İsmayıllıda yeni Toz Boya zavodu istifadəyə verildi         

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi İsmayıllı rayonunun Xanagah kəndində yeni fəaliyyətə başlayan Elektrostatik Toz Boya zavodunun açılışında iştirak edib.

Karantin qaydalarının tələblərinə uyğun olaraq keçirilən tədbirdə çıxış edən icra başçısı yüksək texnologiyaların tətbiqi əsasında idxalı əvəz edən və rəqabət qabiliyyətli sənaye məhsulları istehsal edəcək müəssisənin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, bundan sonra da yeni investorların cəlb edilməsinin işsizliyin aradan qaldırılmasında vacib məsələ olduğunu bildirib. Sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır.

Müəssisənin nümayəndəsi Qədir Dəmrəl rayon rəhbərinə və tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Türkiyə və Çin avadanlıqlarından istifadə edərək, illik tam gücü 700 ton olan müəssisə bütün növ metal materialların boyanmasında istifadə edilən elektrostatik toz boyaları istehsal edəcək.

Bundan əlavə Q.Dəmrəl ilkin investisiya 500 min ABŞ dolları olan müəssisəyə növbəti illərdə iki milyon dollara qədər vəsait yatırımı edilməsinin nəzərdə tutulduğunu bildirmişdir.
Qeyd edək ki, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinin təşviqi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoruna xarici investorların cəlbi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə türk investorlar Azərbaycana dəvət olunmuş və müəssisənin yaradılması istiqamətində lazımi dəstəklər göstərilmişdir.

Müəssisə ölkədaxili tələbatı ödəməklə yanaşı məhsulunu “Made in Azerbaijan” brendi altında Qazaxıstan, Türkmənistan, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan və Ərəb ölkələrinə ixrac ediləcəyi planlaşdırılıb. “Nilla” adı ilə fəaliyyət göstərən zavod yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Şərh Yaz