YAP İSMAYILLI RAYON TƏŞKİLATININ X HESABAT KONFRANSI KEÇİRİLİB         

Avqustun 20-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlik təsdiqləndikdən sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyev ideyaları, onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır. Ulu Öndərin siyasi kursunun son 18 ildə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir, möhtəşəm uğurlara imza atır, adını qalib ölkə kimi tarixə yazır. Ölkəmizin müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyasının bütün bu proseslərdə özünəməxsus rolu vardır.

S.Əhmədova daha sonra qeyd edib ki, hazırda YAP İsmayıllı rayon təşkilatı 86 ərazi ilk partiya təşkilatında 8027 üzvü birləşdirir. Onların 3200 nəfəri qadınlar, 3717 nəfəri isə gənclərdir. Multikultural dəyərlərin nümunəvi məkanı olan İsmayıllı rayonunda bütün millətlərin, etnik qrupların, milli azlıqların nümayəndələri rayon təşkilatında təmsil olunurlar.

Sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Rahim Baxışovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov, YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, rayon təşkilatı İdarə Heyətinin üzvləri – Basqal qəsəbə ərazi ilk partiya təşkilatının sədri Novruz Əsədov və İvanovka kənd ərazi ilk partiya təşkilatının sədri Olqa Radayeva çıxış edərək hesabat dövründə görülən işlərdən danışıblar.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 30-cu ildönümünə az vaxt qalıb: “Tarixi Qələbəmiz ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Çünki müstəqil Azərbaycan 1993-cü ildən elə bir uğurlu yola çıxıb ki, hər günü tarixinə uğur səhifəsi kimi yazır. Dünya hər bir ölkənin inkişafında, tərəqqisində mühüm rol oynayan xalq-iqtidar birliyinin sarsılmazlığını Azərbaycanın timsalında görür. Prezidentinə inam və etimadın böyük olduğu ölkədə davamlı uğurlar qaçılmaz olur”.

X hesabat konfransının keçirilməsi münasibətilə YAP İsmayıllı rayon təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Şərh Yaz