Qüdrətli Azərbaycan Ulu öndərin şah əsəridir                  

Məlumdur ki, Azərbaycan tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır.

Qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır.

Ulu öndərin söylədiyi sözlər də xalqımız və dövlətimiz qarşısındakı xidmətləri qədər unudulmazdır: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”.

Bəli, xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi, əsl müstəqillik tariximiz də o zamandan başladı. Çünki ona qədər müstəqillik sözdə idi, amma faktiki olaraq yox idi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

Azərbaycanın bugünkü uğurları ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Böyük Qələbənin əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla da Azərbaycan öz tarixinin yeni dövrünə qədəm basmışdır.

Dahi öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır.

Bu gün dahi öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamlılığı və dönməzliyi Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Böyük siyasətin əzmlə davam etdirilməsi dövlət-xalq-ordu birliyinin əsasında şanlı Qələbəyə yol açdı. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi bu məsələdə öz sözünü dedi və işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.

Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlər, atılan addımlar ölkəmizin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu çətinliklərdən də uğurla çıxacağına əminliyi artırır. Ölkə ictimaiyyəti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstəyini əməli fəaliyyəti ilə göstərir.

Bu gün xalqımız tam əmindir ki, Heydər Əliyev yolu Azərbaycana hələ bundan sonra da daha böyük uğurlar qazandıracaq, inkişaf etmiş ölkələr sırasında əbədi addımlamaq istəyini cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla reallaşdıracaq.

Rövşən Əliyev,

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri

Şərh Yaz