Təki Vətən yaşasın!
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev şəhid Fərid Əliyevin ev muzeyini ziyarət edib, onun təhsil aldığı Kürdmaşı kənd tam orta məktəbində olub.
Görüşdə ATHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və RTŞ-nin məsləhətçisi Gülşən Mehdiyeva da iştirak edib.
Qərinələr dəyişsə, əsrlər ötsə də bu amal, bu məram dəyişməz qalıb: lazım gələndə torpaq uğrunda, Vətən yolunda mərd oğullar silaha sarılıb, şərəflə döyüşüb və son kəlmələri də: “Təki Vətən yaşasın!”- olub.
Böyük Qələbəmizi şərəf tarixinə yazanlar arasında gənc Fəridin, nur üzlü şəhidimizin də imzası var.
Hamlet müəllim və Rəna müəllimin ailəsində dünyaya göz açan Fərid təhsilini doğulub boya-başa çatdığı Kürdmaşı kəndindəki məktəbdə alıb.
Bu gün səliqə-sahmanlı bu orta məktəbdə şəhidlərin əziz xatirəsinə ayrılmış guşə diqqəti çəkir. Bu məktəbin neçə-neçə yetirməsi Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərib, qazilik, şəhidlik zirvəsinə ucalıb.
Görüşdə RTŞ-nin müdiri Rövşən Əliyev şəhidin ailəsinə, onun əziz xatirəsini əbədiləşdirmiş məktəb kollektivinə dərin təşəkkürünü bildirib: Vətənimiz Fərid kimi oğulları yetişdikcə, Vətən basılmaz bir qala kimi daim var olacaq! – deyib.
Məktəblilərin şəhidlərin xatirəsinə həsr etdikləri kompozisiya görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. RTŞ-nin rəhbəri bir neçə müəllimi gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində göstərdikləri fədakarlığa görə Fəxri fərmanla təltif edib. ATHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov müəllimlərə hədiyyələr təqdim edib.
Sonda R.Əliyev Fərid Əliyevin ailəsinə bir daha təşəkkür edərək, gələcəkdə də şəhid ailələrinin diqqətdə saxlanılacağını bildirib.
Şəhidin valideynləri, məktəb kollektivi və kənd ağsaqqalları göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Şəhidin ev muzeyində və təhsil aldığı Kürdmaşı kənd tam orta məktəbində xatirə şəkilləri çəkilib.
Ülviyyə Zeynalova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti