaşatmaqda, arzularına qovuşdurmaqda həkimlərin üzərinə böyük məsuliyyət düşür. Gərək özünə olduğun qədər də insanlara, torpağa, vətənə, elə-obaya sevgin olsun, belə olmasa bir qarışqa qədər də yük çəkə bilməzsən. Bunun üçün gərək ürəyinin qapılarını həmişə məhəbbətə, sevgiyə, inama açıq qoyasan. Bax, onda daim başın uca olar, hamının sevimlisi kimi ürəklərdə yaşayarsan, ismayıllıların təbirincə desək canlara dəyən can həkim İlqar Osmanov da yuxarıdakı keyfiyyətləri bütün mükafatlardan, titullardan üstün tutan həkim olduğu üçün onun haqqında bu yazını qələmə aldım.

RASİM AMANOV

“RESPUBLİKA”

Şərh Yaz