Yaddas kitabcasi

İsmayıllıda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib    

Xüsusi karantin qaydalarına riayət olunmaqla İsmayıllı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Füzulinin azad olunmasına görə” medallarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi və əməkdaşları, RİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarına gül dəstələri düzülüb. Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin orduya, şəhid ailələrinə, müharibə iştirakçılarına olan diqqət və qayğısını vurğulayıb, medalla təltif edilən iştirakçıları təbrik edib. Şəhid Vüsal Dəmirovun anası Nüşabə Dəmirova və Vətən müharibəsi qazisi Kənan Kərimli də çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların ailə üzvlərinə, müharibə iştirakçılarına, hərbi qulluqçulara, qazilərə, “Füzulinin azad olunmasına görə” medalı təqdim olunub.

Qeyd edək ki, tədbirdə şəhid Ramil Musayevin öz adını daşıyan körpəsinə onun “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları təqdim edilib. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

Şərh Yaz