Heç vaxt unudulmayacaq lider                       

Yaxşı yadımdadır. 1993-cü ildə Azərbaycanda yaşanan böhran əslində gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi bir dəfə 1920-ci ildə yaşamışdıq. 1993-cü ildə də eyni vəziyyətin yaranması, təkrarlanması üçün şərait yaranmışdı.

1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər, siyasi böhran, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyin, dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması reallığı bir daha təsdiqlədi ki, yalnız böyük liderlər xalqın müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər.

Müstəqillik dövrünün qısa tarixi ulu öndər Heydər Əliyevin belə bir fikrini əyani şəkildə təsdiq edir. ”Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”.

Azərbaycan xalqının tələbi və təkidi ilə ikinci dəfə rəhbərliyə qayıdan Heydər Əliyevin fəaliyyəti nəticəsində böhrana, özbaşınalığa son qoyuldu. Bütün qanunsuz silahlı birləşmələr tərkisilah edildi və ölkədə inkişaf başladı.

Ulu öndər Heydər Əliyevin təşəbbüskarı və memarı olan YAP həmin dövrdəki özbaşınalığın, siyasi hərc-mərcliyin qarşısını almaq məqsədi ilə yaradıldı.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti parçalanmaqdan azad oldu.

Xalqın rəhbərə, dövlətə, dövlətçiliyə olan inamı bərpa olundu. Azərbaycan xalqı öz rəhbərinə inandı, ona arxa və dayaq oldu.

Azərbaycan Respublikasının beynəlxalq hüququ gücləndi. Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi.

Qarabağ uğrunda gedən döyüşlərdə irəliləyişlərə nail olundu. Füzuli istiqamətində gedən döyüşlərdə Horadiz kimi əhəmiyyətli yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi, atəşkəsə nail olundu.

İqtisadiyyatın inkişafına, ordu quruculuğuna diqqət artırıldı.

Əsrin müqaviləsi imzalandı. Bakı-Tbilisi-Ceyhan Neft kəmərinin istifadəyə verilməsi sübut etdi ki, Azərbaycan dövləti müstəqil siyasətini uğurla davam etdirir.

Orduda vahid idarəetmə sistemi bərpa olundu. Ordunun möhkəmləndirilməsi, döyüş qabiliyyətinin bərpa edilməsi üçün bütün imkanlar səfərbər edildi. Biz 2016-cı ilin aprel və 2020-ci ilin 44 günlük döyüşlərində Azərbaycan ordusunun qüdrətinin bir daha şahidi olduq.

Azərbaycan xalqı tarixin acı səhvələrini unutmayıb. Azərbaycanı parçalanmaqdan xilas edən, ölkədə sabitliyin təminatçısı olan, xalqının dilini, dinini, adət-ənənəsini qəlbən sevən, azərbaycanlı olmağı ilə fəxr edən Heydər Əliyev şəxsiyyətinin ömrünün hər anı tariximizdir. Tarix isə heç vaxt unudulmur. Heydər Əliyev şəxsiyyəti də heç vaxt unudulmayacaqdır.

Mən ulu öndər Heydər Əliyevin keçirdiyi 26 tədbirdə iştirak etmişəm. Onun şəxsiyyətində inam, qətiyyət, dözüm görmüşəm. Saatlarla ayaq üstə durub nitq söyləyən bu görkəmli istedad sahibinin heç vaxt yorulduğunu hiss etməmişəm. Həmişə xalqa arxalanan, Azərbaycanı, Azərbaycan xalqını öz canından çox sevən dünya miqyaslı siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin zəkası, düşüncəsi, fikri milyonların qəlbində əbədi yaşayacaqdır. Ulu öndərin özünün yaratdığı məktəbin məzunu olan cənab İlham Əliyev xalq tərəfindən sevilir, ata vəsiyyətinə əməl edir, dövləti inamla idarə edir, iqtisadi yüksəlişə nail olur. Əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşır.

Azərbaycan ziyalıları xoşbəxtdir ki, bu gün hörmətli prezidentimiz İlham Əliyev elm, təhsil, mədəniyyət xadimlərinə, yaradıcı insanlara qayğı ilə yanaşır. Azərbaycan gəncliyinin savadlı, bilikli, intelektual səviyyədə yetişməsi üçün dövlətin ata biləcəyi bütün addımları maksimum reallaşdırır. Ziyalı sözü və ziyalının özü Azərbaycan dövlətinin və dövlət başçısının diqqət mərkəzindədir. Ali baş komandan İlham Əliyev ata nəsihətinə layiqincə əməl etdi, torpaqlarımızı erməni işğalından azad edərək Azərbayan xalqına qələbə sevinci yaşatdı.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini əziz tutur, yaşadır və nəsil-nəsil yaşadacaqdır.

Yaşar  Nuriyev,

 İsmayıllı Rayon Veteranlar Şurasının üzvü

Şərh Yaz