Ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub                          

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.

Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Eldar İbrahimov və Novruzəli Aslanov da iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Yığıncağın açılışında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon rəhbərliyi ağsaqqalları salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı, ağsaqqallara da böyük dəyər verib.

Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Valeh Salehov İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Millət vəkili Eldar İbrahimov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Şanlı Qələbənin qazanılmasında rayonumuzdan, olan neçə-neçə oğullarımız cəngavərlikləri ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsinə öz adlarını yazdılar. Bu qələbənin qazanılmasında siz ağsaqqalların da rolu danılmazdır. Hər zaman maddi və mənəvi birliyinizlə gənclərimizin yanında olduğunu bildirən Milli Məclisin deputatı Novruzəli Aslanov rayonun milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayıb.

İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub, rayona rəhbər təyin olunduğu gündən ilk görüşünü rayonun ağsaqqalları ilə keçirib və onların xeyir-duasını alıb. Rayonun rəhbəri İsmayıllı ağsaqqallarının istər Vətən müharibəsində, istərsə də pandemiya dövründə rayonun əhalisinə mənəvi dəstək vermələrini xüsusilə vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov göstərilən etimada görə minnətdarlığını ifadə edib. Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Rayonun Ağsaqqalları adından ölkə rəhbəri İlham Əliyevə müraciət oxunub və yekdilliklə qəbul olunub.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

Şərh Yaz