Baş leytenantın cənnətdəki ilk ad günü                               

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən, müharibədən bir neçə gün sonra vəfat edən baş-leytenant Şıxıyev Vüqar Xalid oğlunun cənnətdəki ilk ad günü qeyd edilib.

Mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq  keçirilib. Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Yaşasaydı Vüqarın 50 yaşı tamam olacaqdı.

Çıxış edənlər Vüqarın keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi qəhrəman oğullarla hər zaman fəxr etdiklərini bildiriblər.

Əzizləri və yaxınlarının iştirakı ilə V.Şıxıyevin məzarı  ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və ailə üzvlərinə başsağlığı verilib.

Daha sonra tədbir Vüqarın xatirəsinə inşa olunmuş bulağın açılışı ilə davam edib. Açılışda çıxış edənlər bulağın inşa edilməsində əziyyəti olan hər kəsə öz təşəkkürlərini bildiriblər. Tədbirdə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib. Vüqarın ailə üzvləri və yaxınları onunla həmişə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Şıxıyev Vüqar Xalid oğlu 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak edib. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək Fəxri fərmanla təltif edilib.

1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakultəsinə qəbul olub, 1992-ci ildə oranı bitirib və eyni zamanda ona leytenant hərbi rütbəsi verilib. Hərbi xidmətini Tovuz rayonunda “N” saylı hərbi hissədə keçirib. 2001-ci ildə hədəfləri sərrast vurduğuna görə ona baş leytenant hərbi rütbəsi verilib. 2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsində Vüqar Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya zabiti kimi fəal iştirak edib. O, torpaqların azad olunması sevincini yaşamış, lakin 8 dekabr 2020-ci ildə xidmətdə olarkən qəfil ürək tutmasından vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vüqar Şıxıyev  “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif edilib.

Şərh Yaz