“İSMAyıllı” FK yaşıl meydanlara çıxacaq

Oktyabr ayının 6-da İsmayıllı rayonunun müxtəlif komandalarını təmsil edən futbolçularla görüş keçirilib.

Rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Regional Mədəniyyət İdarələrinin, Rayon Təhsil Şöbəsinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəhbərləri və yeni yaradılan komandanın üzvlərindən bir qrupu iştirak edib.

İsmayıllı RİH-nin başçısı Nahid Bağırov bildirib ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə idmanının da inkişafına çox böyük diqqət və qayğı ilə yanaşır. İsmayıllı rayonunda futbola böyük maraq var, təsadüfü deyil ki, 2014-2015-ci illərdə rayonun Hacıhətəmli kəndinin13 yaşlı qızlardan ibarət futbol komandası Respublika çempionu olub. 2015-2016-ci illərdə isə həmin komanda gümüş medalların sahibi olub. Hazırda komandanın yetirməsi Günay Azayeva 17 yaşlı qızlardan ibarət milli futbol komandasının üzvdür.

Görüşdə komandanın qarşısında duran problemlər barədə söhbət gedib, ilkin vəzifələr, görüləcək işlərlə bağlı məsələlər müzakirə olunub.

Məlumat üçün bildiririk ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının keçirəcəyi Azərbaycan çempionatının Region liqasında İsmayıllını təmsil edəcək komandanın adı da müəyyən edilib. Futbolçularımız yaşıl meydanlara “İSMAyıllı” FK adı altında çıxacaqlar.

İdmançılarımıza ilkin mərhələdə vacib olan hər cür dəstəyin göstəriləcəyini vurğulayan başçı, onlardan uğurlu nəticələr gözlədiyini vurğulayıb.

Şərh Yaz