TİRCAN TARİXİ MƏKANDIR                               

Hər bir millət, hər bir dövlət, hər bir şəhər, hər bir kənd və oba öz memarlıq abidələri, qədim qəbristanlıqları, tarixi hadisələri, görkəmli şəxsiyyətləri və nümunəvi adət-ənənələri ilə tanınır. Tarix adlandırdığımız bu məvhum özbaşına yaranmayır, onu yaradan, yaşadan, nəsildən-nəsilə ötürən, o məkanda doğulub boya-başa çatmış sadə insanlarından tutmuş ziyalısına kimi olan vətənpərvər, təəssübkeş, dəyərli insanlardır. Tarix müqəddəsdir, Ana kimi. Onu saxtalaşdıranlar, dağıdanlar və ona arxa çevirənlər hər cür qəzəb, lənət və nifrətə layiqdir.

Tircan kəndi Şirvan zonasının ən qədim yaşayış məskənlərindən biridir. Səsi-sorağı bizim eradan çox-çox əvvəllərdən gəlir. Bunu deməyə əsas verən ən tutarlı faktorlardan biri, minilliklər keçməsinə baxmayaraq, yer toponimlərinin bu gün də öz ilkin orijinallıqları ilə adlandırılmasıdır. “Cavanşir qazmaları”, “Cavanşir divanxanası” ( meşələşmiş nəhəng qəbristanlıqlar), “Cavanşir bulağı”, “Cavanşir qəhəlləri” (at tövlələri), “Cavanşir düzənliyi” (Sərdüz), “Qəhliyə dağı”( zirvəsində at qəhəlləri olan dağ) məhz 616-681-ci illər arası ömür sürmüş, 637-681-ci illər arası isə alban (Qafqaz) hökmdarı olmuş, Mehranilər sülaləsinin ən parlaq simalarından biri olan Varaz Qriqorun oğlu Cavanşirin adı ilə bağlı olmasıdır. Daha tutarlı başqa bir fakt isə, Sasani padişahı 1-ci Qubadın hakimiyyətdə qalıb möhkəmlənməsində  sanballı əməyi olmuş, sonradan  xəyanət edib onları İrandan qovub Azərbaycanın şimalına sürgün etdiyi Məzdəki hərəkatı tərəfdarlarının bir qisminin bu yerlərdə məskunlaşdıqları məkan olmasıdır. Tircanın 5 məhəlləsindən biri indi də “Məzkaha” adlanır ki, bu da “Məzdəki kahaları”,  yəni sığınacaqları anlamındadır. ( Bəzən bu məhləyə, 1960-cı illərin sonlarında burada oturaq həyat tərzinə keçmiş bir neçə qardaş ləzgi ailəsi tərəfindən “Qasımkənd” də deyilir). Bütün bunlar Tircanın sasanilərin bu yerlərə ayaq açmasından çox-çox qabaq mövcudluğundan xəbər verir.

Tircan ərazisi seysmik və torpaq sürüşmələri zonasında yerləşdiyindən, dəfələrlə dağıntılara məruz qalmış, məkanını və  adını dəyişmişdir. Arxiv və digər tarixi mənbələrdə Xocalı, 2-ci Xocalı, Soğanlıq, Şəmdlan, Xəşdöşə (Xalçadöşə), Tercan, Pircan və nəhayət Tircan adları ilə mövcudluğunu qoruyub saxlaya bilmişdi.  Xəşdöşə (Xalçadöşə) və Tercan (ətrafında çoxlu sayda pirlər olduğu üçün bəzən də Pircan adlandırılıb)  yaşayış məskənləri Şirvan zonasının ən abad kəndlərindən – kürəbəndi, bulaqları, hamamı, enli daş döşəməli küçələri, məscidi olan, xalçaçılıq sənəti inkişaf edən yaşayış məskəni olubdur. Xəşdöşə (Xalçadöşənin) 1600-cü illərdə Musa və Duvarvəli dağlarının arxasındakı gölün yarılmasından məhv olduğunu deyərdilər ağsaqqal və ağbirçəklərimiz. Bu dəhşətli faciənin izləri  bu gün də qalmaqdadır. Tircan kəndi sonuncu dəfə 1907-ci ildə torpaq sürüşməsi nəticəsində, insan təlafatı olmadan bir neçə günün ərzində batmışdır. İnsanlar sahibi olduqları, əkib-becərdikləri geniş torpaq və bağ sahələrinə səpələnmiş və uzun illər pərakəndə halda, 1936-cı ildə başa çatmış kollektivləşdirmə dövrünə kimi orada özlərinə şərait qurub yaşamışlar. O vaxtdan bugünə kimi həmin ərazilər ailə, yaxud da  nəsil başçılarının adları ilə adlanmağa başladı. Məsələn, Abdullahlılar bağı, Həşim bağı, Hüseyn bağı, Həsən bağı, Alı bağı və s. Batmış kəndin yerində yaranmış göllər isə indi də evi batmış sahiblərinin və yerə gömülmüş məscidin adları ilə adlanır: Bədir nohuru, Qambay nohuru, Qəhrəman nohuru, Meçit  nohuru və s.

Batmış kənd, Şamaxı quberniyasının ən abad, ən qonaqpərvər və folklorla zəngin olan kəndlərindən biri olaraq, böyük mütəfəkkir M.F.Axundovun tövsiyyəsi ilə məşhur rus şairi M.Y.Lermontov, şair və coğrafiyaşünas İsmayıl bəy Qutqaşenli ilə birlikdə 1837-ci ildə Tircana səyahət etmişlər. Lermontov burada Abdullahlılar nəslindən olan Abdullahın evində gecələmiş, məşhur el aşığı Aşıq Oruc isə yüksək qonağın şərəfinə meydan sulayıb ona “Aşıq Qərib” dastanını söyləmişdi. Bundan mütəəssir olan şair özü də sonralar eyni adda əsər yazmalı olmuşdur. Digər tarixi bir şəxsiyyət, fransız yazıçısı və səyyahı Aleksandr Düma (ata) isə, 1858-ci ildə Bakıda xan qızı Natəvanla görüşdükdən sonra Şəkiyə, qubernator Tarxanovun dəvəti ilə gedərkən, yolunu Tircandan salıbmış.

Müasir Tircan 1908-ci ildə çar Nikolayın fərmanı ilə salınıb. Rus mühəndislərinin ən mütərəqqi layihələri əsasında salınan yeni kənd, Şamaxı qəzası mərkəzində yüksək vəzifədə çalışan Molla Kamilə (o molla olmayıb, hörmət əlaməti olaraq belə adlandırılıb) həvalə edilib. Kəndin salınması məktəb, məscid və kəndlər arasında ilk olaraq mehmanxana tipli Qonaq evinin inşasından başlanıb. Yeni salınan kənd birinci dəfə 1915-ci ildə, ikinci dəfə isə 1918-ci ildə ermənilər tərəfindən yandırılıb. (El arasında bu dövr “birinci qaçaqaç”, “ikinci qaçaqaç” dövrü  kimi adlandırılır). Məscidə girib Allah evini yandırmaq istəyən 6 erməni özləri tüstüdən boğularaq ölüb. Məktəb binası namuslu, təəssübkeş insanlar tərəfindən 1927-29-cu illərdə yenidən bərpa edilmiş və 2017-ci ilə kimi fəaliyyət göstərmişdi. Qonaq evini isə bərpa etmək mümkün olmamışdı. Kəndə 7-8 km. məsafədən, uzaq Soltanlı meşəsindən öz hesabına su çəkdirən Molla Kamilin atası Hacı Əli olubdur. “Hacı bulağı”, “Qoşa bulaq” kimi adlandırılan bu bulaq 100 ildən çox – 2014-cü ilə kimi insanlara fasiləsiz xidmət göstərmişdi.

Tircan ətrafındakı Tırxa çökəkliyi və Divanxana adlanan yer tarixi bilinməyən nəhəng insan qəbirləridir. Xocalı, Qaraçuxa, Çömçəli, Şah Abdal, Qız piri, küp qəbirləri və kurqanları ilə zəngin olan qədim yaşayış məskəni olan Soğanlıq, tarixçi alimlərimizin arxeoloji tədqiqatlarına ehtiyac duyur.

Erməni-bolşevik ünsürləri tərəfindən  1920-ci ilin aprelində devrilən Milli Hökumətimizin  başçısı M.Ə.Rəsulzadəyə ilk qucaq açan, ona sığınacaq verən Tircan olmuşdur. Belə ki, M.Ə.Rəsulzadənin Çuxuryurda gəlməsindən xəbər tutan, ermənilərə qan udduran, millət təəssübkeşi, el qəhrəmanı Molla Kamil gecə ikən onu Tircana gətirmiş, üç gün Yüzbaşı İbrahimin evində gizlətmiş, sonra yaxın silahdaşları pirəqanımlı Cümşüdün, sərdaharlı Doşunun (Orucun) və digərlərinin müşaiyyətilə Lahıca aparıb, əvvəlcədən danışılan müsavatçı Ağabala Qasımovun (ərəb əminin) evində gizlətmişdi. Bütün bu hadisələri öz gözləri ilə görmüş Hüsniyyə qarı (Ağabala Qasımovun qardaşı arvadı), İbrahim Əkbəroğlu və ömür-gün yoldaşı Minayə qarı bizim günlərə kimi yaşayıb hamıya danışardılar.

Tircan eli ermənilərin 1918-ci ilin martında törətdikləri qırğınlarda 360 şəhid versə də, ağ bayraq qaldıranlardan olmayıbdır. Başda Molla Kamil, İbrahim Əkbəroğlu, Şeşim oğlu Salman, Sofulu İbad və başqaları olmaqla ermənilərin Girdiman hövzəsindəki kəndlərə doğru irəliləmələrinə imkan verməyərək, sinələrini sipər etmişlər. Onlar Qafqaz İslam Ordusu tərkibində vuruşan xilaskar türk qardaşlarımıza qoşulub, erməniləri son nəfərə kimi məhv ediblər. Əfsuslar ki, türk qardaşlarımızdan da, vətəndən çox-çox uzaqlarda, Tircanımız uğrunda canlarını qurban verənlər də olmuşdur. Əvvəl-əvvəl ziyarət mərkəzinə çevrilmiş bu şəhidlik, sonradan  yasaq edilmişdir. Lakin qədirbilən tircanlılar, 2018-ci ildə bu şəhidliyin yerini yenidən müəyyənləşdirmiş və ora xatirə lövhəsi asmışlar. Bundan əlavə, Tircan 1941-45-ci illər ikinci dünya müharibəsində də İsmayıllı rayonunda ən çox itki verən kəndlərdən olubdur – 200 nəfərdən çox. Tircan və tircanlılar bu gün də öz mübarizliyini, əzmkarlığını qoruyub yaşadır. Birinci Qarabağ vuruşunda ondan çox şəhid verib. Küllü Qarabağın erməni işğalından azad edilməsində fəal iştirak edən tircanlılar, qürur hissi olaraq Füzulidə partlamamış raket, Şuşada isə abidə üzərində öz dəst-xətləri ilə “Tircan” kəlməsini yazdılar.

Əziz həmkəndlilərim, kəndimizin, eləcə də onun cəsur insanlarının keçmişini əks etdirən tarixdən uzun-uzadı danışmaq olar. Lakin gəlişi ilə cəmiyyətimizə yüksək texnologiyalar əsri kimi daxil olan XXI əsr, eyni zamanda həyat və məişətimizə yabancı olan bir çox xoşagəlməz anlaşılmazlıq da gətiribdir. Bu anlaşılmazlığın adı kəndimizin tarixinə olan  biganəliyimizdir. Son illər 100 illik tarixi olan, gecə-gündüz suyu əksik olmayan daş novlu qoşa bulağımız, arxitekturasına görə nadir yeraltı hamamımız biganəliyin qurbanı olaraq sıradan çıxmışdır. Daşlarının hər biri 20 qəpik qızıl pula kəsilib tikilmiş, keçən əsrin ortalarında 15 kəndin 1000-ə yaxın şagirdinin təhsil aldığı 15 sinifli məktəb lüzum gəlmədən söküldü, hansısa səlahiyyət sahibinin imarətlərinin tikilməsinə sərf edildi. İdman qurğuları, əmək-təlim emalatxanaları sökülüb yerində Heydər Əliyev fondu hesabına tikilən yeni məktəb binası, qonşu kəndlərdə quraşdırılan modul tipli məktəblər fonunda olduqca primitivdir. Həyət-bacası qışda palçıqlı, yayda isə tozlu-torpaqlı olan, idman zalı “unudularaq” tikilməyən, 113 yaşlı Cümə məscidinin qapısına basketbol toru asıb həyətini və özünü idman meydanına çevirmək, kəndimizin adına ləkə, Allaha isə hörmətsizlikdir. Vaxtilə Qara Bayram, Respublikanın Əməkdar müəllimləri Əhmədəli Məmmədov və Ənvər Balayev, Əlövsət Talıbov, Hacı Hidayətov, Ayaz Əliyev kimi elm və təhsil karifeylərinin dərs deyib müdir işlədikləri adlı-sanlı məktəbdən əsər-əlamət qalmayıb. O illərdən yadigar qalan yalnız ot-ələf içərisində itib-batan, istehsalı və istismarı keçən əsrin ortalarında dayandırılan, hisli-paslı DT-75 traktorudur.

Hər dəfə 30 illik erməni işğalından azad edilən ərazilərə səfərləri zamanı ölkə Prezidenti İlham Əliyev Cənablarının və onun ailə üzvlərinin dağıdılmış və təhqir olunmuş məscidlərimizə, dini abidələrimizə baş çəkdiklərini ekranlarda izlədikcə qürur hissi keçirirəm. Rayon Mərkəzi arxivində saxlanılan 7 aprel 2002-ci il tarixli islahat komissiyasının aktına baxış keçirdiyim zaman isə xəcalət hissi keçirdim. Heç bir ştampı, möhürü, imzası olmayan bu saxta sənədə əsasən 1908-ci ildə inşa edilən Tircan Cümə məscidi 1960-cı ildə tikilən taxıl anbarı kimi qeydə alınaraq 50.060.650 manat dəyərində qiymətləndirilib və 25 nəfər arasında pay bölgüsü kimi bölünüb. Tam məsuliyyəti ilə deyirəm ki, bu işdə ermənilərin əli yoxdur.

Hörmətli həmkəndlilər, tarixi məscidimiz bizim qeyrət-namus simvolumuzdur. Gəlin, uçub-dağılmaq üzrə olan tarixi abidəmizə sahib çıxaq. Əl-ələ verib həmrəy olaq, oranı bir “İcma evi” olaraq kəndimizin şərəfli, inqilabi keçmişini, 1918-ci ildə ermənilərin qətlə yetirdikləri 360, İkinci dünya müharibəsində 200-dən çox, Birinci və İkinci Qarabağ vuruşlarında itirdiyimiz onlarla tircanlının, həm də kəndimizin qabaqcıl ziyalı və görkəmli şəxslərinin, hərbçi balalarımızın həyatlarını əks etdirən bir kompleksə çevirək. Bu haqda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 22 may 2018-ci il tarixli 02.817 saylı xeyi-dua razılığı da mövcuddur. Tircanlı adını daşıyan əzizlərim, bu işdə əlbir olmağınızı arzu edirəm.

Araşdırıcı: Vaqif Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 

 

Şərh Yaz