2021 – Nizami Gəncəvi İli                            Xosrov Əl Ustadın yaradıcılığının öyrənilməsində Nizami Gəncəvinin rolu

XII əsrdə Azərbaycanda Atabəylər mühitində bir çox Azərbaycan yazıçı və şairləri  fəaliyyət göstərmişlər. Azərbaycan yazıçı və şairləri içərisində Nizami Gəncəvinin müasiri olan Əbu Bəkr İbn Xosrov əl-Ustadın xüsusi yeri vardır. Son dövrlərə qədər onun haqqında heç bir məlumat əldə edilməmişdir.

Hazırkı dövrdə də onun yaradıcılığını tam olaraq araşdırmaq mümkün olmamışdır. Müxtəlif mənbələrdən alınan məlumatlara görə, Əbu-Bəkr İbn Xosrov əl-Ustad XII əsrin 40-cı illərində Gəncədə doğulmuş, yüksək mədrəsə təhsili almışdır. Öz biliyi, savadı ilə yüksək şöhrət qazanmış, buna görə də Atabəylərin diqqətini cəlb etmiş, saraya dəvət edilmiş, gənc Atabəy şahzadələrinin, xüsusən Əbu-Bəkrin təlim və tərbiyəsi ilə məşğul olmuşdur. Əbu Bəkr İbn Xosrov əl-Ustad görkəmli yazıçı və şair kimi şöhrət qazanmış, Nizami Gəncəvinin yaxını və dostu olmuşdur. O, ”Munisnamə” adlı əsərin müəllifidir.

“Munisnamə” əsəri fars dilində yazılmışdır. Əsərin meydana çıxmasında akademik Ziya Bünyadov və şərqşünas professor Rüstəm Əliyevin böyük əməyi olmuşdur. Bu əsəri Azərbaycanda Sovet hakimiyyəti qurulması ərəfəsində – 1920-ci ilin aprelində Böyük  Britaniyaya aparmış və ”Min bir gecə” adı ilə London muzeyinə vermişlər. İngilis alimi Q.M.Meredit-Ouns əsəri nəzərdən keçirmiş, onun ”Min bir gecə” ilə bilavasitə əlaqəsi olmadığını, ”Munisnamə” adlı müstəqil əsər olduğunu öyrənmiş və 1974-cü ildə ”İran və islam” jurnalında əlyazmanın qısa təsvirini vermişdir. Z.İ.Bünyadovun səyi nəticəsində  Britaniya muzeyindən əlyazmanın fotosurəti alınmışdır. Elmi yaradıcılığının son dövründə əsasən nizamişünas kimi fəaliyyət göstərən Rüstəm Əliyev əlyazma üzərində böyük zəhmətlə işləyərək Xosrov əl-Ustadın bu irihəcmli əsərini fars dilindən rus dilinə tərcümə edərək nəşr etdirmişdir. Rüstəm Əliyev əsərin tərcümə zəhmətinə qatlaşmaqla kifayətlənməmiş, əl-Ustadın ədəbi-elmi fəaliyyətini imkan daxilində üzə çıxarmaqla yanaşı, Nizami – əl-Ustad əlaqələrini, bu əsasda Nizami sənətinin mənbə və köklərini, sirlərini aydınlaşdırmağa  çalışmışdır. Buna “Munisnamə” ilə  yanaşı, Nizaminin bir sıra qeyd və işarələri də imkan vermişdir.

Əl-Ustad öz əsərinə bir neçə səhifəlik çox maraqlı bir müqəddimə yazmışdır. Bədii müqəddimənin klassik örnəkləri XII yüzillikdə məhz Nizami Gəncəvinin poemalarında və Xosrov əl-Ustadın “Munisnamə” əsərində özünü biruzə verir. ”Munisnamə”nin müqəddiməsində rəsmi girişdən sonra Əbu Bəkr insanın öz nitqi ilə şərəfli olduğunu, sözdən daha qiymətli bir gövhər olmadığını və onun da Tanrı tərəfindən ancaq insana göndərildiyini yazır. Ustada görə bədii söz mənzum olduqda onun qiyməti daha da artır. Eləcə də müqəddimədən aydın olur ki, əl-Ustad ”Mənsur və Mərcan”, ”Sənəm və Əcəm”, ”Mehr və Müştəri”, ”Nakiza-yi kitab-i Əlfiyyə və Şəlfiyyə”, ”Rahət ər-Ruh”, ”Nüzhətəl-Məclis” kimi altı böyük əsərin müəllifi olmuş, bunların bir qismi nəsrlə, bir qismi nəzmlə yazılmış və Atabəylərə – Cahan Pəhləvana, Qızıl Arslana, Əbu-Bəkrə ithaf edilmişdir. Əbu-Bəkr İbn Xosrov əl-Ustad dünya və şəriət elmlərinə bələd olan, bilikli və təcrübəli bir  alim, yazıçı, şair kimi tanınmışdır. Rüstəm Əliyevin fikrincə, ”Ustad” ləqəbini də buna görə qazanmışdır. ”Munisnamə”dəki bir çox hadisə və fikirlər, Rüstəm Əliyevin qeyd etdiyi kimi, sözbəsöz Nizaminin fikirləri ilə üst-üstə düşür. Nizami Gəncəvi ”Xosrov və Şirin”in ”Kitab üçün üzr” bölməsində yazır:

Bir Allah bəndəsi dostum var idi,

Xeyli mehribandı, vəfadar idi.

Şir kimi arxaydı mənə hər zaman,

Düşmənə qılıncdı, mənəsə qalxan.

Aləmdə biliklə qazanmışdı ad,

Onunla yaşardı dünyada dilşad.

Nizami göstərir ki, bir gün həmin vəfalı dostu qəzəbli və pörtmüş halda onun qapısını  döyərək onu ”boş-boş hekayələr” yazmaqda, istedadına layiq mövzularla məşğul olmamaqda təqsirləndirir. Nizami  ”Xosrov və Şirin”dən parçalar oxuduqdan  sonra dostu sakitləşir:

Şirin dastanını eşidən kimi,

Şirin olduğundan uddum dilimi  – deyir.

Nizami ilə Əbu-Bəkrin həm bədii-estetik fikir, həm də əsərlərinin məzmun yaxınlığı barədə əsaslı fikir söyləyən R.Əliyev mülahizələrini ümumiləşdirərək Nizaminin və Ustad Əbu-Bəkrin etik, estetik və sosial-siyasi baxışlarının ümumi olduğunu yazır. O, həmçinin onların ümumi vətən – Gəncə, nəhayət, öz əsərlərini bu və ya digər Atabəyə – Məhəmməd Cahan Pəhləvana, Qızıl Arslana, Əbu-Bəkr Nüsrət əd-Dinə həsr etmələri onların yaşıd olmaqla bərabər, bir-birini yaxşı tanıdıqlarını yazır.

Əsmər Cəfərli,

İsmayıllı rayon Keyvəndi kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,

Bakı Dövlət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri

 

 

Şərh Yaz