Azərbaycan təhsilinin inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır        

“Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə də bu sahənin keyfiyyət meyarlarının yüksəldilməsinə xüsusi diqqət və qayğı göstərib. Məhz sovet dönəmində hazırlanmış əsaslar üzərində artıq müstəqil Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşmış, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün əlindən gələn hər şeyi etmişdir. Məhz ulu öndər Heydər Əliyevin respublikamızın təhsil sisteminə olan xüsusi diqqət və qayğısının nəticəsi olaraq, 1969-1982-ci illərdə Azərbaycanda çox sayda məktəb binaları tikilərək istifadəyə verilib. Yenə də həmin illərdə ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza savadlı, bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Azərbaycan gənclərinin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində – Moskva, Leninqrad, Kiyev, Minsk kimi elm və mədəniyyət mərkəzlərində ali təhsil alması üçün ulu öndərin etdiklərini bu gün də həmin nəslin nümayəndələri minnətdarlıq hissi ilə xatırlayırlar. Keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarını bitirdikdən sonra ölkəmizə qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində millətə fayda verməsi də daim ulu öndərin diqqətində olan məsələlərdən biri idi.
“Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət və qayğı göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz paylanıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu, təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Ümummilli liderimiz təhsil sistemimizdə olan problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində əsaslı islahatların aparılması üçün tapşırıqlar verdi. Bu məqsədlə 1998-ci il martın 30-da Ölkə Prezidentinin sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. 1998-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin uğurlu həlli üçün əsl proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. Ulu öndər 1999-cu il iyunun 15-də – Milli Qurtuluş Günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi və islahatların əsas məqsədini müəyyən etdi. Bu məqsəd Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmasından ibarət idi. Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq üçün isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.
2000-ci il iyunun 13-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərman ölkədə təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Ulu öndərin rəhbərliyi ilə keçirilən islahatlar nəticəsində ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında böyük dönüş yarandı. Bundan bir qədər sonra isə ulu öndərimizin “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncamı və həmin sərəncamla hazırlanmış xüsusi proqram sayəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikilməyə başlandı. Ümummilli liderimizin rəhbərliyi ilə və tövsiyələri əsasında hazırlanmış proqramlar, ulu öndərin müəyyən etdiyi strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin etdi.
Bu gün Azərbaycanda bütün sahələrdə ulu öndərimizin daxili və xarici siyasəti, iqtisadi və sosial sahələr üçün müəyyən etdiyi strateji istiqamətlər möhtərəm ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də elm və təhsil sahəsində möhtəşəm nailiyyətlər əldə edə bilib. Dünyanın bir sıra ölkələrinin qlobal pandemiya və iqtisadi böhranla çarpışdığı bir vaxtda Azərbaycan özünün iqtisadi uğurlarını ilbəil artırır. Prezident İlham Əliyevin ayrı-ayrı dövlət proqramları şəklində irəli sürdüyü layihələr ölkəni sürətlə irəli aparır. Bu gün isə Azərbaycan uğurla apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə öz ərazi bütövlüyünü bərpa edib və müstəqil, güclü bir dövlət olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Bütün bu mütərəqqi proseslər bir daha təsdiqləyir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir və bu siyasi kurs ölkəmizin firavan gələcəyini təmin edəcək yeganə doğru konsepsiyadır.
Hafiz Kərimov,
Az
ərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
İsmayıllı Rayon Komitəsinin sədri

Şərh Yaz