Yaddas kitabcasi

“Yaşadıqlarım… Xatırladıqlarım… Düşündüklərim…”                   

Mirvari Eyyub qızı Musayevanın qələmə aldığı kitab belə adlanır. Kitabda 60 yaşlı bir təhsil ocağının tarixinə nəzər salınır, bir sıra faktlar oxucu diqqətinə çatdırılır. Ötən illərdə bu elm məbədindən pərvazlanan şagirdlər barəsində məlumatlar verilir, onların savadlanması, təhsilləri istiqamətində ömrünü şam kimi əritmiş müəllimlərin xatirəsi ehtiramla yad olunur, təhsil ocağına rəhbərlik etmiş direktorların ömür səhifəsi vərəqlənir. Kitabda Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş məzun və müəllimlərin keçdiyi döyüş yolları işıqlandırılmış, xatirələri əbədiləşdirilmişdir.

Hər bir təhsil ocağı özünün savadlı, intellektual, yüksək kürsüləri tutmuş məzunları ilə tanınır. Haqqında söz açdığımız kitabda həmin məzunlarının bir çoxunun adları göstərilir, yeri gəldikcə onlar barəsində ətraflı söhbət açılır.

Mirvari Musayevanın kitab təqdimatı “Su meyilli” istirahət məkanında baş tutdu.

Kitabda İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbinin tarixi haqqında uzun illərdən bəri toplanmış materiallar yer alıb. Müəllif bu kitabı hazırlamaqla doğma təhsil ocağına, orada dərs deyən müəllimlərə sevgisini, sonsuz məhəbbətini bir daha nümayiş etdirib. Onun Vətən məhəbbəti dərs dediyi şagirdlər və həmkarları üçün bir nümunə olub. Çünki bu məktəbdə uşaqlıq, gənclik illəri keçmiş, burada elmin sirlərinə yiyələnmiş, öyrənib öyrətmiş, Azərbaycanın Əməkdar müəllimi adına qədər ucalmışdır.

Ulu öndər Heydər Əliyev İsmayıllı rayonunu Azərbaycanın həqiqətən gözəl guşələrindən biri hesab edərək demişdir: “Burada çox gözəl, fədakar, milli, dini adət-ənənələrimizi qoruyub saxlayan insanlar yaşayır. Ona görə də biz hamımız İsmayıllını çox sevirik”.

Bu fikir heç də təsadüfi deyildir. Həqiqətən də ismayıllılar elini, obasını, vətənini çox sevirlər, adət- ənənələrimizi qoruyub saxlayırlar.

Kitabda diqqət çəkən başlıqlar altında materialları gözdən keçirdikdən sonra oxucu kitabın müəllifi – Əməkdar müəllim Mirvari Eyyub qızı Musayevanın uğurlarına sevinir, ona yeni-yeni nailiyyətlər arzulamaq niyyətinə düşür.

Diqqətli oxucu kitabı vərəqlədikcə mövzular arasındakı doğmalığı, birinin digərini tamamlamağa göstərilən cəhdi, ssenari ahəngdarlığını hiss edir. Əslində, müəllif və kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva bunu oxucu diqqətinə səhifədən-səhifəyə ötürmək üçün ediblər.

Kitabda əsas mövzu müəllim əməyinin tərənnümü, bu adın onun daşıyana gətirdiyi şan-şöhrətdir. Bu məqsəd kitabın ana xəttini təşkil edir. Burada bir cəhət diqqəti xüsusilə çəkir: müəllif onu həyata hazırlayan, Vətənə layiq övlad kimi formalaşmasında misilsiz əməyi olan böyük bacısı Nahidə Musayevanı qayğıkeş bir ana səviyyəsində oxucu kütləsinə tanıtdırır…

Çay süfrəsi arxasında, həzin musiqi sədaları altında təşkil olunmuş təqdimat mərasiminə toplaşanları Əməkdar müəllim Şəfaqət Rəsulov salamladı, müəllifin hər kəs üçün nümunə ola biləcək ömür yolundan danışdı, kitab haqqında xoş fikirlərini bölüşdü və sözü müəllif M.Musayevaya verdi:  

Müəllif də təqdimata dəvətliləri salamladı, 45 illik pedaqoji işinin səmərəli uğurlarından və kitabda toplanılan materialların ərsəyə gəlməsindən, müəllim əməyinin çətinliklərindən söz açdı. Bildirdi ki, müəllim gərək sinifdə ayıq ola. Şagirdi sevə. Onun idealına çevrilməyi bacara. Əgər belə olarsa, şagirdin də sənin məsləhətlərinə əməl edəcək. Özünə doğru yol seçəcək. Mirvari müəllim söhbətinə davam edərək valideyinlərin övladlarının təhsilinə göstərdiyi yüksək maraqdan da bəhs etdi. Bunların kitabda da öz əksini tapdığını toplantı iştirakçılarının diqqətinə çatdırdı. Səmərəli vaxtlarını kitab təqdimatında keçirdikləri üçün toplantı iştirakçılarına dərin təşəkkürünü bildirdi.

G.Qarayeva redaktor kimi kitabın hansı zərurətdən yarandığından, Mirvari müəllimin 45 illik xatirələrini, yaşantılarını onunla birgə yol gələn şagird və müəllimlərlə, yaddaşı bu müqəddəs ocağa bağlı insanlarla bölüşmək istəyindən irəli gəldiyini qeyd etdi. Məktəbdə müəllimin əsas sima olduğunu və kitabda bu barədə geniş bəhs olunduğundan, müəllimlərə göstərilən diqqət və qayğıdan, özünün yetişməsində Mirvari müəllimin böyük rolundan danışdı… Monitorda kitab haqqında geniş məlumat musiqi sədaları altında təqdim olundu.

1 nömrəli məktəbin məzunu, Nahidə Musayeva 55 illik pedaqoji staja malik el anası, müəllifin müəllimi kimi danışdı:

– Hər birinizi salamlayıram. Ağaməmməd kişiyə, Mirvari bacıma çox sağolun deyirəm. 1 nömrəli tam orta məktəbin kollektivinə təşəkkür edirəm. Məktəbin pedaqoji kollektivi arasında tanınmış, nüfuzlu müəllimlər çoxdan çox olub. İsmayıllı təhsilinin özünəməxsus adət-ənənələri olub həmişə. Bugün çalışan müəllim yoldaşlara nailiyyətlər arzulayıram. Bacım Mirvariyə yeni çapdan çıxan kitabına mübarək olsun, davamı gəlsin deyirəm! Növbəti təqdimatlarda görüşərik, inşallah!

M.Musayevanın müəllimi və sinif rəhbəri olmuş qabaqcıl təhsil işçisi Xamis Ağayev söz alır:

– Mirvari müəllimi uşaqlıqdan tanıyıram. Şagird olduğu vaxtlardan istedadlı idi. Məktəbin qabaqcıl, əlaçı şagirdi idi. Müəllim çalışdığı dövrlərdə də hər gün öz sevimli şagirdləri üçün dərsə ürək dolusu məhəbbət, yeni fikir, yeni söz gətirirdi. Müasir dərsdə verilən tələblərə uyğun olaraq dərslərini yüksək səviyyədə qururdu. Müasir təlim metodlarından geniş istifadə edirdi. Bununla yanaşı, öz qabaqcıl təcrübəsini gənc müəllimlərə öyrətmək üçün tez-tez açıq dərslərdə iştirak edir, metodik tövsiyələrini verirdi. Onun hazırladığı əyani vəsaitlər, keçirdiyi nümunəvi tədbirlər həmişə rəğbətlə qarşılanırdı. Dəfələrlə müxtəlif müsabiqələrin qalibi olmuş, Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin müzakirə etmək üçün dərslik müəlliflərinin, görkəmli dil alimlərinin, müxtəlif rayonların metodistlərinin, dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə məktəbimizdə geniş məruzələr etmişdir. Dərsliklərdə olan çatışmazlıqları, səhvləri göstərmişdir… İşıq üzü görən bu kitabı bir neçə dəfə oxumuşam, hər dəfə oxuduqca sanki sevilən müəllim və məzunların məktəb siniflərində hərəkətini,  izini görürəm. Bu kitab vasitəsi ilə ötən günləri xətirəmdə yaşatdığı üçün keçmiş şagirdim və  həmkarım Mirvari müəllimə təşəkkür edirəm, uğurları davamlı olsun deyirəm.

Söz İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova verilir:

-Mirvari  müəllimin adı ilə xarakteri arasında bir eynilik, uyğunluq var, desək çox doğru olar. Onunla oxumasam da, uzun müddət qonşu olmuşuq. Xarakterinə bələdəm, bir müəllim kimi həmişə sevildiyinin şahidiyəm. Rayon tədbirlərində həmişə Mirvari müəllim öndə olmuşdur. O, öz fənnini ürəkdən sevir, həmkarlarına bütün sahələrdə köməkliklər göstərir. Zəngin mütaliəsi, işinə məsuliyyətlə yanaşması, əsl vətəndaş mövqeyində durması, tələbkarlığı ona çalışdığı kollektivdə həmişə böyük hörmət və nüfuz qazandırmışdır. O, şagirdlərə yaxşı dil öyrətməklə bərabər, onların layiqli vətəndaş kimi yetişməsinə də daim qayğı göstərmişdir. Bugünkü kitab təqdimatında da Mirvari müəllimin əməyi və zəhməti göz önündədir.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun və kollektivimizin adından Mirvari müəllimi təbrik edirəm. Ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Tədbirdə iştirak edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyevin dediklərindən:

– Mirvari Musayeva 45 illik pedaqoji staja malikdir. Çalışdığı müddətdə işgüzar, bacarıqlı, işini son dərəcə məsuliyyətli, dərslərini elmi və metodik cəhətdən düzgün quran müəllim kimi tanınıb. Yaradıcı əməyə qadirdir. Tədris etdiyi fənni öz əməksevərliyi ve işgüzarlığı ilə şagirdlə sevdirə bilmişdir. O, məktəb və rayonda keçirdiyi bütün tədbirlərin aparıcı rəhbəri olmuşdur. Yaradıcı əməyinə görə, müxtəlif səpkili respublika yarışlarında qalib gəldiyinə və fərqləndiyinə görə ayrı-ayrı illərdə bir çox Fəxri fərmanlara, diplomlara, mükafatlara layiq görülmüşdür. İsmayıllıda ilk qadın müəllimdir ki,  Əməkdar müəllim adına layiq görülüb. Yeni kitabının çap olunması münasibətilə Mirvari müəllimi təbrik edib, uğurlar arzulayıram.

Təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov müəllifə özünün təmsilçisi olduğu təşkilatın 100 illik yubiley nişanını və qiymətli hədiyyə təqdim etdi.

İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov kollektiv adından təşəkkürlər etdi, söylədi ki, Mirvari müəllim vətəncanlı, torpaqsevər insandır. O, təpədən-dırnağa əsl müəllimdir. Məktəbimiz haqqında yazılmış bu kitab məktəb hayatı üçün əvəzsiz bir nemətdir…

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, sabiq RTŞ-nin müdiri Valeh Salehov müəllifi təbrik etdi, ona uğurlar dilədi. Xatırlatdı ki, bu kitab milli-mənəvi və mədəni xəzinəmiz olan yazılı mənbə baxımından gələcək nəsillərə çatdırılması vacib olan bir məlumat toplusudur.

Təqdimat mərasimində çıxış edən digər dəvətlilər Mirvari müəllimin yüksək mənəviyyat daşıyıcısı, dövlətə və dövlətçiliyə sədaqətli vətəndaş bu sahədə güclü təbliğatçı olmasından, bir ana kimi nümunəvi övladlar tərbiyə etmiş, ləyaqətli azərbaycanlı qadın olduğunu vurğuladılar, müəllifə can sağlığı, uğurlar arzuladılar.

Sonda müəllifin ömür-gün yoldaşı Ağaməmməd Qarayev,  övladları Anar və Məsud Qarayevlər tədbirdə iştirak edənlərə təşəkkürlərini bildirdilər. Musiqi sədaları altında müəlliflə xatirə şəkilləri çəkildi.

Hacıməmməd Məmmədov,

“Qızıl Qələm” mediya mükafatı laureatı

 

Şərh Yaz