Bayram ərəfəsində şəhid ailələri ziyarət olunub                   

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) İsmayıllı Rayon Şöbəsinin rəhbərliyi Qurban bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib.

Ziyarət zamanı SHXÇDX İsmayıllı Rayon Şöbəsinin rəisi Əfran Nəbiyev şöbənin bir qrup əməkdaşı ilə  bərabər şəhidlərin doğmalarını bayram münasibətilə təbrik edib.

Görüşlərdə Vətən torpaqlarının azadlığı uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirəsi ehtiramla yad olunub. Qeyd edilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir və qürur duyuruq.

Söhbətlər əsnasında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan Böyük Zəfərlə otuz ildən çox davam edən ədalətsizliyə son qoyulduğu vurğulanıb. Xalqımızın birliyi, qəhrəman əsgər və zabitlərinin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Şəhidlərimizin intiqamı döyüş meydanında alınıb.

Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı ifadə edilib.

SHXÇDX İsmayıllı Rayon Şöbəsinin rəisi Ə.Nəbiyev şəhid valideynlərinin müraciət və xahişlərini diqqətlə dinləyib, şəhidlərin ev-muzeyindəki xatirə kitablarına ürək sözlərini yazıb. Ziyarət olunan ailələrə bayram sovqatları çatdırılıb.

Nargilə Əhədli,

SHXÇDX İsmayıllı Rayon Şöbəsinin əməkdaşı

Şərh Yaz