Azərbaycan dövlətçiliyinin qurucusu, dövlət müstəqilliyimizin memarı                 

Müstəqil bir dövlətin yaradılması, inkişafının davamlı olması üçün tarixi səbəblərlə yanaşı, xalqı bu dövlətin ətrafında sıx birləşdirə biləcək güclü liderin olması da vacib şərtlərdəndir.

Dövlətçilik tariximizin qısa bir zaman parçasına nəzər saldıqda bu suala cavab verməli oluruq: 1988-1990-cı illərdə milyonlarla insanı qarda, yağışda, gecəli-gündüzlü Azadlıq meydanına toplayan nə idi? Bu sualın isə tək bir cavabı var – Azadlıq və Müstəqillik arzusu.

Bu arzunu ideyaya çevrimək, xalqı vahid məqsədə yönəltmək mümkün oldumu? 1990-cı ilin yanvarında silahlı qüvvələrin qarşısına əliyalın çıxan insanların əldə etdiyi müstəqillikdən az sonra, 1993-cü ilin iyun ayında birləşib qiyamçı dəstəyə qarşı çıxdılar. Onda iqtidarda olan AXCP-Müsavat cütlüyünə xalqın inamı qalmamışdı.

İyun hadisələri tariximizin unudulmaz səhifələridir. Azərbaycan xalqının başı üstünü qara buludlar almış, ölkə vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Azərbaycanı sevməyən qüvvələr, daxildə onlara qul olanlar dövlətimizi, xalqımızı məhv etmək niyyətində idilər. Respublika açıq-aşkar parçalanmaq, təhlükəsi qarşısında idi. Xalqı və dövləti bu ağır vəziyyətdən xilas etməyə, ölkə rəhbərliyinə elə bir şəxsiyyət gəlməli idi ki, təhlükələri dəf edib, xalqı öz ətrafında birləşdirə bilsin.

Azərbaycan xalqının nüfuzlu nümayəndələrinin dəfələrlə etdiyi təkidli müraciətlərdən sonra Ümummilli liderimiz Bakıya gəlməyə razılıq verdi.

Çətin günlərdə Ulu öndər xalqı darda qoymadı. 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Xalq inanırdı ki, yalnız Heydər Əliyev kimi görkəmli şəxsiyyət, böyük siyasətçi xalqı mövcud fəlakətlərdən xilas edə bilər. Xalq birliyi, respublikanın ərazi bütövlüyünü təmin etmək üçün qəti addımlar atar.

Ulu öndərimiz hakimiyyətə gəldikdən az sonra xalqı üzləşdiyi ağır vəziyyətdən çıxartdı. Ölkə beynəlxalq aləmdə tanındı. Ulu öndərimizin səyi nəticəsində xalqımızın haqq səsi mötəbər tribunalardan eşidildi. Ermənistanla müharibədə atəşkəs əldə olundu. Onun rəhbərliyi altında dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. İqtisadiyyatımızın böhrandan çıxarılması üçün mühüm islahatlar aparıldı.

Ulu öndərin gördüyü tədbirlər nəticəsində ölkədə baş verən özbaşınalıqlara son qoyuldu. Cinayətkarlar cəzalandırıldı. Xalq asudə nəfəs almağa başladı. Bu qayıdış xalqın, dövlətin qurtuluşu, itirilmiş ümidlərin bərpası, milli qeyrətin qayıdışı oldu. Beləliklə, “Mən azərbaycanlı olmağımla fəxr edirəm”, – deyən Ulu öndərimiz XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu.

Filosoflardan biri demişdir: “Dahilər müzakirə olunmur, öyrənilirlər”. Bəli, bu gün biz Ulu öndərin dövlət quruculuğu prinsiplərini dərindən öyrənməli, müstəqilliyimizi, azərbaycançılığımızı, milli, mənəvi dəyərlərimizi, ərazi bütövlüyümüzü qorumalı, siyasi plüralizmi, vətəndaş cəmiyyətinin formalaşmasını, söz və fikir azadlığını dəstəkləməliyik. Birmənalı şəkildə bilməliyik ki, Heydər Əliyev çağdaş Azərbaycan dövlətçiliyinin qurucusu, dövlət müstəqilliyimizin memarı, azərbaycanlıların əbədi ümummilli lideri, türk dünyasının böyük oğludur.

Fenomen şəxsiyyət olan Heydər Əliyevin dövlətçilik fəaliyyətini qədirbilən xalqımız heç vaxt unutmayacaq. O, ölkəmizdə milli dövlətçilik ideologiyasını, azərbaycançılığın konsepsiyasını verən dahi filosof, həm də onu addım-addım həyata keçirən böyük praqmatik dövlət xadimi kimi bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Bu tarixi şəxsiyyət xalqımızı tarixin ağır sınaqlarından çıxarmış, Azərbaycanın işıqlı sabahına etibarlı bünövrə qoymuşdur. Bir həyat həqiqətini dərk etməliyik ki, tarix yaradan şəxsiyyətlər ölmür. Xalqa xidmətləri fövqündə Ulu öndərimiz əbədiyaşardır.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin inamlı inkişaf mərhələsini təşkil edir. O, qısa zaman kəsiyində Azərbaycanın malik olduğu zəngin intellektual potensialı, təbii resursları, milli gücü cəmləyib ölkənin tərəqqisinə nail oldu. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Hörmətli Prezidentimiz elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat və idman sahələrinə xüsusi diqqət yetirir.

44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızın geri qaytarılması isə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin polad iradəsini, xalqımızın birliyini, tariximizin ən böyük uğurunu, şanlı Qələbəmizi – Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi. Hazırda Qarabağda aparılan quruculuq işləri yaxın gələcəkdə Azərbaycanı daha da qüdrətli və qüvvətli edəcəkdir. İşğaldan azad olunmuş şəhər, rayon, qəsəbə və kəndlərimizə qayıdış müstəqilliyimizi, ondan aldığımız gücü daha da möhkəmləndirəcəkdir.

15 iyun xalqımızın fəlakətlərdən qurtulduğu, inamının özünə qayıtdığı gündür. Allah xilaskar öndərimizə – Heydər Əliyevə rəhmət eləsin. Yaxşı bilirik ki, bugünkü sabitliyi, əmin-amanlığı bizə o bəxş edib. Bu gün başlıca vəzifəmiz hörmətli prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmək, Azərbaycanın inkişafı naminə gördüyü bütün işlərdə ona kömək etməkdən ibarətdir.

Şahməmməd Soltanov,

İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, “Qızıl qələm” mediya mükafatçısı

Şərh Yaz