Şəhid  ailələri ilə bayram görüşləri                           

Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların azyaşlı övladları və kiçik bacı-qardaşı olan ailələr ziyarət olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə İsmayıllı Rayon Şöbəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak edib.

Öncə Qarabağ müharibəsi şəhidlərinin məzarı ziyarət olunub. Şəhid övladlarına hədiyyələri Novruzun personajlarından olan kosa-keçəl və bahar qızı tərəfindən təqdim edilib.

Ziyarətə gələnlər şəhid ailələrinə bayram sovqatları ilə yanaşı, onların qayğıları ilə də maraqlanıblar. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb.

Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, bayram günləri ərəfəsində şəhidlərimizin ziyarəti davam edəcəkdir.

 

Şərh Yaz