Kənd yolları yenidən qurulur                 

İsmayıllı rayonunun Hacıhətəmli inzibati ərazi dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kəndlərinin yollarında yenidənqurma işlərinə başlanılıb.

Hazırda xüsusi texnikalar vasitəsi ilə yollara çınqıl daşınma və hamarlanma işlərinə başlanılıb. İlin sonuna kimi hər iki kənd yolunun tam asfaltlanması nəzərdə tutulub.

Dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Kürd-Eldarbəyli kəndi rayon mərkəzindən 46 kilometr, dəniz səviyyəsindən 411 metr yüksəklikdə yerləşən Gideyli kəndi isə 45 kilometr cənub-qərbdə yerləşir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan iş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Uzunluğu 13 kilometr olan yol, ümumilikdə iki kənddə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq.

Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən müharibəsindən yeni çıxmasına baxmayaraq, əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam etdirilir. Bunlar dövlətimizin və iqtisadiyyatımızın güclü olmasının nəticəsidir. Bu gün İsmayıllıda çəkilən hər bir yol sabah bizi Şuşaya, Qarabağımıza aparacaq.

 

Şərh Yaz