İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Əsrlər boyu danışılacaq zəfər dastanımızın 44 günlük tarixi olsa da ömürlük silinməz izlər qoydu. “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu!” misralarındakı kimi yaşamaq hüququndan keçən insanlar qəhrəmanlıq dastanı yazdılar. Dəmir yumruq adı ilə tarixdə iz buraxacaq İkinci Qarabağ müharibəsi. Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir Yumruq” əməliyyatı ilə işğal altında olan ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan zəfər yürüşünə başladı. Müharibənin taleyini müəyyənləşdirən başda Cənab İlham Əliyev olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. “Qarabağ Azərbaycandır və nida” ifadəsi qələbəmizin rəmzinə çevrildi. Döyüşlərdə bütün dünya Azərbaycanın xalqının əzmini, iradəsini, Azərbaycan ordusunun döyüş  qabiliyyətini aydın gördü. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,-deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını İkinci Qarabağ müharibəsində sübuta yetirdilər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verdi. Azərbaycanın savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi müharibə dövründə alt-üst elədi. Qısa müharibə dövründə Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu, tarixi ədalət bərpa edildi. Bu zəfər tarixi zəfərdir. 30 il müddətində gözlənilən əmr və əldə olunan zəfər. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi “bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir”. “Dəmir Yumruq” əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Qələbəmizin rəmzi olaraq 10 dekabrda Azadlıq meydanında möhtəşəm “Zəfər paradı” keçirildi. Azərbaycan müzəffər ordusunun, əsgərimizin gücü və qüruru bir daha dünyaya sübut edildi.

Cənab İlham Əliyev aprelin 12-də Bakıda  Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi. Parkda olan eksponatlar içərisində Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş etdirilir. Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən maneələrdir. Ali Baş Komandanımız İlham Əliyevin təşəbbüsü ilə yaradılan  Hərbi Qənimətlər Parkına gələn hər bir vətəndaş Ordumuzun gücünü və iradəsini görəcək. Möhtəşəm qələbəmizi özündə əks etdirən Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün bir örnəkdir. Eyni zamanda isə düşmən üçün gözdağı, əbədi görk, dərsdir.

Ali Baş Komandanımız cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlara səfəri zamanı öz çıxışında demişdir: “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik.

Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.

Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq!

Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik!

Gözəl Səfərli,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz