Kitabxana  işinə həsr olunmuş ömür                         

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.   

Heydər Əliyev

Kitabxanalar milli-mənəvi və mədəni  xəzinəmiz olan yazılı mənbələrimizi toplayıb qoruyaraq gələcək nəsillərə çatdıran müqəddəs məbəddir. Bu məbədlərdə onları quran, yaradan, inkişaf etdirən və təkmilləşdirərək gələcək nəsillərə, hazırda isə oxuculara çatdıran insanların özləri də müqəddəsdir, desək, yanılmarıq. Belə zəhmətkeş, öz peşəsinin ustası olan kitabxana işçilərindən biri də İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin kitabxanaçısı Məhbubə Yusif qızı Nəbiyevadır.

Məhbubə xanım hər dəfə xatırlayır ki, kitabxanalar milli-mənəvi və mədəni xəzinəmiz olan yazılı mənbələrimizi toplayıb qoruyaraq gələcək nəsillərə çatdıran müqəddəs məbəddir. Kitablar onun mənalı, zəngin, al-əlvan dünyasıdır.

Söhbət əsasında söylədi ki, dostum, tanışım çoxdur, amma kitablardan duyduğum yaxınlığı, mənəvi dayağı heç kimə, heç nəyə dəyişmərəm. Həyat həmişə istədiyimiz kimi olmur. Onun eniş-yoxuşu var. Yıxılmamaq üçün özündə təpər tapmalısan. Bax, onda hər vaxt kitablardan aldığın mənəvi güc səni ayaqda saxlayacaqdır.

İnsanın cəmiyyətdə yüksək mövqe tutması, əxlaqi dəyərləri, mədəniyyəti, həyatda intellekt qazanması ilk növbədə onun hansı ailədə, hansı nəsildə dünyaya gəlməsindən çox asılıdır. Yəni, bir çox amillər insana qandan, gendən keçir deyirlər.

45 ilə  yaxın kitabxana işi ilə məşğul olan M. Nəbiyeva ziyalı bir nəsildə 1956-cı ilin aprel ayının 14-də İsmayıllı şəhərində anadan olmuşdur. 1963-cü ildə İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli orta məktəbinin birinci sinfinə daxil olmuş, 1973-cü ildə Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli orta məktəbinin ilk buraxılışı olaraq onuncu sinfi müvəffəq qiymətlərlə bitirmişdir.

1978-ci ildən İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sistemində kitabxanaçı kimi iş fəaliyyətinə başlamışdır. Təhsilini davam etdirmək üçün sənədlərini N.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun kitabxana işi və biblioqrafiya ixtisasına vermiş, qiyabi olaraq 1980-ci ildə  texnikumu bitirmişdir…

1983-cü ildən irəli çəkilərək İsmayıllı şəhər 1 nömrəli orta məktəbin kitabxanasına kitabxana müdiri təyin olunmuşdur. Uşaqlarla, məktəblilərlə işləməyə yüksək dəyər verərək 2021-ci ilin aprel ayına qədər ürəkdən, yüksək bacarıqla çalışmış, fəaliyyəti ilə böyük bir pedaqoji kollektivin, eləcə də çox sevdiyi məktəbli oxucuların dərin rəğbətini qazanmışdır.

M.Nəbiyeva mürəkkəb iş prosesinin öhdəsindən daim bacarıqla gəlmiş, oxucularını bədii və təhsillə bağlı yardımçı  yeni ədəbiyyatlarla vaxtında məlumatlandırmışdır.

Məktəb kitabxanasında bayramların və əlamətdar günlərin təşkil edilməsində, yazıçılar, şairlər, sənət adamları ilə görüşlərin keçirilməsində və digər ictimai işlərdə Məhbubə xanımın xidmətləri danılmaz olmuşdur. Onun bu istiqamətdə gördüyü təqdirəlayiq işlər fəal ictimaiyyətçi və təşkilatçı olduğunun, öz peşəsinə ürəkdən bağlandığının göstəriciləridir.

Fəaliyyəti dövründə çox sayda, müxtəlif mövzularda, biri-birindən maraqlı tədbirlər hazırlayaraq məktəbin müəllim və şagird kollektivinə təqdim etmişdir.

Bunlardan “Heydər Əliyev”, “Əziz Əliyev”, “Zərifə xanım Əliyeva”, “Qəzənfər Paşayev”, “Səməd Vurğun”, “Qara Qarayev”, “Mir Cəlal”, “M.P.Vaqif”, “M.Füzuli”, “Nəsimi”, “Nizami”, “İ.Şıxlı” və digər görkəmli şəxsiyyətlər haqqında biblioqrafiyalar Məhbubə xanımın illərlə çəkdiyi əziyyətlərin, arxivlərdə, kitabxanalarda, muzeylərdə, şəxsi arxivindən və digər mənbələrdə apardığı araşdırmaların məhsulu olaraq qorunub saxlanılır.

M.Nəbiyeva məktəb şagirdlərinə effektli və operativ xidmət göstərilmiş, peşəkar biblioqraf-kitabxanaçı kimi onların sorğularına dəqiq və vaxtında cavab verməklə oxucuların da sevgisini və hörmətini qazanmağı bacarmışdır.

Digər məktəblərin gənc kitabxanaçıları işlə bağlı hər hansı bir çətinlik olduqda, dərhal Məhbubə xanıma müraciət  edir, ondan məsləhət alır. Hamı yaxşı bilir ki, ona həvalə edilən işdə böyük təcrübəyə sahibdir. Məhbubə xanım işini yaxşı bilən, ona tapşırılan hər bir tapşırığın öhdəsindən bacarıqla gələn, həmkarlarını düşdükləri çətinliklərdən çıxmağa yardımçı olan, şəxsi işlərində onlara köməklik göstərən, ən başlıcası isə  dürüstlüyü, sözü üzə deməyi sevən, sadə, səmimi bir xanımdır. Məhbubə xanım sözü ilə əməli bir olan, bütün ətrafdakılara kömək etməyi sevən və ondan zövq alan ziyalıdır.

M.Nəbiyeva  ta əzəldən etibarlı dost, gülərüz xanım, xeyrə-şərə yarayan iş yoldaşı, yaşadığı məhəllədə, mehriban qonşu olmuşdur. Yüksək insani keyfiyyətləri ilə kollektivdə həmişə nümunə olmuşdur.

Məhbubə xanım 2019-cu ildə “İlin ən yaxşı kitabxanaçısı” adını qazanmışdır.

Çalışdığı illər ərzində onun fəaliyyəti rəhbərlik tərəfindən yüksək dəyərləndirilmişdir. O, dəfələrlə Fəxri fərmana, Təşəkkürnamələrə və pul mükafatlarına  layiq görülüb.

Məhbubə xanım həm də gözəl ana, sədaqətli və qayğıkeş həyat yoldaşı, nəvələrinin sevimli nənəsidir. Ömür-gün yoldaşı Ramiz Kazımov uzun müddət rabitə mühəndis kimi çalışmışdır. Bu xoşbəxt cütlük yaşları ilə əlaqədar təqaüdçüdürlər, rəsmi olaraq daha işləmirlər, yorğunluqlarını nəvələri ilə çıxarmağa çalışırlar. Hazırda həyatlarının mənası nəvələridir, onlara qoşulub fərəhlə nəfəs almalarıdır.

Məhbubə xanıma uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi, nəvə-nəticə toyu arzulayırıq!

Hacıməmməd Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz