İşğaldan azad edilmiş ərazilərdə gündən-günə yeni infrastruktur layihələr həyata keçirilir
Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq
İlham Əliyev
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Qələbə qazanaraq Azərbaycan hərb tarixində şanlı bir səhifə açdı. Bu müharibədə erməni ordusu haqqında ermənilərin özlərinin yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Düşmənin illərlə qurduğu “yarılmaz, möhkəm istehkam”lar Azərbaycan ordusunun qarşısında aciz qaldı. “Yenilməz erməni ordusu” Azərbaycan əsgərinin qarşısında diz çökdü. Ermənistanın “yenilməz ordusu”nun hərbi texnikası bu gün Bakıda yaradılmış Hərbi Qənimətlər Parkındadır.
Artıq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevinc və qürurunu yaşayır. Düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturunun məhv edilməsi aşkarlanıb. Otuz ilə yaxın erməni işğalı altında olan Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır və abadlaşır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək texnologiyalar üzərində qurulur, şəhər və kəndlərin bərpası “ağıllı” layihələr əsasında salınır.
Avqustun 16-da Müzəffər Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlqoyma mərasimində iştirak etdi. Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış oldular. Həmçinin səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu.
Cənab Prezidentimiz İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı öz çıxışında bildirmişdir: “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir”.
Ali Baş Komandanımız İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri zamanı bildirirdi ki, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, azad edilmiş ərazilərin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq.
Gözəl Səfərli,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyatı müəllimi