Layiqli vətəndaş yetişdirilməsində müəllimlərin rolu danılmazdır

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsində İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimləri ilə görüş keçirilib.

Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva, Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov və müəllimləri iştirak ediblər.

E.Nəcəfov çıxışında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Bildirib ki, gələcək nəslin cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində müəllimlərin rolu danılmazdır. Müəllimlər günü ilk dəfə 1966-cı ildə YUNESKO-nun qərarı ilə qeyd edilib. Azərbaycanda isə bu günün keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev müəllimlik peşəsinə hər zaman həssaslıqla yanaşmış və təhsil sahəsinə xüsusi diqqət göstərmişdir. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək diqqət və qayğı göstərmək, mədəniyyətin təbliği və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri G.Abdullayeva çıxış edərək müəllimləri əlamətdar gün münasibəti ilə təbrik edib.

Məktəbin müəllimləri onlara göstərilən diqqət və qayğı üçün təşəkkürlərini bildiriblər.

Sonda musiqi məktəbinin müəllimlərinə pandemiya dövründə distant dərslərin keçirilməsində fəal iştirakına və Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Nurtən Əkbərova

Şərh Yaz